525.Az

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib


 

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib<b style="color:red"></b>

Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası acan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, komitə sədri bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 3 məsələ - “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirkakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarına dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi  haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun layihələri 20 oktyabr 2020-ci il tarixli “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”  Qanuna uyğunlaşdırma xarakter daşıyır. 
Əhliman Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”  Qanun komitə tərəfindən hazırlanmışdır. Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O, bildirib ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva bildirib ki, 20 oktyabr 2020-ci il tarixdə Səhiyyə komitəsinin önəmli qanunlarından olan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra Əsas qanun) qəbul edilib. Həmin Qanunun tətbiqi barədə ölkə Prezidenti tərəfindən imzalanmış fərmanda normativ hüquqi aktların Əsas Qanuna uyğunlaşdırılması barədə tapşırıq verilib.

Kamalə Paşayeva vurğulayıb ki,  gündəlikdə olan məsələlərdən “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla başlayan və digər qanunlara da dəyişikliyi nəzərdə tutan layihə qeyd etdiyim tapşırıqdan irəli gələrək hazırlanmış və tamamilə uyğunlaşdırma xarakteri daşıyır.
Belə ki, qanun layihəsinin 39-cu maddəsinə “həkim konsiliumu” sözlərinin əlavə edilməsi Əsas Qanunda beyin ölümünün baş verməsi barədə məhz həkim konsiliumunun qərarı olmasından irəli gəlir və ona uyğunlaşdırılır. 40-cı maddədə isə transplantasiya məqsədi ilə insan orqan və (və ya) toxumalarının götürülməsi maddəsinin məzmunu tamamilə Əsas qanuna göndərici norma olaraq istinad edərək bu sahədə münasibətlərin tənzimlənməsini müəyyən edir.

Kəmalə Paşayeva qeyd edib ki, layihədə adları çəkilən digər qanunlarada uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər edilib.
O, məlumat verib ki, Əsas Qanun 2020-ci ilin dekabr ayında dərc edilsə də, Qanunun 35-ci maddəsinin tələbinə uyğun olaraq onun qüvvəyə minmə tarixi 2022-ci il yanvarın 1-i müəyyən edilmişdir. Elə ona görə də qanunvericilikdə boşluğun yaranmasının qarşısının alınması üçün bu Qanunun tətbiqi 2022-ci il yanvarın 1-dən nəzərdə tutulub.

Sonra iclasda Kəmalə Paşayeva gündəlikdə olan digər 2 layihə Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki,  “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” 34-cü maddəsi bu Qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Təqdim edilən dəyişikliklər də bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyinə uyğun olaraq 2 növ məsuliyyət nəzərdə tutur. Konkret olaraq hansı əməllərin cinayət, hansılarının inzibati xəta kimi müəyyən edilməsi layihələrdən görünür. O, qeyd edib ki, AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq ağırlaşdırıcı hallarda Qanunun geriyə qüvvəsi şamil olunmur. Ona görə də digər layihədən fərqli olaraq məsuliyyət növlərinin hüquqi əsasları yalnız bu qanunların dərc olunduğu gündən sonra qüvvəyə minəcək.

Qanun layihələrinin müzakirəsində Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı orqan toxumaları, transplantasiya, donorluğun aktuallığından danışıb, sənədlərlə bağlı fikirlərini söylədilər.
İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan sanksiyalar və cərimələrlə bağlı aydınlıq gətirib. 

Sonra qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Daha sonra Əhliman Əmiraslanov iclasda üçüncü oxunuşda olan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verdi. O, bildirib ki, sənəd "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğunlaşdırmanın həyata keçirilməsini təmin etmək üçün hazırlanıb. Qeyd edilib ki, layihə komitədə  və plenar iclasda iki oxunuşda baxılıb və qəbul olunub. 

Müzakirələrin sonunda deputatlar qanun layihəsini üçüncü oxunuşda plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Kamaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 





19.05.2022    çap et  çap et