525.Az

Türkiyənin etirazı nə ilə nəticələnəcək?


 

Türkiyənin etirazı nə ilə nəticələnəcək?<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyacaqlarını ikinci dəfə, həm də birmənalı şəkildə ifadə edib. Bu isə Türkiyə ilə Avropa Birliyinin iki üzvü İsveç və Finlandiya arasında münasibətləri gərginləşdirməklə qalmayacaq. Məlum olduğu kimi, ABŞ, Böyük Britaniya başda olmaqla Qərb ölkələri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü birmənalı dəstəkləyirlər. Böyük Britaniya hətta İsveç və Finlandiyanın NATO-ya üzv olmasını gözləmədən bu iki ölkəyə təhlükəsizlik zəmanəti verib. ABŞ prezidenti Co Bayden ötən cümə günü İsveçin Baş naziri Maqdalena Andersson və Finlandiya prezidenti Sauli Niinistö ilə danışıb. Co Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib, Şimali Atlantik Alyansının açıq qapı siyasətinin davam etməsinin vacibliyini vurğulayıb. Ağ ev sahibi Türkiyənin mövqeyini aydınlaşdırmaq üçün çalışdıqlarını da bildirib.

Qeyd edək ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxacağı gözlənilən idi. Türkiyə rəsmiləri bu mövqelərini İsveç və Finlandiyada PKK və FETO terror təşkilatlarının təmsilçilərinin sığınacaq tapması ilə izah edirlər. Ancaq bu, həqiqəti tam əks etdirmir. Əgər əsas səbəb Ankaranın terrorçu hesab etdiyi şəxslərin sığınacaq tapdığı ölkələrlə Türkiyənin müttəfiqliyinin mümkünsüzlüyündən gedirsə, FETO terror təşkilatının lideri Fətullah Gülən ABŞ-da məskunlaşıb. Türkiyə dəfələrlə Fətullah Gülənin Türkiyəyə təslim edilməsini istəsə də, ABŞ bu tələblə razılaşmayıb. Ərdoğanın İsveç və Finlandiyaya qarşı münasibətindən çıxış etsək, ABŞ-ın söz sahibi olduğu NATO-da Türkiyənin iştirakı anlaşılmazdır.

PKK terror təşkilatına mənsub olan şəxslərin ən çox məskunlaşdığı ölkə Almaniyadır. Ancaq bu, Türkiyənin Almaniya ilə NATO-da müttəfiqliyinə mane olmadığı kimi, əsas iqtisadi tərəfdaşlarından biri olmasına əngəl yaratmır.

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxması bir neçə səbəblə izah oluna bilər. Bir neçə gün öncə Avropa Parlamenti iş adamı və ictimai xadim Osman Kavalaya verilən ömürlük həbsin "Türkiyənin Avropa Birliyi yolunu məhv etdiyi" haqqında qətnamə qəbul etmiş, Avropa Birliyinin qapılarının yalnız başqa bir Türkiyəyə açıla biləcəyini qeyd etmişdi. Ərdoğan hökumətinin bunu cavabsız qoymayacağı gözlənilən idi.

 





19.05.2022    çap et  çap et