525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır...


 

Samuray mənəvi ruhu yaşayır -<b style="color:red"> Telman Orucov yazır...</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Böyük allahlar yağış göndərə bilər, sosial institutlar ədalət məhkəməsinin qurulmasını və səhiyyənin təşkilini təmin edə bilər. Lakin şüurda yer tapmış stereotiplər dəyişmir. Ona görə də hətta ən böyük çarlar da qorxu içərisində yaşayırlar, elə hey düşünürlər ki, əzablardan və hüznlərdən necə yaxa qurtarmaq olar, həm də istəyirlər ki, bu yarışda daha böyük xoşbəxtliyə yiyələnsinlər.

Qautama qüsurlu çevrəni qırıb dağıtmaq üsulunu tapdı. Əgər cisimlərin olduğu kimi qəbul edilməsi öyrənilsə, əzab yoxa çıxacaqdır,əgər siz kədər hiss etsəniz, lakin ondan tez xilas olmağı arzu etməyəcəksinizsə, kədər qalacaqdır, lakin siz ondan əzab çəkməyəcəksiniz. Əksinə, siz onda xəzinəyə sahib olacaqsınız. Əgər siz sevinc hiss etsəniz, bu sevinci gücləndirməyə və onun ömrünü uzatmağa tələsməsəniz, ruhi sakitliyinizi itirmədən sevinəcəksiniz.

Lakin pisin və yaxşının mövcudluğuna,  arzunun işgəncəsi olmadan şüuru necə inandırmaq olar? Ağrını ağrı kimi, sevinci sevinc kimi, kədəri kədər kimi qəbul etməkmi? Qautama meditasiya texnikasını işləyib hazırladı - şüuru, reallığı olduğu kimi qəbul etmək üçün, qüssə hissi keçirmədən məşq etdirmək lazımdır. Bu təcrübələr insana kömək edir ki, "mən indi nəyi hiss etmək istəyərdim?" sualı üzərində deyil, "mən indi nə hiss edirəm?" sualı üzərində fikrini cəmləşdirsin. Belə vəziyyətə nail olmaq heç də asan deyildir, lakin həm də mümkün olmayan da deyildir.

Aktual təcrübədə adamlara ağır təəssürata və fantaziyaya qapılmadan fikirlərini cəmləşdirməyə kömək etmək üçün Qautama meditasiya texnikasının bünövrəsinə əxlaqi göstərişlər dəstini qoydu. O, öz ardıcıllarına qətllərdən, pozğunluqdan və oğurluq etməkdən yayınmaq barədəki göstərişini verdi, çünki belə xətalar adamı təmiz olmayan ehtiraslara həvəsləndirir. Ehtiras alovu tam söndükdə, hökmən bütünlüklə məmnunluq və səadət vəziyyəti, nirvana (hərfi mənada bu söz "odun sönməsi" deməkdir) meydana gələcəkdir. Nirvananı əldə edənlər əzabdan bütünlüklə azad olur. Onda hələ narahatlıq və ağrı baş verə bilər, lakin bu təcrübə onu heç də bədbəxt etməyəcəkdir. Kim heç nə arzu etmirsə, o, əzablara da düçar olmur.

Buddizm ənənəsinə görə, Qautama özü  nirvana əldə etdi və bütünlüklə əzabdan azad oldu. Həmin vaxtdan etibarən "Budda" kimi şöhrət tapdı, bu, "işıqlanmış" deməkdir. Ömrünün qalan hissəsini o, öz kəşflərini şagirdlərinə izah etməklə məşğul oldu və çalışdı ki, bütün adamları əzablardan azad etsin. Öz təliminin mahiyyətini bir qanunda təsvir etdi: əzab ehtiraslardan meydana gəlir. Əzabdan tam azad olunmaq üçün arzu etməyi dayandırmalısan, arzulardan azad olmaq isə yalnız öz şüurunu, reallığı olduğu kimi qəbul etməyə öyrətməkdir. Buddistlər Dharma qanununu kainatın universal prinsipi hesab edirlər. "Əzab ehtirasdan doğur" ehkamı daim və hər yerdə düzgün olaraq qalır. Buddistlər öz qanunlarının pərəstişkarlarıdır, onlar üçün bütün qaydaların və əməllərin mərkəzidir. Allahlar isə onların gözündə xüsusi əhəmiyyətə malik deyildir. Monoteizmdən fərqli olaraq Buddizmin birinci prinsipi "Əzab mövcuddur. Ondan necə yaxa qurtarmaq olar?" kimi səslənir.

