Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın qurultayqabağı məruzəsi dinlənilib. Tədbirin açılışında yazıçı-dramaturq, AYB-nin katibi Elçin Hüseynbəyli qonaqları salamlayaraq, qısa və ümumi təqdimatdan sonra sözü məruzəçiyə verib.
A.Turanın müasir publisistikaya dair məruzəsi dinlənildikdən sonra E.Hüseynbəyli onunla bağlı fikirlərini bölüşüb: "Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı".
Məruzə barədə AYB-nin sədr müavini Rəşad Məcid də fikirlərini bölüşərək deyib:
"Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm".
AYB katibi İlqar Fəhmi məruzə barədə deyib: "Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedir".
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev bildirib ki, məruzənin A.Turana həvalə edilməsi yerində verilmiş qərardır: "Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir".
Tənqidçi Elnarə Akimova da məruzə haqqında fikirlərini bildirib: "Bu məruzədən sonra bir daha anladım ki, doğrudan da üslub - insandır. Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Düzdür, hər bir əsər haqqında ayrıca çox geniş yazmaq mümkündür, ancaq məruzə mahiyyətcə bir qədər məhduddur. Elə danışılanlardan danışılmayanlar da görünür. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb".
Professor Tofiq Məlikli, yazıçılardan Xeyrəddin Qoca, Səyyad Aran da məruzə ilə bağlı fikirlərini səsləndiriblər.
El Roman