525.Az

Mingəçevirdə elmi konfrans keçirilib


 

Mingəçevirdə elmi konfrans keçirilib<b style="color:red"></b>

 
Mayın 17-də AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda elmi konfrans keçirilib. Konfransda AMEA İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

525.az xəbər verir ki, konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş sözü ilə çıxış ediblər.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov aktual mövzuya həsr edilmiş elmi tədbirin təşkilində əməyi olan hər kəsə, o cümlədən göstərdikləri dəstəyə görə AMEA İqtisadiyyat İnstitutunun və Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib. Müasir dövrün prioritetləri kontekstində ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışan rektor Azərbaycanın dayanıqlı və innovativ inkişafı, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və digər aktual mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi birgə elmi konfransın bu istiqamətdə görülən işlərə töhfə məqsədi daşıdığını vurğulayıb. 

MDU-nun kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən AMEA İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli konfransa dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Paytaxdan kənarda, regionlarda elmi mühitin formalaşmasının mühüm əhəmiyyətindən danışan baş direktor bu baxımdan birgə konfransın keçirilməsi ilə bağlı MDU-nun təşəbbüsünü yüksək qiymətləndirib və elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim açıq olduqlarını qeyd edib.

Dayanıqlı və davamlı inkişafın təmin olunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdıran N.Müzəffərli konfransın mövzusunun aktuallığından söhbət açıb. Hazırda ölkə başçısının davamlı inkişaf sahəsində müəyyən etdiyi prioritetlərlə bağlı tədqiqatların aparılmasının elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi fəaliyyətin başlıca istiqamətlərini təşkil etdiiyini, MDU-da belə mövzulara xüsusi önəm verilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Doğma Qarabağın dirçəlişindən və uzunmüddətli perspektivdə onun iqtisadiyyatının müqayisəli üstünlüklərindən bəhs edən N.Müzəffərli bununla bağlı elmi cəhətdən əsaslandırılmış strateji baxışların ortaya çıxarılması məqsədilə rəhbərlik etdiyi İnstitutda aparılan elmi tədqiqatlar barədə məlumat verib. Bu istiqamətdə elmi potensialın inkşaf etdirilməsində müxtəlif formatda keçirilən elmi tədbirlərin davamlı olmasını arzulayıb.

Sonra konfransda elmi məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Post-konflikt ərazilərin bərpası və yenidən qurulmasının maliyyələşməsində dövlət-özəl əməkdaşılığı”, Xidmət sektorunun iqtisadiyyatı şöbəsinin müdiri, professor Müşviq Atakişiyev “Dördüncü sənaye inqilabı kontekstində Azərbaycan sənayesinin inkişaf prioritetləri” və İnstitutun icraçı direktor vəzifəsini icra edən, i.f.d., dosent Allahyar Muradov “Azərbaycanın innovativ iqtisadi inkişafının mühit çərçivəsi: real vəziyyət və perspektivlər” mövzusunda çıxış ediblər. 

MDU əməkdaşlarından isə Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova “Dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli “Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığında regional universitetlərin rolu”, İqtisadiyyat kafedrasının baş müəllimi Arif Tağıyev “İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində dövlətin regional siyasətinin yeni prioritetləri” və İqtisadiyyat kafedrasının müəllimi Vüqar Məmmədli “Milli Prioritetlərin reallaşdırılmasının maliyyə təminatının əsas mənbələri” mövzusunda məruzələrini diqqətə çatdırıblar.

Böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Konfrans çərçivəsində AMEA-nın İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum elmi əməkdaşlığın gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər üzrə birgə fəaliyyətlərin reallaşdırılmasını özündə ehtiva edir.

Konfransdan sonra iştirakçılar “Azərbaycan” İstilik Elektrik Stansiyası, Mingəçevir Su Elektrik Stansiyası və Mingəçevir Sənaye Parkını ziyarət ediblər, burada təşkil olunan istehsal prosesi ilə yaxından tanış olublar.

Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun baş meneceri Şakir Alıyev, şöbə müdiri, i.f.d., dosent Mahir Zeynalov, aparıcı elmi işçi, i.f.d. Famil Rüstəmov da iştirak ediblər (economics.com.az). 


 

 





18.05.2022    çap et  çap et