525.Az

Ağdamda Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib


 

Ağdamda Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib<b style="color:red"></b>

Mayın 17-19-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa İli”nə həsr edilən Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə Ağdam şəhərində ümummilli lider Heydər Əliyevin xatirə-abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərimizin və Həmzə Nigarinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, layihənin rəhbəri Şəhla Xəlilli açaraq, Simpoziumun Elmi və Təşkilat Komitəsi adından iştirakçıları salamlayıb, simpozium haqqında qısa məlumat verib. Bildirib ki, Amasiya (2012), Bakı-Qazax (2014), Şamaxı (2017), Amasiya-Merzifon-Suluova (2018) şəhərlərində keçirilən Beynəlxalq Həmzə Nigari Simpoziumunun beşincisinin Ağdam rayonunun Quzanlı qəsəbəsi və Qarapirimli kəndində təşkil olunması mühüm və mənalı hadisədir. O, gələn Simpoziumun Qarabağ həsrətli şairin, övliyanın doğulub boya-başa çatdığl Laçın rayonunun Cicimli kəndində keçirilməsini arzulayıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın islam və sufizm tarixindən danışıb, Həmzə Nigarinin övliya və şair şəxsiyyətindən bəhs edib, onun Qarabağa bağlılığının Qarabağ həsrətli şeirlərindən göründüyünü deyib. Həmçinin əsərlərinin Qafqaz və Anadoluda geniş yayıldığını, Türkiyənin Amasiya şəhərində azərbaycanlıların həmrəyliyində onun rolunu vurğulayıb. Simpoziumun Həmzə Nigarinin yetişdiyi Qarapirimli kəndində də təşkil edilməsinə diqqət çəkərək, Həmzə Nigari irsini araşdıranlara və təbliğ edənlərə minnətdalıq edib. O, Qarapirimli ocağının öyrənilməsi və tarix-mədəniyyət abidəsi kimi bərpa edilməsinin əhəmiyyətindən danışıb.

Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Qarabağda dünyaya göz açan və bütün Şərqə öz ədəbi fəlsəfi yaradıcılığı ilə nur saçan, Qarabağ sevgisini tərənnüm edən Seyid Mir Həmzə Nigariyə həsr olunan Beşinci Beynəlxalq Elmi Simpozium məhz Ağdamda Quzanlı qəsəbəsində keçirilməsinə ev sahibliyi etməkdən çox məmnunuq. "Qarabağ qara bağrımdır" deyən və Qarabağın həsrəti, nisgili ilə alışıb yanan bir şairin, övliyanın ruhunun bu gün çox rahat olduğunu vurğulayıb. Çünki, onun doğulduğu Laçın rayonunun Cicimli kəndi, dərs aldığı Ağdam rayonunun Qarapirimli kəndi, ədəbi məclislərinə qatıldığı Şuşa şəhəri, qohumlarının, əzizlərinin yaşadığı Qubadlı rayonunun Mirlər kəndi Müzəffər Ali Baş Komandanımızın və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində artıq azaddır.

Sonra Amasiya Universitetinin rektoru Süleyman Elmacı, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov, Laçın rayonunun Cicimli kəndi ziyalısı Şikar Qasımov, Həmzə Nigarinin qohumları adından Xəyalə Həmidova, Amasiya Azərbaycan Türkləri Kültür və Sanat Dayanışma Dərnəyi adından Muttalip Ulutanrıverdi çıxış ediblər.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnsitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri Qafar Cəbiyev "Qarabağ - qədim insanın təşəkkülü və mədəniyyətlərin təkamülü diyarı", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Nəzakət Məmmədli "Mir Həmzə Nigarinin eşq fəlsəfəsi", Türkiyə Cümhuriyyəti Amasya Universiteti Fənn-Ədəbiyyat fakültəsinin müəllimi Metin Hakverdioğlu "Müctəhid-zadə Mehmet Ağa (Müştəri) Divanında Qarabağ şeirləri", “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli "Qarabağ və Şərqi Zəngəzur irsini sənədləşdirmə məsələləri" mövzusunda açılış məruzələri söyləyiblər.

Simpozium bədii hissə ilə davam edib.

Mayın 18-də Simpozium Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində dörd bölmədə işini davam etdirib. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının Həmzə Nigari, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya, Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları kimi mövzularda məruzələri dinlənilib. Simpozium günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət İqtisad Univeristetinin tələbələrinin Qarabağa və Həmzə Nigariyə həsr etdiyi rəsm və dekorativ işlərinin sərgisi nümayiş olunub.

Mayın 19-da Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində tarix-mədəniyyət abidələrini, o cümlədən Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət ediblər.

 





19.05.2022    çap et  çap et