525.Az

"Əgər öz yerində deyilsənsə, demək, heç kimsən" - Gülüstan Əliyeva


 

TANINMIŞ OPERA MÜĞƏNNİSİ, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR ARTİSTİ GÜLÜSTAN ƏLİYEVA İLƏ SÖHBƏT

"Əgər öz yerində deyilsənsə, demək, heç kimsən" -<b style="color:red"> Gülüstan Əliyeva </b>

- Gülüstan xanım, siz həm şəhid bacısı, həm də şəhid xanımısınız. Bildiyimə görə, şəhid və qazi ailələrilə mütəmadi görüşüb, onların dərdinə şərik olursunuz. 44 günlük Vətən müharibəsi və şanlı zəfərimiz. Gəlin, söhbətə də elə bu mövzudan başlayaq.

- 44 günlük Vətən müharibəsi, şanlı zəfərimiz haqqında nə qədər danışsaq da, yenə azdır. Otuz illik həsrət xalqımızı qələbəyə səfərbər elədi. Nə yalan deyim, bəzən fikirləşirdim ki, görəsən, işğaldan sonra doğulan, o torpaqları görməyən gənclər bir gün gedib o torpaqlara çıxa biləcəklərmi, torpaqlarımızın xilası üçün çalışarlarmı? Hərdən daxilimdə ruh düşkünlüyü yaranırdı. Amma heç demə, belə deyilmiş. Ömründə Qarabağı, Şuşanı görməyən gənclərimiz vətən üçün səfərbər oldular, canlarından keçdilər, Azərbaycana zəfər yaşatdılar. Bu səadəti bizlərə bəxş edən şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə minnətdarlığımız sonsuzdur, biz onlara ömür boyu borcluyuq. Hələ Birinci Qarabağ savaşında igidlərimiz şəhid olanda biz qürurlu idik, sınmamağa çalışırdıq. Amma bütün bunların qarşılığında torpağımızı itirdiyimiz üçün qəlbən sınıq idik. Mən özüm sənət adamı kimi dünyanın bir çox yerlərində qastrol səfərlərində, tədbirlərdə iştirak edəndə utanırdım, sıxılırdım. Haqq sözü demək üçün bir məkan, bir məqam, səni eşidə bilən insanlar və dünya olmalıdır ki, onu deyə biləsən. Ölkəmiz bu otuz il məhz bunun üçün çalışdı. Ümummilli lider Heydər Əliyev də, dövlətimizin başçısı İlham Əliyev də hər zaman inamla deyirdilər ki, Qarabağ mütləq işğaldan azad olunacaq. O vaxtlar bu sözlər xəyal kimi görsənirdi. Amma gördüyümüz kimi, Ali Baş Komandan bütün bu arzuları bir-bir həyata keçirdi. Azərbaycan əsrlərdən bəri bir qarış torpağımızı geri qaytara bilməmişdi. Amma Prezidentimiz beyin savaşıyla, təmkin və səbrlə bu qələbəni qazandı, bu xoşbəxt günləri bizlərə yaşatdı. Bax qələbə, böyük zəfər  mənim üçün bu deməkdir.

- Siz həm məşhur sənətkar, həm ailəcanlı ana, həm də nənəsiniz. Üçünü də bir ömrə sığdırmaq çətin deyil ki?

- İnsan nələrə qadir deyil ki, nələri sığdırmır ki, ömrünə? Ayrılıqları, həsrətləri, ölümləri, sevgiləri, vüsalları. Əgər bu dünyaya gəlmisənsə, sənə verilən ömrü dolu-dolu yaşamalısan. Bütün ömrümüz məqamlardan ibarətdir. Yaşlanmısansa, demək, o xoşbəxtliyə çatmısan. Yaşa dolmaq özü bir səadətdir. O qədər insanlar gənc yaşlarında dünyadan vaxtsız gedirlər ki. Onlar bu həyatın gözəlliyini, həyatın dadını görmədən həyatla vidalaşırlar. Amma yaşlanmaq, yaşlana bilmək, üstəlik də, dəyərli yaşlanmaq, nənə olmaq, sevilən qadın, sevilən sənətkar olmaq - bunlar hamısı insanın özünün bacardığı bir şeylərdir. Təki ölüm-itim olmasın. Bircə ölümə çarə yoxdur. Əlbəttə ki, bütün bunları və daha artığını ömrümə sığdırmağı bacarmışamsa, nə xoş mənə.

