525.Az

“Avroviziya” mahnı müsabiqəsi: tamam, yoxsa davam?


 

SOSİAL ŞƏBƏKƏDƏ YAZILANLAR

“Avroviziya” mahnı müsabiqəsi: <b style="color:red"> tamam, yoxsa davam? </b>

Rauf Qərib Alagöz, yazar:

- Mən bir həftədir "güclü mahnı deyil, amma Ukraynanı 1-ci edəcəklər" deyəndə mənə gülürdülər.

Dünyada hər şey plan, ssenari üzrə gedir.

Yəni kino hələ qabaqdadır.

***

Nigar Sabirqızı, jurnalist:

- Ən doğru qərarı bir neçə il öncə Türkiyə verib. Siyasi maraqların qalib gəldiyi yarışmaya maraq çoxdan itib.

***

Fərid Pərdəşünas, texnobloger:

- Xəbər oxudum ki, “Eurovision” bizim münsif səslərini şübhəli sayıb deyə, səsverməni manipulyasiya etdiyimiz üçün biz də daxil 6 ölkənin juri səsini kompüter alqoritmi ilə əvəzləyib (alqoritmik). Bizim juri heyəti də 12 xalı Ukraynaya verib. Noldu, a kişi? Bütün Avropa 12 xal verəndə dəstək olur, biz verəndə manipulyasiya? Bu lap McDonalds söhbətidir. Qarabağ haqqında paylaşımı silib, sonra "sən öl, biz siyasətə qarışmırıq" deyərək, 19 gündə Rusiyada bütün mərkəzlərini bağladı. Məncə, Azərbaycan Türkiyə kimi bu hörmətsiz yarışa nümayəndə göndərməməlidir. Dostum Nərminə isə uğurlar. Qızın gözəlliyini qısqandılar.

***

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

 - Avroviziya-da Azərbaycanla bağlı baş verənlər məqsədyönlüdür, yoxsa texniki xəta olub?

Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

Ötən gün başa çatan "Avroviziya 2022" yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs veridiyi görsənir.

Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir.

Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb. O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib.

Qarşı tərəf, "Avrovizion 2022" təşkilatçıları, Avropa Yayım Birliyi isə bununla bağlı rəsmi açıqlama veriblər. Onlar Azərbaycan da daxil olmaqla 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər.

Kimdir günahkar?

Düşünürəm ki, burada üç mümkün variant ola bilər:

1. “Avroviziya” kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və Avropa Yayım Birliyi məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdan kənarlaşdırıb

2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə, bu tip hallarda nəticələr nəzərə alınmır.

3. Güman etmək olar ki, münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.

Yəni necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər.

Nə etməli?

Avropa Yayım Birliyi  artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir. Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi, münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı. Əgər yuxarıdakılardan birinci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər.

***

Fərhad Cabbarov, tarix üzrə fəlsəfə doktoru:

- 1919-cu ildə ağdamlılar Baş nazir Nəsib bəy Yusifbəyliyə teleqram vuraraq yazırlar ki, "Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı, Naxçıvanı müdafiə etməyə həmişə hazırdırlar. Bir daha mübahisəsiz vətənimiz uğrunda ölməyə hazır olduğumuzu bildiririk". Sonda da yazırlar ki, ermənilər Qarabağın və Naxçıvanın onların olacağına ümid eləməsinlər, Qarabağı ancaq iki yolla - ya silah gücünə qalib gəlməklə, ya da müsəlmanları tamam qırmaqla ala bilərlər.

***

Elçin Alıoğlu, jurnalist:

- Türkmənistanın yeni prezidenti Sərdar Berdıməhəmmədov ölkədə qadınların yaşamı ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib.

"Yeniliklər" belədir:

1) Dar geyim yasaqlanıb. Qadınlara yalnız milli geyimlərdən "istifadə etmək məsləhət görülüb".

2) Süni kipriklər və dırnaqlar yasaqlanıb. Qadağanı pozan türkmənistanlı xanımları 15 sutkalıq inzibati həbs və ya böyük məbləğdə cərimə gözləyir.

3) Saç boyamaq yasaqdır.

4) Qadınlar Türkmənistanda avtomobildə yalnız ailə üzvünün və ya qohumunun müşayiəti ilə hərəkət edə bilər. O da yalnız axşam saat 20:00-dək, avtomobilin ön sərnişin oturacağında oturmamaq şərti ilə.

5) Botoks zəhər sayılıb. Botoskdan istifadə və Türkmənistana gətirilməsi qadağandır.

