525.Az

Ədəbiyyat muzeyində “Açıq qapı” günü keçirildi


 

Ədəbiyyat muzeyində “Açıq qapı” günü keçirildi<b style="color:red"></b>

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmış, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirmişdir.

Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən 525.az-a verilən məlumata görə, bu gün  Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin Xaqani Şirvani adına Aran regional filialında ənənəvi olaraq “Açıq qapı” günü təşkil edilib.

“Açıq qapı” günündə rayon sakinləri, şəhərin qonaqları, rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəsisələrindən çox sayda ziyarətçilər muzeyin qonağı oldular və zəngin ekspozisiya ilə ödənişsiz tanış olmaq imkanı əldə etdilər. Eyni zamanda qonaqlar regionda yaşayan yazarların kitablarından ibarət sərgi ilə tanış oldular.

Muzeyi ziyarət edən qonaqlar arasında həmçinin Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab Elxan İbrahimov da vardı. İcra başçısı Beynəlxalq Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını və bütün ziyarətçiləri təbrik etdi və ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldığını bildirdi.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə ətraflı məlumat verildi, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış oldular.

Ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.

Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət hazırladıqları kompazisiyalar ziyarətçilərin marağına səbəb oldu.

 





18.05.2022    çap et  çap et