- Hansı janrda əsərlər ruhunuza daha doğmadır? İfaçı olmaq sizin üçün nədir?

- Yaradıcılıqla məşğul olan insanlar bir ömür öyrənirlər, dinləyirlər və yaradıcılıqlarında bunları əxz edirlər. Mənim üçün pis janr, pis mahnı, hansısa sevmədiyim mövzu yoxdur. İnsanın ruhu nəyi dinləmək istəyirsə, ona müraciət edir. O zaman da sənətkar nəyi hiss edirsə, onu oxuyur, onu yaşayır. İnsan yaşadığı mühitin məhsuludur. Hər bir müğənni, xanəndə, vokalçı, kim olur-olsun, öz həyatını, qəlbinin səsini, sevgisini oxuyur, hisslərini tamaşaçı ilə bölüşür. Bunun qarşılığında da sevilir, alqış, sevgi qazanır. Kim olursan ol, yaşadığın dövrün müasirisən, o insanların düşüncə tərzi də, fikirləri də səninlə eyni olur, səsləşir. Bir fərq odur ki, sən onu öz səsinlə, musiqiylə çatdıra bilirsən. Sən onlara qəlbində oxuduqlarını dinlədirsən. Əlbəttə, bu, çox gözəldir. Hər insan dünyaya gələndə bir missiyası olur. Yəqin ki, mənim də missiyam budur. İnsanlara sevgi, gözəl, xoşbəxt hisslər bəxş edə bilirəmsə, buna görə özümü xoşbəxt sayıram.

- Xanəndə olmaq öz arzunuz idi, yoxsa valideyn istəyi?

- Mən uşaqlıqdan oxuyurdum. Valideyn övladının hansı istiqamətə yönləndirmək lazım olduğunu övladının uşaqlığından hiss etməyə başlayır, böyüdükcə ona dəstək olmağa çalışır. Atam uşaq yaşlarımdan məni də, mənlə bərabər bacılarımı da musiqiyə yönləndirdi. Atamız istəyirdi ki, biz savadlı, intellektli olaq, dil bilək, dünyagörüşümüz geniş olsun, cəmiyyət üçün yararlı insanlar olaq. Biz rayonda yaşayırdıq. Atamın və anamın çox gözəl səsi var idi. Atam məni musiqi məktəbinə, pioner evinə, konsertlərə aparırdı. Beləcə, mən oxuya-oxuya böyüyürdüm. Bir gün rayonumuzda gənc istedadlar müsabiqəsinin keçiriləcəyi xəbəri gəldi. Məni də müsabiqəyə dəvət etdilər. Dəyərli sənətkarlarımız münsif idilər. Məni dinlədilər və Bakıda Bülbül adına Musiqi Məktəbinə qəbul olundum. Peşə məni seçdi, mən peşəni seçmədim. Kim olacağımı, gələcəyimin hara gedib çıxacağını, nə vaxtsa məşhur olacağımı bilmədən addım-addım bu sənətdə addımlamağa başladım.

- Bu sənətdə hansı ustadlardan dəstək görmüsünüz?

- Başda maestro Niyazi olmaqla dəyərli sənətkarlarımızdan - müəllimim, profesor Arif Babayevdən, Canəli Əkbərovdan, Əlibaba Məmmədovdan, unudulmaz sənətkarlarımız Şövkət Ələkbərovadan, Sara Qədimovadan, Tükəzban İsmayılovadan, İslam Rzayevdən dəstək görmüşəm. Nə qədər ki ömrüm var, onları hörmətlə anacağam. Onlar bu sənət yolunda mənə etimad göstərdilər. Mən bu gün Gülüstan Əliyeva olmağıma görə onlara borcluyam.

