525.Az

Azərbaycan və Türkiyə xanımlarının əl işləri xeyriyyə sərgisində


 

GƏNCLİYƏ YARDIM FONDUNUN KEÇİRDİYİ SƏRGİDƏN ƏLDƏ OLUNAN VƏSAİT ŞƏHİD VƏ QAZİ ÖVLADLARINA DƏSTƏK ÜÇÜN SƏRF EDİLƏCƏK

Azərbaycan və Türkiyə xanımlarının əl işləri xeyriyyə sərgisində<b style="color:red"></b>

Mayın 18-də Gəncliyə Yardım Fondu (GYF) Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan əl işlərindən ibarət 18-ci xeyriyyə sərgisi təşkil edib.

Açılış mərasimində tədbirin aparıcısı - Gəncliyə Yardım Fondunun ictimai əlaqələr şöbəsinin müdiri Eldar Kərimov bu xeyriyyə sərgisinin ənənəvi xarakter daşıdığını bildirib. E.Kərimov tədbirin məzmun və mahiyyətindən söz açaraq, builki sərgidən əldə olunan vəsaitin GYF-nin "Əmanətə sahib çıx" layihəsi çərçivəsində şəhid və qazi övladları üçün nəzərdə tutulduğunu vurğulayıb: "2022-ci ilin "Şuşa İli" elan edilməsi münasibətilə şəhid və qazi ailələri ziyarət olunaraq, buradan yığılan vəsaitlə onların övladlarına dəstək göstərmək nəzərdə tutulub". 

Gəncliyə Yardım Fondunun rəhbəri Əhməd Tecim Türkiyə-Azərbaycan qardaşlığının önəmindən, hazırkı yüksək səviyyəsindən qürurla bəhs edərək, bu ənənəvi  sərginin önəmli və əlamətdar tədbir olduğunu diqqətə çatdırıb: "Burada məğrur dayanan şəhid və qazi balaları ilə qürur duyuram. Bu qüruru, böyük zəfər sevincini hər birimiz yaşadığımız üçün onlara maddi və mənəvi dəstək olmaq borcumuzdur".

Millət vəkili Məlahət İbrahimqızı bu təbdirin təşkilini və ənənəyə çevrilməsini yüksək qiymətləndirib, iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin layiqli təbliğinin, şəhid və qazi ailələrinə dəstəyin vacib olduğunu vurğulayıb.

Millət vəkili Anar İsgəndərov GYF-nin həm müasir cəmiyyətimizdə, həm də Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində xüsusi rolu olduğunu deyərək, bu xeyriyyə sərgisinin də belə bir yüksək amala xidmət etdiyini bildirib. 

Millət vəkili Fazil Mustafa çıxışında şəhid və qazi ailələrinin maddi diqqətdən çox, mənəvi dəstəyə ehtiyac duyduqlarını önə çəkib: "İstər-istəməz, hər kəsin bəlli məişət qayğıları olur. Ancaq şəhid övladlarının, qazi və şəhid ailələrinin bizdən əsas gözləntisi onlara ehtiramla yanaşmağımız, diqqətli münasibət göstərməyimizdir.. Biz bu isti münasibəti onlardan əsirgəməməliyik. Bu zalda gördüyünüz fidan balalar bizim gələcəyimizdir. Onlar bu vətən uğrunda canını fəda etmiş ataları ilə həmişə fəxr edərək, belə məğrur dayanmalıdırlar. Gəncliyə Yardım Fondunun bu addımı məhz belə bir nəcib niyyətin təcəssümüdür”.

Millət vəkili Vüqar İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctmai Birliyinin sədri Sevinc Alızadə, müharibə veteranı kapitan Anar Məmmədov də çıxışlarında tədbirin əhəmiyyətini xüsusi qeyd edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Tədbirin davamında xeyriyyə sərgisinə çıxarılmış əl işlərinə baxış keçirilib, ziyarətçilər sərgilənən nümumələri yüksək qiymətləndiriblər. 

GYF-nin binasında təşkil olunmuş sərgi, mayın 21-i də daxil olmaqla, 4 gün davam edəcək. 

Əntiqə KƏRİMZADƏ

 





19.05.2022    çap et  çap et