525.Az

Xoş günlərin müjdəsi: "Xarıbülbül" festivalı


 

Xoş günlərin müjdəsi:<b style="color:red"> "Xarıbülbül" festivalı</b>

Ötən həftə Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirildi. Mədəniyyət Nazirliyinin xətti ilə F.Köçərli adına Respublika Uşaq kitabxanasının bir qrup əməkdaşı, o cümlədən, mən də festivalda iştirak etmək üçün dəvətli idim. Düz otuz il idi ki, həsrətlə Şuşanı görmək istəyirdim. İndi arzularıma qovuşacağım saatları sayırdım, ürəyim sanki quş olub uçmaq istəyirdi.

Dolayı yollarla avtobus Şuşaya doğru hərəkət edirdi. Erməni vəhşiliklərini, dağıdılmış yurd yerlərinin qalıqlarını gördükcə nifrətim daha da artırdı. "Şuşa" yazılmış lövhəni görəndə Azərbaycan bayrağını dalğalandıran şəhidlər gözüm önünə gəldi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir", -sözləri yadıma düşdü.

Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilir. Tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpası da davam edir."Şuşa İli" çərçivəsində keçirilən "Xarıbülbül" folklor festivalı bunun əyani təsdiqidir. "Xarıbülbül" folklor festivalında iştirak edən Xalq artisti Polad Bülbüloğlunun bəstələdiyi mahnılar, Azərbaycanı və Qarabağı vəsf edən gözəl ifalar ruhumuzu oxşadı. Qeyd etmək istərdim ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilib, Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil edilib. Festivalın hər dəfə may ayında təşkili təsadüfi deyil. Çünki may ayında Şuşada xarıbülbülün çiçəklənmə dövrüdür. Həmin il festival Ağdam rayonunun Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırdığı vaxtda festivalın Şuşa şəhərində keçirilməsi həm də bu ərazilərin əsl sahiblərinin azərbaycanlılar olmasına dair verilən bir mesaj idi.

Beynəlxalq statusu olan, müxtəlif ölkələrdən musiqi qruplarına ev sahibliyi edən "Xarıbülbül" festivalı böyük əhəmiyyətə malikdir. Qarabağın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, incəsənətin, musiqinin aid olduğu yerə qaytarılması kimi qiymətləndirilən festival mayın 14-dək davam etdi.

V "Xarıbülbül" Festivalında iştirak edən azərbaycanlı bəstəkar Etibar Əsədlinin qrupunun gözəl ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

"Xarıbülbül" festivalı həqiqətən də bizim üçün qayıdış və ləyaqət bayramıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz dəyərlərimizə, tarixi köklərimizə bağlı olduğumuzu bir daha sübut etdik. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də milli sərvətimizdir.

Azərbaycanın musiqi beşiyi, mədəniyyət paytaxtı olan Şuşa "Xarıbülbül"festivalı vasitəsilə müxtəlif mədəniyyətləri birləşdirir. Bu gün Şuşadan, Cıdır düzündən yayılan musiqi sədaları bir daha göstərir ki, ölkələr belə inkişaf etməlidir. Bir daha Azərbaycanın nümunəsində dünya görür ki, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh ən vacib amillərdəndir.

Şuşaya qədəm qoyduğum ilk anlarda torpaq uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ruhları şərəflə mənə baxırdı. Onların üzündə nur, sevinc vardı. Allahım bu nə möcüzə idi? Elə bil, Şuşa haqqında yazdığım nağıllardan gələn igidlər idi. Gözümü yumub yenə açırdım, fikirləşirdim ki, bəlkə məni qara basır. Amma yenə də yox, onlar gəlirdilər gözüm önünə, gülümsəyirdilər, rahatlıq tapdıqlarını bəyan edirdilər. Sanki Şuşada dincəlirdilər. Hamı əsgər geyimində idi. Hər dağda, daşda, qayada, uçuq-sökük evlərdə, Vaqifin məqbərəsində, yollarda hər yerdə... onlar məni qarşıladı gülər üzlə. Qarabağın cəngavərləri, Şəhid Ruhları. Sizdən heç ayrılmaq istəmədim, amma söhbət edə də bilmədim. Danışsaydım, bəlkə mən də rahatlıq tapardım... Ürəyimdə o nisgillə geri döndüm.

Şəhidlər! Siz bizə Azərbaycanın namusunu, qeyrətini qaytardınız, başımızı dik tutmağa layiq olduğumuzu sübut etdiniz qanınızla, canınızla. Bəs indi? İndi də ruhlarınız Şuşanın üzərindədir, hər yerdədir. Öz pak ruhlarınızla qoymursuz murdar ruhlar gəzsin Şuşa üzərində. Ruhların savaşıdırmı bu?! Aman Tanrım! Bizi düşmənlərdən savayı, düşmən ruhlarından da qoru! Şəhid ruhlarımız qoy rahatlıq tapsınlar.

Cıdır düzündən eşidilən musiqi sədaları altında  şəhidlərimiz yallıya alay tutdular. Bu yallı alayı düşmən qarşısında sərhəd qurub, haray çəkir.

Şəhidliyiniz mübarək, Şuşada ruhları rahatlıq tapan şəhidlərim! Şəhidlərin qanı ilə yenidən dirçələn, ucalan, sevilən, yaşayan azad, gözəl Şuşam! Səni sevirəm, şəhidlərinlə birgə, düşmənə göz dağı olan Şuşam!

Zahirə DADAŞOVA

 





18.05.2022    çap et  çap et