- Qənaətcil insansınız, yoxsa tələbxərc? Ən çox nələrə pul xərcləyirsiniz?

- Qənaətcil sayılmaram. Lazım olmayan yerlərdə çox pul xərcləyirəm, lazım olmayan yerlərdə çox qənaətcil oluram (gülür). Belə bir xarakterim var, bir şey, əgər xoşuma gəlirsə, onu alıram, baxmıram ki, neçəyədir. Ola bilər ki, həmin an xoşuma gəlir, bir həftə sonra xoşuma gəlməyəcək, amma yenə də mən onu alıram. İnsanın ömrü, yenə deyirəm, anlardan, məqamlardan ibarətdir. Əgər o anda, o məqamda hansısa bir şey mənim könlümü, ruhumu oxşayırsa, onu niyə etməyim?

- İstərdim dostluqdan danışasınız. Dost dediklərinizdən zərbə aldığınız çox olub, yoxsa daha çox sadiqlik görmüsünüz? Dostluq nədir Gülüstan Əliyeva üçün?

- Dostluq mənim üçün o qədər müqəddəs məfhumdur ki, dost üçün mən canımı qurban verərəm. Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbəttə, illərlə zərbələr almışam, illərlə yanılmışam. Hətta 30-40 illik dostlarımı həyatımdan çıxarmışam. Əslində, insanlar mən düşündüyüm kimi deyilmişlər. Sən demə, mən onlar üçün istifadə mənbəyi imişəm. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə edərək yaşayıblar. İndi çox deyil, cəmi bir-iki dostum qalıb, onlar da sənət həmkarlarım deyil. Bilirsiniz, insan yaşa dolduqca düşünür ki, əvvəl özünlə dost olmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, təkbaşına kofe içməyi, təkbaşına ölkədən ölkəyə getməyi, özünü sevməyi bacarmalıdır insan. O zaman insana, düşünürəm ki, heç kimsə lazım deyil. "Dostsuz insan qanadsız quşdur", "təklik zülmdür" kimi sözlərin hamısı cəfəngiyyat imiş.

- Sərt karantin dönəmində özünüzlə baş-başa qalmağa zamanınız oldu. Yarım qalan işlərinizdən hansını tamamlaya bildiniz? Bu fürsəti necə dəyərləndirdiniz? Həmin dönəmdə səhnə üçün çoxmu darıxdınız?

- Nə qədər iş görsən də, yenə də yarımçıqdır. Biz olmadan da bu dünya var idi, biz olmayanda da var olacaq. Olduğumuz həyatda həmişə çalışır, vuruşuruq ki, nələrsə edək. Ən önəmlisi, mənim düşünməyə, insanlara münasibətimi, fikirlərimi tamamlamağa, bitən hər şeyi yaşamağa zamanım oldu. Bəzi insanlarla artıq yollarım ayrılmalı idi. Bunları etdim, edə bildim və bunun üçün çox şadam. Biz hamımız bu formada yaşayan insanlarıq: hər gün səhər yerimizdən qalxıb bir stəkan çay içib qaçırıq iş dalınca. Həyatımız bu cür davam edir, ömrümüz qaçaqaçla keçir. Yəni biz buna məcburuq. Həyatımızın bəlkə də, gözəlliyi elə budur. Mən bütün bunları düşünməyə, hər şeyi yerinə qoymağa zaman tapdım, bu şansı əldə etdim. Övladımla, nəvələrimlə vaxt keçirməyə zamanım oldu. Bu, mənim ən böyük qənimətim oldu. Bir tərəfdən isə səhnə üçün burnumun ucu göynəyirdi, gözlərim dolurdu. Doğma teatrın səhnəsi üçün, konservatoriya üçün çox darıxırdım.

- Tələbələrinizdən razısınızmı?

