525.Az

Qasım bəy Zakirin poetik inciləri - "XIX əsr Qarabağ şairləri antalogiyası"ndan


 

Qasım bəy Zakirin poetik inciləri - <b style="color:red"> "XIX əsr Qarabağ şairləri antalogiyası"ndan</b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV 
Filologiya üzrə elmlər doktoru, 
professor

***

Qasım bəy Zakir

Qasım bəy Əli bəy oğlu Zakir klassik şair, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi, aşıq poeziyasının varisi və davamçısı, milli realizmin ilk görkəmli nümayəndəsidir. Şairin zəngin poetik irsi, yaratdığı sənət əsərləri həmişə gündəmdə olmuş, öz təsir gücünü, bədii təravətini, hissi-emosional qüdrətini heç zaman itirməmiş, nəsildən-nəslə ötürülərək yeni vüsət tapmışdır.

Qasım bəy Zakir Qarabağ xanlığının əsasını qoyan əsilli-nəcabətli Qarabağ əmirlərinin nəsildəndir. O, 1784-cü ildə Ağdam şəhərinin yaxınlığında yerləşən Yedditəpə ərazisindəki Sarıcalı kəndində anadan olmuş, ilk təhsilini də orada aldıqdan sonra Şuşa şəhərinə köçərək özlərinə məxsus evlərində yaşamış və burada təhsilini davam etdirərək fars-ərəb dillərini mükəmməl öyrənmişdir.

Xan nəslindən olmasına baxmayaraq şairin mübarizələrlə dolu həyatı o qədər də xoş keçməmişdir. Bir tərəfdən ictimai haqsızlıqlara dözə bilməyərək onu törədənləri kəskin tənqid etməsi, digər tərəfdən isə qardaşı oğlu Behbud bəyin haqq işi uğrunda mübarizəyə qoşularaq qaçaq düşməsi şairin ictimai mövqeyinə təsirsiz qalmamış, hətta, ömrünün ixtiyar çağında üzərinə atılan şər və böhtanın qurbanı olaraq üç ay müddətinə göz dustağı kimi Bakı şəhərinə sürgün edilmişdir. Başda Mirzə Fətəli fətəli Axundzadə olmaqla yaxın dostlarının qayğı və köməyi sayəsində zindandan xilas ola bilmişdi.

Q.Zakir 1857-ci ildə Şuşa şəhərində vəfat etmiş və orada Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir. 1983-cüı ildə şairin məzarı üstündə onun büstü qoyulmuşdur. Lakin mənfur erməni vandalları işğal zamanı xalqımızın digər maddi-mədəniyyət abidələri kimi, onun qəbirüstü abidəsini də yerlə-yeksan etmişlər. Şairin yaradıcılığından seçmələr onun 1964-cü ildə çap olunmuş "Əsərləri"ndən, Raqub Kərimovun "Qasım bəy Zakir və müasirləri" (2013) adlı monoqrafiyasından və AMEA ƏYİ-nin arxivində saxlanan nəşr olunmamış əlyazmalardan götürülmüşdür.

Dün hökm qıldı qətlimə ol şəh itab ilə,
Şad eylədi gədasını bu xoş cavab ilə.

Olsun qara üzü görəyim qanlı qəmzənin,
Öldürmədi məni, yenə qoydu əzab ilə.

Zülfi siyahlər ğəmini şam ta səhər,
Ömri-dirazdır çəkirəm piçü tab ilə.

Ol gül üzardə ərəqin xoş səfası var,
Türfə budur ki, saziş edər atəş ab ilə.

Öldürməsən nə süd mana bərqi-tiğdən,
Mümkün degil ki, siyr ola təşnə sərab ilə.

Gündüz üzün ğəmi, gecə zülfün kəşakəşi,
Asayişim nə xürd ilə hasil, nə xab ilə.

Zakir o şux nərgisi-məstin xərabıdır,
Ha böylə sərxoş olmaq olurmu şərab ilə.

***

Nola gər saxlar isəm təndə dilü cani əziz,
Bir pərinindir, onunçun tutaram ani əziz.

Qılmışam nəzr onu mən ol səri-ku itlərinə,
Rəsmi ayindir, əzizin olu qurbani əziz.

Əşkimi, çöhreyi-zərdimi görüb qədr etməz,
Mən eşitmişdim edər simu zər insani əziz.

Atəşi-eşqi-dərun ilə ərindi axır,
Saxlar idim neçə əyyam idi peykani əziz.

Naqisəm, alsam əgər bir kələfi-rismanə,
Misri-dildə sata ol Yusifi-Kənani Əziz.

Mana nisbətdi siyəhbəxtü pərişanlıqda,
Vəchi oldur tutaram zülfi-pərişani əziz.

Zakiri-xəstədilə rəhm qıl, ey sərvi-rəvan,
Novcavanlar tutar, adətdi ki, pirani əziz.

***

Qoşmalar 

Qadir Allah səbəb salıb arayə,
Sevdiyim, ixtilat qatmaq çağıdı.
Dur qolboyun olaq, fürsət var ikən,
Nə qəmə, qüssəyə batmaq çağıdı?

Götür qoy bir səmtə bəzəyin sərin,
Qorxuram dağıla zərü zivərin.
Başın qullabəsin, belin kəmərin 
Hər birin bir yana atmaq çağıdı.

