525.Az

"Şuşa ili – Zəfərimizin tarixi” adlı məktəblilər üçün interaktiv muzey həftəsinə start verilib


 

"Şuşa ili – Zəfərimizin tarixi” adlı məktəblilər üçün interaktiv muzey həftəsinə start verilib<b style="color:red"></b>

Cari ilin 18-24 may tarixlərində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində bu il seçilən "Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqrama start verilib. Proqram Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir. 

525.az xəbər verir ki, proqramın məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi və bu sərəncama əsasən Azərbaycan və Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşa şəhərinin bu il 270 illik yubileyinin qeyd olunması məqsədi ilə milli-mədəni və tarixi irsimizin təbliğ olunması, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik qəhrəmanlığını, vətənpərvərliyini, fədakarlığını, milli-mənəvi dəyərlərə bağlılığını təbliğ etmək, Şuşada və Bakı  şəhərində  fəaliyyət  göstərən bir sıra tarixi abidələrin və muzeylərin  kolleksiya fondu ilə tanış  etməkdir.

Proqram çərçivəsində may ayının 18-24 tarixləri arasında hər gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Şuşa qalası,  Bülbülün ev-muzeyinə (Şuşa), Heydər Əliyev Mərkəzinə, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan İstiqlal Muzeyinə, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyinə, Azərbaycan Hərb Tarixi Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Tusi-Bohm Planetariuma,  Üzeyir Hacıbəyovun ev-muzeyinə, Bülbülün ev-muzeyinə, Qara Qarayevin ev-muzeyinə, ekskursiyalar təşkil ediləcək. 
Muzey həftəsi ərzində şagirdlərə muzeylərin bələdçiləri tərəfindən qorunan və ekspozisiyada nümayiş olunan eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat veriləcək.
"Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqramın onlayn formatda keçirilən açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, tarix üzrə fəlsəfə doktoru və əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin aparıcı mütəxəssisi Həlimə Tağıyeva, Şuşa şəhəri Ü.Hacıbəyovun ev-muzeyinin direktoru Nəsibə Eyvazova salamlama nitqi ilə çıxış ediblər.
         Mayın 18-də “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində "Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqramında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Şuşa şəhərində yerləşən Bülbülün ev muzeyinə və Şuşa qalasına “Zoom” platforması vasitəsilə onlayn ekskursiya təşkil olunub. 

Tədbirin sonu qonaqların şagirdlərin suallarını cavablandırması ilə yekunlaşıb.

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə “Muzey həftəsi” keçirilir.

 





19.05.2022    çap et  çap et