525.Az

Akademik Əli Quliyevin doğumundan 110 il keçir


 

BU MÜNASİBƏTLƏ AMEA GƏNCƏ BÖLMƏSİNDƏ ELMİ KONFRANS KEÇİRİLİB

Akademik Əli Quliyevin doğumundan 110 il keçir<b style="color:red"></b>

Xalqımızın yetirməsi olan alimlərimiz daim Azərbaycan zəkasının qüdrətini dünyaya tanıtmışlar. Onlar öz fundamental fəaliyyətləri ilə elmimizin qızıl fondunu formalaşdırmışlar. Belə alimlərimizdən biri də neft kimyası sahəsinin görkəmli simalarından olan Əməkdar elm xadimi, iki dəfə Sovet İttifaqının, bir dəfə Azərbaycanın ən ali dövlət mükafatları laureatı akademik Əli Quliyevdir (1912-1989).

Əli Quliyev İkinci Dünya müharibəsi illərində öz müəllimi, böyük alimimiz  Yusif Məmmədəliyevlə birlikdə,  faşizm üzərində qələbə naminə hərbi sənaye üçün vacib tədqiqatlar və onların praktik tətbiqi sahəsində çalışıb və bu işlərə  görə, iki dəfə Sovet İttifaqının ən yüksək səviyyəli nailiyyətlərə verilən Stalin mükafatına layiq görülüb. Demək yerinə düşər ki, İkinci Dünya müharibəsinin ilk aylarında müşahidə olunan qumbara çatışmazlığını digər vasitələrlə aradan qaldırmaq üçün məhz Bakıda  ixtira edilən, indi "Molotov kokteyli" kimi tanınan,  partlayıcı-yandırıcı maddələrin qarışığından ibarət, ən əsası isə asan hazırlana bilən hərbi vasitənin müəllifləri də Yusif Məmmədəliyev və onun rəhbərliyi altında işləyən gənc Əli Quliyev və onun həmkarlarıdır.   

İstər müharibə dövründə, istər də sonrakı mərhələdə Əli Quliyev motor yağlarının keyfiyyətini yüksəldən aşqarların alınması üzrə qiymətli tədqiqatları ilə Azərbaycan neft kimyası  elmini dünya miqyasında qabaqcıl mövqeyə çıxarıb. Akademik Əli Quliyevin rəhbərliyi ilə keçmiş Sovetlər İttifaqında həmin profildə yeganə olan Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutu yaradılıb. O, 1965-1987-ci illərdə Aşqarlar Kimyası İnstitutunun direktoru olub.

1970-ci ildə akademik Əli Quliyev və onun rəhbərlik etdiyi institutun əməkdaşları Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəltmək üçün səmərəli aşqarların texnologiyasının hazırlanması və sənayedə tətbiqi işinə və onlar əsasında kompozisiya yaratdıqlarına görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülüb. 1974-cü ildə alimə Azərbaycanın Əməkdar elm xadimi adı verilib. Hazırda respublikamızın bir sıra elm və tədris müəssisələrində çalışan 5 nəfər akademik, 16 nəfər elmlər doktoru, 60 nəfərdən  artıq elmlər namizədi Əli Quliyevin yetişdirmələridir.

Bu il mayın 31-də bu görkəmli alimin anadan olmasından 110 il keçir. Görkəmli alimin yubiley tarixi münasibətilə AMEA Gəncə bölməsində "Müasir neft kimyasının aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

Giriş sözündə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli alimin həyat və yaradıcılığı haqqında danışıb, onun Azərbaycanın, keçmiş SSRİ-nin, eləcə də dünya elminin neft kimyası tədqiqatları sahəsinə  əvəzolunmaz töhfələr  verdiyini qeyd edib, eləcə də bu böyük ziyalının yüksək insani keyfiyyətlərindən söhbət açıb. O, həmçinin, AMEA Gəncə Bölməsinin təşəkkülündə Əli Quliyevin böyük xidmətləri olduğunu, 41 il bundan qabaq, məhz bu görkəmli alimimizin təşəbbüsü ilə onun rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunun nəzdində Gəncə Elm Mərkəzinin yaradıldığını xatırladıb.

Alimin yetirmələrindən - AMEA-nın Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Həqiqət Cavadova    və həmin institutun böyük elmi işçisi, dosent Elmira Nağıyeva da elmimizin bu görkəmli nümayəndəsinin Azərbaycanın  ziyalısının ən yüksək xüsusiyyətlərinin daşıyıcısı olduğunu dilə gətiriblər, həmçinin onun yorulmaz tədqiqatçılıq və təşkilatçılıq xüsusiyyətlərini vurğulayıblar. Qonaqlar, həmçinin, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda çapdan çıxmış "Motor yağları və onlara aşqarlar" kitabını da AMEA Gəncə Bölməsinə hədiyyə ediblər.    

Elmi-praktik konfransa Bakı və Gəncənin elm və ali təhsil müəssisələrində çalışan, neft kimyasının bir sıra aspektləri üzrə tədqiqatlar aparan mütəxəssislər qatılıblar. Bu elmi görüşdə sözügedən sahəyə aid 14 məruzə dinlənilib və onlar ətrafındə müzakirələr aparılıb. Akademik Əli Quliyevin yubileyinə ithaf edilən konfransın müvafiq sahədə çalışan gənc tədqiqatçılar üçün də faydalı olacağı qeyd edilib.

Zakir MURADOV

Gəncə

 





19.05.2022    çap et  çap et