525.Az

Xalq şairi Vahid Əzizin yeni kitabı təqdim olunub


 

Xalq şairi Vahid Əzizin yeni kitabı təqdim olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Vahid Əzizin "Param-parça illər" adlı kitabının təqdimatı keçirilib. Tədbirin aparıcısı olan AYB katibi şair Səlim Babullaoğlu şairin yaradıcılığı və kitab haqqında məlumat verib, nəşrin Dövlət Mükafatına təqdim olunduğunu vurğulayıb.

AYB-ın  birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev  müəllifin kitabda yer alan şeirlərinə öz münasibətini bildirib. O , daha sonra Vahid Əzizlə dostluğundan söhbət açıb. Yazıçı öz çıxışını "Şair və yazıçının ən böyük istəyi onun kitabının oxunmağıdır" cümləsi ilə bitirib.

Kitabın redaktoru Əlövsət Ağalarov nəşrin hazırlanması prosesindən danışıb, şairin vətənpərvərliyini və bu hissin onun yaradıcılığına hopmasını xüsusi qeyd edib.

Akademik Nizami Cəfərov müəllifin yaradıcılığından əlavə, insani keyfiyyətlərini də yüksək qiymətləndirib. Kitabda yer almış şeirlərdə Qarabağın müxtəlif gözəlliklərinin təsvir olunmağından danışıb.

Fədail Rəhimli kitabın birbaşa tarixə bağlı olduğunu və tarixi faktlar əsasında yazıldığını qeyd edib. "Bu şeirlərin hərəsi bir tarixdir" deyərək, fikrini yekunlaşdıran F.Rəhimli öz çıxışını müəllifin şeirləri ilə tamamlayıb.

Bir sıra ictimai xadimlərin və ədəbiyyat nümayəndələrinin də söz aldıqları tədbir ADMİU-un tələbələrinin şeir səsləndirməsi ilə davam edib.

Əntiqə KƏRİMZADƏ

 





18.05.2022    çap et  çap et