- 17 ildən artıqdır Milli Konservatoriyanın müəllimiyəm. 4 ildən çoxdur ki, dosentəm. İnsan peşə seçəndə öz yerində olmalıdır. Yerində olanları da var, olmayanları da var. Tələbələr də eynən. Ola bilər ki, birinin çox böyük səsi yoxdur, ola bilər ki, o, məşhur müğənni olmayacaq, amma o qədər gözəl insandır ki. Belələrini biz böyük səs tembrləri olmadığı üçün heç vaxt kənara qoymuruq, cəmiyyət üçün dəyərli insanlar yetişdirməyə çalışırıq. O gənclərin elə müsbət xüsusiyyətləri gözümüz önünə gəlir ki, düşünürsən, vacib deyil ki, o, mütləq məşhur müğənni olsun, qoy gözəl bir müəllim olsun, gözəl ailə başçısı, gözəl ana, ata, gözəl bir mədəniyyət işçisi olsun. Belələri cəmiyyətin qazancıdır, cəmiyyətə lazım olan insanlardır. Məncə, tələbələrə bu cür yanaşmaq lazımdır, onlarla dost olmaq lazımdır. Mən belə düşünürəm. Əgər tələbə müəllimi sevirsə, o, dərsdə özünü təsdiqləmək üçün edə bilməyəcəyi şeyləri də edəcək. Mənim belə tələbələrim az deyil. Mən onları çox sevirəm. Olduqları kimi qəbul edirəm və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə, mən onlara söhbətlər edirəm, tam başqa mövzulara ayrıca danışıram. Bütün bunlar gənclərin formalaşmasına müsbət təsir göstərir. Mən həmişə bunları etməyə çalışıram.

- Bilirik ki, çalışmağa düşkün insansınız. Bəs istirahətə necə, meyliniz varmı?

- Bəli, çalışmağa düşkün insanam. Bir də gözümüzü açırıq ki, artıq tətildir, teatr da, konservatoriya da bağlanır. Biz tətildə də çalışırıq, işləyirik. Yeni mahnılar, layihələr edirik. İnsan sənətilə məşğul olduğu zaman dəyərlidir. Kim olursan ol, əgər öz yerində deyilsənsə, demək, heç kimsən.

- İnsanlarda hansı insani keyfiyyətə üstünlük verirsiniz?

- Səmimiyyət mənim üçün ən birinci şərtdir. Bir də ədalət, səxavət və vicdan. Bunlar hamısı bir-birini tamamlayır. Ədalətli insan vicdanlı olacaq, vicdanlı insan isə səxavətli. Əgər sənin səxavətin varsa, deməli, sən vicdanlısan və ədalətlisən. Qarşındakı insana sevgini də, ona ehtiyacı olan pulu da, söhbəti də səxavətlə verirsən. Bütün bunlar hamısı bir-birinə bağlıdır. Düzlük, dürüstlük çox vacibdir. Yalana nifrət edirəm. Bütün bu cəhətlər bir insanda varsa, o insanda nə yalan, nə xəyanət olar.

- Gülüstan xanım, sevgi sizin üçün nəyi ifadə edir? Sevgisiz yaşamağın fəsadları nədir?

- Sevgi mənim üçün hər şeydir, geniş məfhumdur. Onu hər şeydə və hər yerdə görürəm. Bir qadının bir kişiyə olan sevgisindən də daha çox mənanı bildirir sevgi. Həyata sevgiylə sarılmaq səni insan edir və ona sevgiylə baxmaq zövqünü formalaşdırır. Hər şeyin kökündə sevgi dayanır. Ola bilər ki, həyatın hansısa bir zaman kəsiyində sənin həyatında sevdiyin biri olmasın, amma dünyaya normal açıq gözlə baxan kamil bir insansansa, sevgini başqa bir şeylərdən də, başqa bir formada da ala biləcəksən. Sənətindən, doğmalardan, təbiətdən və sair.

Aysel KƏRİM

 





18.05.2022    çap et  çap et