Uz bürüməz yar yarını görəndə,
Bu xasiyyət nədir bilməzəm səndə?
Biganələr kimi oturma gendə,
Gəl sarmaşaq, alıb-satmaq çağıdı.

Qul xətasız olmaz, ey çeşmi xumar!
Öldürsən də sonra ixtiyarın var.
Bu gündən sabaha yoxdur etibar,
Soyun, gecə keçdi, yatmaq çağıdı.

Canım qurban qaşlarının tağına,
Pərvanə tək dolan solu sağına.
Zakir, dön başına, düş ayağına,
Nə danışıb söz uzatmaq çağıdı?!

***

A ləbləri badə, ağzı piyalə!
Bir söz desəm olma bidəmaq, sana.
Yetişibsən, indən belə yaraşmaz
Yadlar ilə deyib-danışmaq sana.

Əcəb bihəyadır çərxi-kəcrəftar,
Hər ayda bir hilal eylər aşikar;
Şəksiz sənin ilə ədavəti var,
Göstərir düşəndə qaş-qabaq sana,

Mədənisən felin, nazü ğəmzənin,
Bərabərin yoxdu aləmdə sənin;
Təhrik eyləməsə səba, qönçənin
Ağzı nədir aça dil-dodaq sana?!

Cəvahir qolbaqlar bəyaz biləyi
Gahi qucar, gahi eylər hənəyi,
Behiştin hurisi, göyün mələyi
Yetişməz, yüz çala əl-ayaq, sana.

Zakirəm, eylədin əqlimi zayil,
Olmaz belə surət, belə şəmayıl;
Elə mən deyiləm hüsnünə mayıl,
Göz dikibdir tamam Qarabağ sana.

***

Gəraylılar   

Nə faidə, ildə bir yol
Olur lazım sizə qurban.
Mən istərəm sana gündə
Olam tazə-təzə qurban.

Əqlü huşu, din- imanı
Etmişdim qaşın qurbanı;
Dur öldür, sevdiyim, canı
Gətirmişəm gözə qurban.

Eşq əhli cüstü cuyində
Dolanır dövri-ruyində,
Yatarlar səri-kuyində,
Tökülübdür düzə qurban.

Deyin sərvi-güləndamə:
Öldürsün, yetişim kamə;
Müşküldür gələn bayramə
Acu susuz dözə qurban.

Siyəh zülfün kəmənd eylə,
Zakiri payibən eylə;
Etibar yoxdu, bənd eylə,
Qoyma açıq gəzə qurban.

*** 

Bənzər meyxanədə sərxoş
İki tərsayə gözlərin.
Dəxi sürmə nə hacətdir,
Can alır sayə gözlərin.

Kaman qaşın peyvəstdir,
Oxları dilnişəstdir,
Guya hinduyi-məstdir
Giribdi yayə gözlərin.

Zülfün könüllər məskəni,
Pabəst eylər hər görəni;
Məcnun tək, aqibət, məni
Salır səhrayə gözlərin.

Neyləmişəm o xunxarə,
Müttəsil baxar əğyarə.
Bir dəm eyləməz nəzzarə,
Məni-rüsvayə gözlərin.

Bir tərəfdən artırır ğəm,
Bir tərəfdən edir mərhəm,
Həm öldürür Zakiri, həm
Qaçar hərayə gözlərin.

***

Yeni tapılan şeirlərindən 

Bəyazi-hüsnündə, sevdigim, bənzər
Baş-başa çatılmış yayə qaşların.
Badi-səba əymiş gül budağıtək
Salıb üzzarına sayə qaşların.

Ləbin meyi-nabə nəzakət eylər,
Hüsnün günəş ilə ədavət eylər,
Gözlərin nərgisə şəmamət eylər,
Şikəst vurur yengi ayə qaşların.

Tək yaradıb səni xaliqül-əşya,
Şəhdi-müsəffadır cismin sərapa.
Dilin, dişin, bir də gözlərin, əmma
Tək gəlibdi bu dünyaya qaşların.

Düşmüşəm çöllərə əlli yaşında.
Gəzirəm səhranın dağü daşında.
Hilalı-no kimi hər ay başında
Salır məni bir sevdayə qaşların.

Gələ gör Zakirin yaman çağıdı.
Dərdi-möhnət əqlü huşun dağıdı.
Gisulərin əyri qılınc bağıdı,
İki tiği-giranmayə qaşların.

*** 

De görüm ki, neyləmişəm mən sənə
Bu nə qaşdı, bu nə qabaq sevdigim?
Rəqib ilə xəlvət nə danışırdın,
Bana baxa-baxa alçaq , sevdigim?

Əzəlki adətə bənzəməz halın
Hicrdən bədtərdir zövqi-vüsalın.
Bu gün neçə gündür, fikrü xəyalın
Görünür bir özgə siyaq, sevdigim.

Bivəfalıq zən əhlinin işidi.
Dedigindən dönməz o kim kişidi.
Asta danış, qonum-qonşu eşidi,
Məbada, olalar oyaq, sevdiğim.

Filankəsin yoxdu həmdəmi, demə,
Çağırsam əllisi girər qoynuma.
Tay-tuş arasında düşüb boynuma,
Neçə ildir quru-qısnaq, sevdigim.

Müddətdi Zakiri salıbsan işə; 
Sanasan od düşüb bir qom qəmişə.
Yar, yar ilə gərək elə danışa,
Nə diş bilə, nə də dodaq, sevdigim.
 

 





19.05.2022    çap et  çap et