Buddizm hesab edir ki, allahlar təbiət qanununa heç cür təsir göstərmir. Xoşbəxtlik və əzab təbiətin dəyişməz qanunun nəticəsidir və o, allahlardan heç də asılı olmadan fəaliyyət göstərir. Əgər insanın ruhu arzulardan azaddırsa, allahlardan heç biri bu insanı bədbəxt edə bilməz və əksinə, insanın könlünə arzu daxil olsa, kainatın bütün allahları, belə adamı əzablardan xilas edə bilməz. Xoşbəxtlik barədəki buddizm baxışı onun  haqqındaki müasir biokimyəvi anlayışa çox yaxındır. Hər ikisinə görə, hissiyyat yarandığı kimi, tez də yoxa çıxır. Nə qədər ki,insan onu arzulayır, lakin ala bilmir, özünü bu vaxt məğmun hesab edir.

Buddizm allahların mövcudluğunu etiraf edir və onların bəzi qabiliyyətlərini də inkar etmir. Lakin bu təlimin insan üçün ali məqsədi, əzabdan onun tam azad olunması hesab edilir. Həm də başqa, aralıq həll yollarını axtarmağı məsləhət görmür.

 Buddist icmaları zaman keçdikcə özlərinin buddalarının və badxisatvalarının panteonunu yaratdılar. Çünki onlar allahlara deyil, bu işıqlanmış varlıqlara sitayiş edirlər.

Buddizm əzablar barədə Dörd Nəcib Həqiqəti açıqlayır. Bunlar, adamın özünün əzabın mənbəyi olması, döyüçünün öz hisslərinin müxtəlif səbəblər üzündən üst-üstə yığılmasından əzab çəkməklə nəticələnməsi də əzaba bağlılıqdır, bu bağlılığın özündən uzaqlaşdırılması isə əzabın sönməsidir. Həm də digər cəhətdən Səkkiz ölçülü bir yoldur. Nirvana isə ölüm və yenidən doğulma siklinə son qoyur. Karma (sanskrit dilində "hərəkət", "iş" mənasını verir) sikl dəyişikliyi olmaqla, samsaranı ("sərgərdanlıq" və ya "dünyanı dövrə ilə dolaşmaq deməkdir"), yenidən doğulma nəzəriyyəsini seçir.

 Yaponiyada yayılmış Dzen - Buddizm

 buradakı cəmiyyətə və mədəniyyətə əsaslı təsir göstərmişdir. Ölkə əhalisinin 67 faizi buddizmə sitayiş edir. Çox sayda adamlar isə hər iki növ - buddizm və sintoizm dinlərinin elementlərindən istfadə edir.

Buddanın irəli sürdüyü müstəqil başlanğıcın 12 həlqəsi izah edilərkən deyilir ki, insan varlığı transformasiya prosesində həmin sayda səhnəyə məruz qalır. Buna insanın özü, ana bətnində şüurun meydana gəlməsi və orada bədənin formalaşması, ana bətnini tərk etmək üçün körpənin böyüməsi, anadan olandan sonra isti və soyuğu fərqləndirə bilməməsi, fövqəladə obyektlərlə kontakta girməsi, obyektlərə bağlılıq və nəyəsə malik olmaq arzularının yüksəlməsi, həyatın insanın mövcudluğunu mümkün etməsi, hər bir həyatın qocalığı və ölümü əhatə etməsi və digər səhnələr daxildir.

