525.Az

“Rasim Kazımov – 90” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub


 

 “Rasim Kazımov – 90” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub<b style="color:red"></b>

Bu il Azərbaycanda milli kitabxanaşünaslığın, kitabxana-biblioqrafiya sahəsinin görkəmli nümayəndələrindən biri, tanınmış kitabxana nəzəriyyəçisi, alim və pedaqoq Rasim Kazımovun 90 illik yubileyi tamam olur. 

Kitabxanadan 525.az-a verilən məlumata görə, bu münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Rasim Kazımov – 90” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə kitabxanaşünas-biblioqraf alim haqqında Azərbaycanın görkəmli şəxslərinin fikirləri, fotolar, onun müəllifi olduğu kitab və məqalələr nümayiş olunur.

Dəyərli alim Rasim Kazımov 1954-cü ildə universiteti bitirərək biblioqraf ixtisası almış və SSR miqyasında ən sanballı təhsil ocaqlarından birinin ilk və yeganə azərbaycanlı məzunu kimi adını Azərbaycan kitabxana işi tarixinə yazmışdır. O, 1972-ci ildə “Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyası: 1920-1965-ci illər” adlı namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1977-2008-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində müəllim işləmişdir. 2004-2008-ci illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının Kitabxanaşünaslıq şöbəsində böyük elmi işçi kimi fəaliyyət göstərmişdir.

Rasim Kazımov bir sıra xarici ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda iştirak etmiş və respublikamızı layiqincə təmsil edərək kitabxana işinin aktual mövzuları üzrə yaddaqalan çıxışlar etmişdir. O, dəfələrlə SSRİ Elmlər Akademiyasının, Mədəniyyət Nazirliyinin və Həmkarlar İttifaqının fəxri fərman və diplomları ilə təltif edilmiş, “Əmək şücaətinə görə” və “Əmək veteranı” medallarına layiq görülmüşdür.
R.Kazımov “Neft: ədəbiyyat göstəricisi”, “Azərbaycan Respublika Kitab Palatası: yaddaş (1925-1965)”, “Состояние и развитие библиографии художественной литературы литературоведение в Азербайджане”, “Azərbaycan Dövlət Kitabxanası”, “Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyasının vəziyyəti və inkişafı məsələləri: 1946-1964-cü illər”, “Библиография художественной литературы и литературоведения в Азербайджане” (1920-1965 гг.), “Библиотечный факультет”, “Kitabxana işçisinin məlumat kitabı, “Abuzər Alı oğlu Xələfov”, “Bazar iqtisadiyyatı və kitabxanalar”, “Kitabxana işinin iqtisadiyyatı”, “Kitabxana marketinqi: BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi üçün proqram”, “Kitabxana işinin iqtisadiyyatı”, “Müdriklik və alimlik zirvəsində: Abuzər Alı oğlu Xələfov” və s. kitabların və 100-ə yaxın elmi məqalənin müəllifidir.

Təqdim olunan virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Rasim_Kazimov/index.htm linkindən istifadə edə bilərlər.
 

 





19.05.2022    çap et  çap et