525.Az

Təbiəti təbiiliyindən çıxarmayaq...


 

Təbiəti təbiiliyindən çıxarmayaq...<b style="color:red"></b>

Azərbaycan kimi qədim, gözəl zəngin təbiətə malik ölkə çox azdır. Bunu dəfələrlə öz alimlərimizin , xarici mütəxəssislərin   dilindən   eşitmişəm.

Görülmüş işləri sadalamaq qədər xoşdursa, görülməmiş işləri yada salmaq bir o qədər ağırdır.  Düzdür, təbiətə qənim kəsilənlərin amansızlığı qədər təbiət qənimlərinə qarşı qəddar ola bilməsəm , deməliyəm ki, bilərəkdən bilməyərəkdən təbiətimizə zərbə endirmək cinayətdir. Bu, bədxah qonşularımızın dəyirmanına su tökmək, onların qara əməllərinə, insanlığa sığmayan əməllərinə içimizdən rəvac verməkdir. 

Nazirlər Kabinetinin 2014- ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev iclasda dedi: "Biz ekoloji məsələlərlə bağlı məsələni daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti , məni narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya Təbii Sərvətlər Nazirliyinin rəyi ilə hardasa ağac ya köçürülə, ya da kəsilə bilər... Biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabrçılıqdır, bu, cinayətdir..."

Sözsüz ki, hər şey rəvan , hər şey rahat başa gəlmir. Elə təbiətimzin qorunması kimi qlobal məsələ o cümlədən. Bir şahid olursan ki, dövlətin, Vətənin çörəyini yeyən bəzi məmurlar vətəndaşlıq ləyaqətini itirərək təbiətimizə sağalmaz yaralar vurur. Bir görürsən ki,  günün günorta çağı bəzi məmurların himayəsi ilə şəhərin, rayonun ən münasib, gözəgəlimli yerində 40-50 illik, bəzən daha yaşlı, daha cavan ağaclar bir göz qırpımında yerə sərildi. Xəbər tutunca, artıq gec olur. Belə məmurun şəhərsalmadan, ekologiyadan xəbəri yoxdur. Şəhər təsərrüfatında yaşıllığın yerini bilməyən, illər boyu bir ağaca çəkilən zəhməti dərk etməyən insanlar nadanlardır. Təsəvvür edin ki, ölkəmizin bütün rayon mərkəzlərində, şəhərlərdə, iri yaşayış məntəqələrində az ya çox dərəcədə gizli, yaxud aşkar şəkildə ağaclara yabançı müdaxilə davam etməkdədir. Axı, hər məmurun vicdanından bir fərman asmaq olmaz! Qəlbdə od olmasa, Vətənə istək olmaz.

Meşələr ekologiyanın məhək daşıdır. Meşələrin insanın həyatında oynadığı əvəzsiz rolu heç ilə müqayisə etmək olmaz. Meşələr ciyərlərimizdir. O, torpaq yuyulmasının, eroziyanın qarşısını alır, bulaqları, çayları, iqlimi tənzimləyir. Meşələr heyvanların, quşların  yaşayış yeridir. Meşələrin zənginliyi təbiətin sağlamlığının rəmzidir. İndi diqqət edək: təbiətin bu sərvətinə anlayışla cavab verilirmi? Faciə orasındadır ki, bəzən meşələri qorumalı olan yerli məmurlar meşə torpaqlarını sözün həqiqi mənasında hərraca qoyurlar. Nəinki minillik ağaclar, meşəliklər qırdırılır, hətta meşəaltı torpaqlar satılır. Meşələrin ərazisində evlər tikilir, "sanatoriyalar" salınır. Fəlakət burasındadır ki, bu hal kütləviləşməkdədir. Belə çıxır ki, qanunların humanizmi təbiətin əleyhinə işləyir. Ya bəzi məmurlara qarşı münasibəti, ya da qanunları sərtləşdirməliyik.

Dövlətimizin başçısı cənab İlham Əliyev xüsusi mühafizə olunan təbiət ərazilərinə daim diqqət yetirir. Yeni parklar, qoruqlar yaradılır, əvvəlkilər bərpa edilir. Milli parklarımız,  yaşıllıqlarımız dünya əhəmiyyətlidir. Xüsusi mühafizə olunan ərazilərin qorunmasına həmişə məsuliyyətlə yanaşılmır. Bəzən hətta belə ərazilərdən şəxsi məqsədləri üçün təbiətimizin ziyanına istifadə edirlər.

Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar cənab Prezidentin imzaladığı 8 sərəncam uğurla həyata keçirilir. Xüsusilə aparılan geniş miqyaslı tikinti-abadlıq işləri hesabına Lənkəran şəhərinin siması dəyişir. Başqa sözlə desək, Lənkəranı turizim şəhərinə çevirmək istiqamətində mühüm addımlar atılır. Təbii ki, bu vacib işdə sahibkarların da öz töhfəsi var. Əlbəttə, ticarət, iaşə, mədəni-məişət s. obyektlərin tikintisi, yeni yerlərinin açılması lazımdır, bu, zamanın tələbidir. Lakin tikintilər üçün münasib yerlər ayrılmalı bu məqsədlə ağaclar kəsilməməli, yaşıllıqlar məhv edilməməlidir. Lənkəran şəhərinin mərkəzində azərbaycanlıların soyqırımı abidə-kompleksinin yerləşdiyi parkda məhz belə bir qanunsuzluğa yol verilib. Dörd aydan çoxdur ki, burada tikinti aparılır.  Təbii ki, tikinti başa çatanda 10-na yaxın ağac öz həyatı ilə vidalaşacaq. Görəsən mərkəzdə avtoyuma məntəqəsinin tikintisinə ehtiyac vardımı? Eyni zamanda bu qeyri-qanuni tikinti xatirəsinə abidə ucaldılan şəhidlərin ruhuna hörmətsizlik deyilmi? Parkın ərazisini zəbt etməyə imkan verənlər saxta yolla bunu sənədləşdirənlər gərək qabaqcadan düşünəydilər. Axı, tikinti üçün torpaq sahəsi ayırmada ekoloqların rəyi niyə nəzərə alınmır? Bu, Lənkəran şəhərinin ümumi gözəlliyinə xələl gətirir. Necə ola bilər ki, soyqırım abidəsinin yanında avtoyuma digər xidmət məntəqələri  fəaliyyət göstərsin. Belə hallar gənclərin vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərir. Eyni zamanda bu vacib məsələdə rayon memarlıq şöbəsi daha çox məsuliyyət daşımalıdır.

Xəzərin akvatoriyası bioloji müxtəlifliyi, nadirliyi ilə dünya ekoloqlarını valeh edir. Son vaxtlar Xəzərin bioresursları problemlərlə üzləşir. Dəniz sahili qumlarının daşınıb inşaat materialı kimi istifadə edilməsi yolverilməzdir. Təəssüf ki, dəniz sahilləri az qala qum karxanasına çevrilib. Bu qeydlərin sayını artırmaq da olar. Təmtəraqsız deməliyik, əsrimiz ekoloji balanslaşdırma əsridir. Biz ətraf mühitin saflığına, təmizliyinə daim diqqət yetirməli, həyəcan təbili çalmalıyıq. Nəyə gücümüz çatırsa, onu həyata keçirməli, gücümüz çatmayan problemləri (məsələn, təbiətin insanlığın düşməni olan erməni faşistlərinin ölkəmizin ekologiyasına vurduqları ölçüyəgəlməz ziyanı) beynəlxalq təşkilatların  köməyi ilə aradan qaldırmağa çalışmalıyıq.

İnanırıq ki, ölkəmizin buna qüdrəti çatar. Bunun üçün hamımız əl-ələ verib, milli maraqlarımız naminə ölkəmizin ekologiyasını qorumalı, daha da sağlamlaşdırmalıyıq. Ekologiya həm mədəniyyətdir. Bizim xalqımız bir çox sahələrdə olduğu kimi ekomədəniyyətdə nümunə olmalıdır. Təbiətə münasibət dünyaya, bəşəriyyətə münasibətdir. Təbiətə məhəbbət həyata , insanlara məhəbbətdir.

Prezidentin ətraf mühitin mühafizəsi ilə bağlı sərəncamları Ekologiya Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən respublikamızın bütün bölgələrində müntəzəm olaraq təbliğ olunur.

Ana təbiət qarşısında hər bir sıravi vətəndaş öz məsuliyyətini hiss etməlidir. Yurdumuzun  gözəlliyini qorumaq hamının vətəndaşlıq borcu olmalıdır.      

 

Bəxtiyar HÜSEYNOV

 





30.05.2014    çap et  çap et