Budda Dörd Nəcib Həqiqətin mövcudluğunu qeyd etməklə yanaşı, Səkkiz Ölçülü yolu təşkil edən aşağıdakı orta cığırları həyata keçirməyi məsləhət görür:

1. Perspektiv hüququ

2. Fikrə dalmaq hüququ

3. Hərəkət hüququ

4. Yaşamaq hüququ

5. Cəhd etmə hüququ

6. Vicdanla cəhd etmə hüququ

7. Seyr etmək hüququ

8. Başa düşmək hüququ

Nəcib Səkkiz Ölçülü yol samsaradan, yenidən doğulmanın ağrılı siklindən bilavasitə nirvana formasında azad olmaq vasitəsidir. 

Digər versiyaya görə, səkkiz ölçülü yol faktoru  həmçinin,"düzgün baxışı, düzgün niyyəti, düzgün nitqi, düzgün hərəkəti, düzgün yaşayışı, düzgün cəhdi, düzgün ağılı və diqqəti düzgün cəmləşdirməyi" əhatə edir.

Mühüm göstəriş hesab edilən Ürək Sutrası buddist rahib Sariputra (Sariputta) ilə söhbəti ifadə edir. O, Buddanın ən aparıcı şagirdlərindən biri idi və yoldaşlarından daha müdrik hesab olunurdu.

Budda b.e.ə. 563-cü ildə Kapilavastuda əyalətin irsi hökmdarı kimi doğulmuşdu. Həmin ərazi indiki Nepalın cənubunda yerləşir. Onun ailəsi Şakya klanına məxsus idi.

Qautana Budda (onun ilk soyadı Siddhartha idi) tarixi şəxsiyyət idi, ingilislərin iftixar mənbəyi olan kral Arturun isə ondan min ildən sonra fəaliyyət göstərməsi güman edilsə də, onun tarixən mövcud olması təsdiq olunmamışdır, yalnız sadəcə rəvayət qəhrəmanı hesab olunur. Budda isə real şəxsiyyət olmaqla, yaratdığı təlimə görə müəllim, filosof və ruhi lider kimi qiymətləndirilir. Həm də dünya dini olan Buddizmin banisidir. Ölüm vaxtı barədə müxtəlif tarixlər göstərilir, lakin o, öz vəsiyyətində yaşının 80-i ötdüyünü bildirir.

Bir gün gənc Budda öz sarayından çıxanda matəm dəstəsi ilə qarşılaşdı. Bu ona, həyatın və ölümün nəticələri barədə dərin təsir göstərdi və o, ruhi səyahətə yollandı. Altı il ərzində asket (zahid) həyatını yaşamaq məşqi ilə o, bu qənaətə gəldi ki, harmoniyalara, ağılın dinc vəziyyətinə orta cığır vasitəsilə nail oluna bilər. Bu vaxt onun 35 yaşı var idi. Ona aydın oldu ki, ağılın belə saflaşması adətən onun sakitləşməsinə aparıb çıxarır.

Budda öyrədirdi ki, kiminsə bu dünyadakı sosial mövqeyi, reputasiyası və iqtisadi statusu işıqlanma konteksində bütünlüklə mənasız bir şeydir.

Ürək Sutrasının mənşəyinə gəldikdə, bir versiyaya görə, 84 il yaşamış Buddanın ölümündən (bunun b.e.ə. 479-cu ildə baş verdiyi bildirilir) 90 gün sonra onun üç fəal şagirdi, digər 475 tələbə sirdaşlarını da çağırıb, bir yerdə mağara qazdılar ki, Buddanın öyrətdiklərini qoruyub saxlamaqla, gələcək nəsillərə çatdırsınlar. Bu qrupun cəhdi ilə Böyük Müdriklik Sutrası yarandı, onun mahiyyəti isə Ürək Sutrasında idi.

Ürək Sutrası dünyanı elə təsvir edir ki, hətta akademik bilik vasitəsilə də başa düşülə bilməz. Bu o dünyadır ki, onu yalnız empirik bilik vasitəsilə başa düşmək olar.