***

Nəzakət Məmmədova, jurnalist:

- Türkmənistanın yeni prezidentinin qadınlara üz və bədənlərinə botoks vurdurmağı qadağan etməsi mənim fikrimcə, doğru qərardır. Bu, gələcək anaları, qadınları xəstəliklərdən qoruyacaq önləyici tədbirdir. Çünki botoks batulin adlı toksik maddələrin üzə vurulmasını nəzərdə tutur, beləliklə də, üz əzələlərin iflic olmasına səbəb olur. Bu isə dərman mənşəli xərçəngə və s. aparıb çıxara bilər. Hazırda Bakıda salonlarda doludur belə kimyəvi prosedurlar ki, bununla da insanlar faktiki zəhərlənir. Millətin genofondu məhv olur. Bahalısı olsa, yenə dərd yarı olardı. Əksəriyyəti ucuz, mənşəyi bilinməyən maddələrdir. Səhiyyə Nazirliyi buna nəzarət etməlidir, məncə. Dəb düşüb, millət də bunu edib instaqramda fors göstərir. Halbuki gələcəkdə ağır nəticələri istisna olunmur.

***

İbrahim Nəbioğlu, jurnalist:

- Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Xarkov vilayətində sərhədə sıxışdırıb və bununla da Rusiya Silahlı Qüvvələrinin İzyumda əsas təchizat xətlərindən birini kəsib. Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi yaxınlaşır, - britaniyalı ekspert Mayk Martin.

Onun sözlərinə görə, son bir həftə ərzində cəbhədə kulminasiya dövrü başlayıb: Rusiya Silahlı Qüvvələri hücumdan müdafiəyə, əksinə - Ukrayna Silahlı Qüvvələri müdafiədən hücuma keçib.

***

Akif Aşırlı, jurnalist:

- 20 minə yaxın azərbaycanlı gənc Türkiyədə təhsil alır, elmin müxtəlif sahələrində araşdırmalar aparır. Bu gənclərin bir hissəsi Türkiyə dövlətinin maddi vəsaiti, qayğısı hesabına təhsil alır, bu gənclərin Türkiyə - Azərbaycan münasibətlərinin inkişafına, Türk Dünyasının möhkəm təməllər üzərində inşasına töhfələr verəcəyi şübhəsizdir. Bu fəaliyyətdə YTB başqanı, dəyərli Abdullah Eren və komandasının ortaya qoyduğu iş, bu dəyərli işin, fəaliyyətin daha geniş alanda davamına əmin oldum.

***

Kamran Əsədov, təhsil eksperti:

- Əziz məktəb direktorları, zəhmət olmasa, bunu oxuyun, sabah ətraflı, xüsusilə də bu hallara yol verən məktəb direktorları barəsində ayrı-ayrılıqda adlarını qeyd edərək yazacam.

Deməli, IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı "qərar" verdiyiniz barədə çoxsaylı şikayətlər daxil olur. Deyirsiniz ki, Təhsil Nazirliyi tapşırıq verib nəticəsi zəif olanlar peşə təhsilinə yönəldilsin. Yaxşı edirsiniz, amma düz etmirsiniz. Siz elə bilirsiniz ki, icbari təhsil 9 illikdir, yəni şagirdlərin 9-cu sinifə qədər gəlməsi məcburi, ondan sonra sizin xoşunuza görədir?

Xeyr əziz direktorlar, bu, belə deyil. 9-cu sinifə qədər təhsil icbari (məcburi), ondan sonra isə könüllü, yəni şagirdlərin nəticələrindən asılı olmayaraq, öz istəkləri ilə tam orta təhsil (10, 11) oxuya bilərlər. Şagirdlərin nəticələrinin zəif olmasına görə isə, əlbəttə ki, günahkar sizsiniz. 9 il o şagirdlərə görə əmək haqqı almısınız. Şagirdlərin təhsil alma hüququnu məhdudlaşdırmağa heç kim sizə ixtiyar verməyib.

***

Murad Sadəddinov, hüquq müdafiəçisi:

- 28 May Respublika Günümüzdə türk və azərbaycanlı Hərbi Hava Qüvvələri pilotları birlikdə bütün dünyaya, Bakı səmasında "Ustad Dərsi" keçəcəklər.

***

Əli Həziquliyev, jurnalist:

- Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsinə veto qoyacaqsa, bu, nüvə müharibəsinin qarşısını alacaq. Fikrimcə, bu addım həm də Baydeni xilas edəcək.

 





17.05.2022    çap et  çap et