Azərbaycanla Özbəkistanı təkcə ortaq milli köklər deyil, həm də sıx mədəni-ədəbi əlaqələr bağlayır. Tanınmış özbək şairləri zaman-zaman Azərbaycana, xalqımızın məşhur ədəbi simalarına, ölkələrimizi bağlayan mənəvi və tarixi-coğrafi məqamlara aid şeirlər yazıblar. Həmin şeirlərdən bir neçəsini tanınmış tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin və Özbəkistan Yazıçılar İttifaqının üzvü Yaşar Qasımbəylinin tərcüməsində təqdim edirik.
***
Camal KAMAL
Özbəkistanın Xalq şairi
AZƏRBAYCAN
(ixtisarla)
Ürəyimdə mehrin duyub,
Astanana qədəm qoyub,
Camalına baxdım doyub,
Qarşıladın qucaq açıb,
Canım sənə olsun qurban,
Azərbaycan, Azərbaycan!
Turan elim, Şirvan elim,
Bağrı alov Aran elim,
Nizamiyə dastan elim,
Nəsimiyə yanan elim,
Qədim qala, böyük kurqan,
Azərbaycan, Azərbaycan!
Gözəllərdən gözəlimsən,
Füzulidə qəzəlimsən,
Lənkəranda əsəlimsən,
Sumqayıtda məşəlimsən,
Daim bahar, yaşıl bostan,
Azərbaycan, Azərbaycan!
Səkkiz guşə ulduzun var,
Gecələrin, gündüzün var,
Cənubda da nüfuzun var,
Ərdəbilin, Təbrizin var,
Bayrağında yaşar asman,
Azərbaycan, Azərbaycan!
Dostların var, düşmənin həm,
Çəkdin cəfa, cəbrü-ələm,
Önə keçdin qədəm-qədəm,
Bugün yenə sən möhtəşəm,
Nurlu yolda ulu karvan,
Azərbaycan, Azərbaycan!
Qarabağın azad olar,
Viran isə, abad olar,
Ellərin də şən, şad olar,
Bəd niyyətlər bərbad olar,
Dövran gələr ey cana can,
Azərbaycan, Azərbaycan!
2017
***
Qafur QULAM
Özbəkistanın Xalq şairi
Səməd Vurğuna məktub
(ixtisarla)
Şərəfli bu ölkənin lacivərd göylərini
Parlaq, nurlu ulduzlar bəzəmişdir əsrlər.
Nəzər salsan çox qədim tarixlər karvanına,
Öz xalqına irfandan vermiş dürlü xəbərlər.
Qədim atəşkədələr müqəddəs ocağında,
Sərkərdəmiz Babəkin sönməyən nəfəsi var.
Yamaclarda, dağlarda, vadilər qucağında
Məğlubiyyət bilməyən xalqın qalib səsi var.
Məhsəti qəzəlləri bu diyarın köksü tək,
Ürəklərdən yer aldı - bir müqəddəs can kimi.
Nizami dastanları xalqın öz duyğusu tək,
Həmişə yaşarıdır - əbədi zaman kimi.
Qandaşım, qarındaşım, qardaşım Səməd Vurğun,
Könül təsəllisiyçün tarixdən dediyim bəs.
Sən öz xalqın şairi, xalqlar əbədi durğun
Damarında qanındır, ürəyindəki nəfəs.
Sənin şeirlərinin şöhrəti dünyayla bir,
Bugünün sənədidir, gələcək xəzinəsi.
Üfüqləri titrədən bir ildırım səsidir,
Bir azər aslanının əzəmətli nərəsi.
Sən ağsaçlı Qafqazda, mən Mavərəunnəhrdə,
Nurşirəvan qəsri tək hər ikimiz yüksəldik.
Bizim şöhrət-şanımız neçə kənddə, şəhərdə,
Dan çağı tək qızardı, düşmən köksünü dəldik.
Xalqımız, Vətənimiz, Dövlətimiz, Möhrümüz,
Hamısı min-min illər olacaqdır bərqərar.
Yenilməz inamımız, qüdrətimiz, mehrimiz,
Bizim güvənc yerimiz - uluların ruhu var.
Ən yaxın dostlarımı bir-bir yada salarkən,
Səməd Vurğun adını söylərəm qürur ilə.
Çünki biz bir yaşadıq, qoşa yazıb-yaratdıq,
Qəlbimizdə məmnunluq, bir dünya sürur ilə.
***
Siracəddin SƏYYİD,
Özbəkistanın Xalq şairi
Böyük İpək yolu
(ixtisarla)
Gələr, gedər karvanlar,
Gedər, gələr karvanlar.
Qədim ipək yolu bu -
Həm sevinc, həm ərmanlar .
İyirmi bir əsrdir,
Həm dözüm, həm səbrdir.
Xalqlar quran qəsrdir -
Gah abad, gah viranlar.
Buncalar gen, bu açün,
Bir yanı Çinü-Maçin.
İnsan açsa qucağın
Bil sığar asimanlar.