Buddizm qaralama şəklində Hinayana və Mahayana məktəblərinə bölünür. Hinayana ən qədim Buddizm hesab olunmaqla, Buddanın özünün orijinal qaydada öyrətdiklərini vurğulayır. Hinayana ənənəsinə görə, bir ovuc meymun da işıqlanmaya nail ola bilər. Mahayana Buddizmi isə Hinayana Buddizminə qarşı inqilabi hərəkat kimi mövcud olmuşdur. Adətən, adamlar Buddizm təliminin daşıyıcıları kimi buddist rahiblərə böyük ehtiramla yanaşırlar. Həm də onların nailiyyətlərindən özləri üçün nəyisə çıxarmaq istəyirlər.

Rahiblərə münasibətə gəldikdə, Budda özü də onlara yüksək qiymət verirdi. Budda öləndə öz sevimli şagirdi Anandaya dediyi sözlər onun vəsiyyəti hesab olunur. Ananda isə Dhammanın  xəzinədarı sayılırdı. Dhamma termini Budda doktrinası olmaqla, Buddanın öyrətdikləri mənasını verir, həqiqətləri açır, adamı işıqlanmağa nail olmağa aparır. Dhammaya gündəlik həyatda əməl etmək, əzab çəkmənin öhdəsindən gəlməyə kömək edə bilər. Budda şagirdinə demişdi:

"Ananda, burada, Yer üzündə ada və sığınacağı heç bir yerdə deyil, özünüzdə axtarın və başqa bir yerdə deyil, məhz təlimdə bu adanı və sığınacağı tapacaqsınız... Rahib, bədəni ona hələ xidmət edəndə bu dünyada öz ömründən keçənlər, dərd və arzular barədə ciddi surətdə düşünür. Bu qeyd olunan səyinə görə, rahiblər ən yüksəkdə olanlar kimi sayılacaqlar". Budda təkrar edirdi ki, Ananda, sən öz daxilində olan adalarda yaşayacaqsan. Başqa bir sığınacaq tapmağa çalışma və hətta Dhamma kimi adada da heç bir sığınacaq axtarma. O rahiblər ki, mənim dövrümdə və sonralar Dhammada və başqa yerdə ada axtaracaqlar, həmin inadkar adamlar həqiqətən mənim rahiblərimdir və onlar (yenidən doğulmanın) qaranlığını dəf edə biləcəklər (başqa sözlə, nirvanaya çatacaqlar - müəllif)".

Bədəni öldükdən sonra Budda öz öyrətdiyinə - parinirvanaya nail oldu, bu, axırıncı nirvana olmaqla, yenidən doğulmanın və əzab çəkmənin sonu demək idi.

Buddizm məşqinə meditasiya və öz ifadəmizlə desək, oruc tutmaq daxildir. Meditasiya və müəyyən müddətə ac qalmaq əlavə qüvvə, müdriklik və beyinin potensial qabiliyyətini əmələ gətirir.

Dzen - buddizmə sitayiş edənlər (Yaponiyada isə buddizmin məhz bu növü yayılmışdır - müəllif) güman edirlər ki, hər bir adamda Budda gizlənir və mömin həyat, həmçinin, özünü seyrə dalma istənilən şəxsdə ruhun azadlığını oyada bilər.

Budda orta yolla getməyi moizə edirdi. İşıqlanma elə bir prosesdir ki, ağıl istənilən nəyəsə bağlılıqdan azad olur. İşıqlanma, buna nail olmuş adamın həm də istənilən şəraitdə dəqiq zəfər qazanacağı barədə olan bir nikbin mənanı verir.

Əgər sən dağı özünə yaxınlaşdırmağı arzulayırsansa, öz arzundan vaz keç və sadəcə olaraq dağa tərəf yollan. Bu məntiqi başa düşmək üçün Ürək Sutrasının dağa tərəf necə getməyi təsvir etdiyini anlamağa borclusan.

"Budda" sanskrit dilində "işıqlanma", hərfi mənada isə "oyadılmış" mənasını verir. Budda və ya Şakya oğul (Şakyamuni), əslində, Qautama Siddhartha idi.

(Ardı var)

 





19.05.2022    çap et  çap et