Yerdən göylərə yetmiş,
Ölməz ərlərə yetmiş,
Uluğbəylərdən getmiş
Ulduzlara ünvanlar.
Günçıxandan çıxar gün,
Bu yanda yatar hər gün,
Yaponca söylər bu gün
Termizdəki kurqanlar.
Böyük, şanlı yoldur bu,
Min millət, bir dildir bu.
Əcdadlardan uzanan
Yenilməz bir əldir bu.
Dünya, eylə bir nəzər,
Mənzillərin olsun zər.
Düz əbədiyyətə qədər
Dayanmaz bu karvanlar.
***
Erkin VAHİDOV
Özbəkistanın Xalq şairi
Füzulinin heykəli önündə
Yellər, nəfəs dərin bir an əsməkdən,
Nəğməli bülbüllər, siz də edin yad.
Kərbəla çölündə tənha gəzməkdən
Yorulub, dincəlir Füzuli ustad.
Dəniz dalğalanma, gəl, uğuldama,
Şair ilhamına vermə, sən xələl.
Ustad ürəyində şeir doğulmaqda,
Dünyaya gəlməkdə munis bir qəzəl:
"Səba, əğyardan pünhan qəmim dildara izhar et,
Xəbərsiz yarımı hali-xərabımdan xəbərdar et..."
Yarpaqlar rəqs edər şeir ahəngində,
Çiçəklər sakitcə əyib durar baş.
Mərmər çərhovuzun gümüş camına
Şair gözlərindən damcılayar yaş.
Bakı bağlarına çökməkdə axşam,
Günəş şüaları dənizdə süzər.
Şair ürəyindən daşanda ilham,
Göz yaşında axar qəmli bir qəzəl...
Aşiqlər yuxular səhərə yaxın,
Füzuli divanın qoynuna qoyub.
Məcnun sevgisinin sehrinə baxın,
Bülbüllər dinləyər budağa qonub.
Xalqım candan sevər sözü, sənəti,
Xalqım nəğmələrə məftundur əzəl.
Bugünü, sabahı, əbədiyyəti
Düşünən qəlblərdə yaşayar qəzəl.
Qəzəl də olarmı bunca dilruba,
Bu qədər işvəli, bu qədər nazlı.
Mənim şairliyim yalandı, amma
Füzuli şeirinə aşiqəm azı.
Məcnun tək olmuşam dəli-divanə,
Dəlisov dalğalar düzünü desin,
Gecələr şeir oxuram mən yana-yana,
Dan yeri, sübh çağı - şahidlik etsin.
"Şifayi vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali şövq-zövqün təşnəyi-diydar olandan sor.
Gözlü yaşlıların halın nə bilsin mərdümü qafil,
Kəvakib seyrini şəbta səhər bidar olandan sor".
Yellər, nəfəs dərin bir an əsməkdən,
Nəğməli bülbüllər, siz də edin yad.
Kərbəla çölündə tənha gəzməkdən
Yorulub, dincəlir Füzuli ustad.
Dəniz dalğalanma, gəl, uğuldama,
Şair ilhamına vermə, sən xələl.
Ustad ürəyində şeir doğulmaqda,
Dünyaya gəlməkdə yeni bir qəzəl.
***
Abdulla ARİPOV
Özbəkistanın Xalq şairi
AZƏRBAYCAN
Xəyal atı ilə gəzsən hər yanı,
Tapammazsan bu cür xoşbəxt bir anı.
Nəqş edib qəlblərə tarix əzəldən
Qədim qandaşlığı - ali ehsanı.
Göylərə qaldırıb əzizləməkdə,
Bu gün Azər eli Özbəkistanı.
Söyləsin min illik ağsaçlı tarix
Bu dostluq bilibmi şübhə, gümanı?
Özbəyəm, qədimdən sevib gəlmişəm,
Bu incə azəri dili, zəbanı.
Dostluq bu - sevgi tək şirin sevincdir,
Həmişə yüksəldər hər bir insanı.
Əslən Muğannaya bənzətmək olar,
Babəkin qəlbindən daşan tüğyanı.
Nizami balından halva bişirmiş
Nəvai zəbt edib bütün cahanı.
Bircə an əlindən qoymuşmu özbək,
Özün de, Füzuli yazan divanı?!
Əzizim, qəlbimdə yaşatmaqdayam,
Nəsimidən miras sabit imanı.
Vurğunun şeiriçün can versə özbək,
Azər əsirgərmi Qafurdan canı.
Səninlə tarixin sınaqlarında
Birgə tanımışıq yaxşı-yamanı.
Tarix bir misilsiz, ali sərvətdir,
Mədh edim bu günü, eynən bu anı.
Qandaşlıq bayrağın göyə qaldırıb,
Gözə sürtməkdəyik bu gül məkanı.
Xəzər bir piyalə, yəni cami-Cam,
İçək şərəfinə dövrün-dövranın.
Mən sən tək bir yurdu tapmağım güman,
Sən də tapammazsan mən tək mehmanı.
Mövcud olmasaydı dünyada əgər,
Xəyalən tapardım Azərbaycanı.
1980
çap et