525.Az

Nobelin dəfni və vəsiyyətnaməsi - Sosial şəbəkədə yazılanlar


 

Nobelin dəfni və vəsiyyətnaməsi -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vüsalə Məmmədova, jurnalist:

- Bəzi məktəblərdə IX sinfin buraxılış imtahanlarında zəif nəticə göstərən şagirdləri sıxırlar. Hətta 11 illik təhsil almağa gərək yoxdur, kollecə, peşə təhsilinə yönəlməyi tövsiyə edirlər.

O məktəblərdəki praktikantlar isə şagirdlərə 11 illik təhsilin onların hüququ olduğunu, növbəti iki ildə çalışıb, yaxşı nəticələr göstərə biləcəklərini, hələ hər şeyin qabaqda olduğunu bildirirlər. Həm uşaqları təhsilə həvəsləndirir, həm mübarizə əzmi yaradır, həm də yeniyetmə ağlı ilə hər hansı bir yanlış etməkdən çəkindirirlər. Həyata bağlayırlar.

Qısası, o praktikantlar bu gün əsl müəllim funksiyasını yerinə yetirirlər. Onlar müəllim kimi işə başlayanda təhsildə və cəmiyyətdə müsbət dəyişikliklər edəcəklər, əminəm.

Bütün praktikantlara sevgilər!

***

Eynulla Fətullayev, jurnalist:

- Yeddi ildən artıqdır general-polkovnik Eldar Mahmudovun quldur dəstəsinin törətdiyi cinayətlərdən bəhs edirəm...Sadalamaqla bitmir! Aman Allah, bunlar nə qədər qan töküb, qarət ediblər. Məncə, bu cinayətkar qruplaşma haqda maraqlı serial çəkmək olar. Santa-Barbara kimi bitməyəcək.

***

Etibar Əliyev, millət vəkili:

- Avstraliya Milli Universiteti və Nevada (ABŞ) Universitetinin bir qrup tədqiqatçısı müxtəlif ölkələrdə evlərdə orta hesabla kitabların sayını müəyyənləşdirməyə cəhd ediblər. Birinci yeri estonlar tutur:

Estoniya - 218 kitab; Norveç - 212; Çexiya - 204; Danimarka -192; Rusiya - 154; Almaniya - 151, Avstraliya - 148; Böyük Britaniya - 143; Kanada - 125; Fransa - 117; ABŞ - 114; İrlandiya- 107; Yaponiya - 102; Belçika - 95; Çili - 52; Türkiyə - 27.

Bizdə neçədir? Kitab mağazalarında yeni nəşr olunmuş kitabların tirajına və yatıb qalmış kitabların sayına görə bunu müəyyən etmək olar. Tanınmış naşir Şahbaz Xuduoğlu yazır: "Bütün əsərləri" seriyasında Mikayıl Müşfiq və Cəfər Cabbarlını nəşr etdik. Bu vaxta qədər, yəni iki ildə müvafiq olaraq 84, 60 ədəd kitab satılıb.

Səlcuqlar və Atabəylər tarixindən bəhs edən Əkbər Nəcəfin çox fundamental bir əsərini 300 ədəd nəşr etdik, 2013-cü ildə. Çox hissəsini hədiyyə etdim. Alan olmadı.

Məhəmməd Əmin Rəsulzadənin əsərlərini mən çox ürəklə nəşr etməkdə davam edirəm. Şirməmməd Hüseynov hazırlayırdı, cəmi 300 ədəd, yaxud 500 ədəd nəşr edirdik, onun 100 ədədini özü götürüb paylayırdı, bizə qalanı isə illərlə satırıq, bitmir ki bitmir.

Rüstəm İbrahimbəyovun ilk dəfə ikicildliyini nəşr etdik, təqdimat da keçirdik, cəmi 20 ədəd kitab satılıb.

Ötən il "Nizami Gəncəvi İli" idi, orta hesabla 50 "Xəmsə" satılıb, ondan öncə "Nəsimi İli" idi, "Məndə sığar iki cahan" kitabı 36 ədəd satılıb.

10 "Qarabağnamə"ni özündə toplayan "Qarabağnamələr" il boyu 40 ədəd satılıb. Və s.

***

Asəf Quliyev, jurnalist:

- 15 gündür ki, Ermənistanda itaətsizlik aksiyaları keçirilir. Bu 15 gündə polis çox səbrlə hərəkət edirdi.

Dünən Kremldə Paşinyan və Putin görüşdü.

Bu gün həbs olunanların sayı 400-ü keçdi. Halbuki bu gün aksiyada iştirak edənlərin sayı əvvəlkilərdən xeyli az idi.

Həbs olunanlar arasında Sarkisyanın müavini, Köçəryanın oğlu, müxaliflərdən olan deputat da var...

***

Ulucay Akif, şair:

- Həqiqətən çox qəribə millətik e. Restoranda ofisiantla mədəni, adam kimi danışanda səni saymır, düz-əməlli xidmət eləmir. Elə bilir ki, mədəni danışırsansa, deməli, kasıbsan, acından ölürsən. Duzu yarım saata gətirir, çörəyi bir saata. Bir şeyi 50 dəfə istəyirsən.

Mütləq gərək eşşək kimi danışasan, hörmət eləməyəsən, deyəsən ki, "noooldu əəəə çörək?!" Onda başa düşəcək ki, pulun var, imkanlı adamsan, tez əl-ayağa düşüb adam balası kimi xidmət eləyəcək.

***  

Altay Göyüşov, tarix elmləri doktoru:

- Jurnalistin sualına Peskov ehtiyatla cavab verir ki, təzə "Moskviç" qəşəng olsa, Putin ondan bir dənə əlbəttə, alar. Deyə-deyə də bığlarının altında gülür.

Bu "Moskviç" söhbəti axırda Putin dövrünün ən böyük lətifəsinə dönəcək.

Ən azı iki dəfə olub. Deməli, birincisində Putini aparıblar zavoddan təzə çıxmış "Lada"nı göstərməyə, bu da nəyə görəsə əvvəl baqajnikə yaxınlaşdı, ha əlləşdi təzə maşının baqajniki açılmadı. Sonra getdi oturdu maşına, starteri bir-iki fırladır, maşın xodlanmır.

İkincisində buna UAZ göstərirlər, qapını aça bilmir, bir general gəldi buna kömək etsin, qapının dəstəsi qırıldı qaldı əlində.

Yəni Peskov əvvəldən bilir ki, təzə "Moskviç" təxminən necə olacaq.

***

Sənan Nəcəfov, jurnalist:

- İngilis tərcüməçi Lora Bennet italyan müəllif Emanuele Culianellinin "Qarabağ" FK haqda yazdığı kitabın tərcüməsini yekunlaşdırıb. Kitab, Amazonda ingilis və italyan dillərində satılır.

***

Cavid Zeynallı, yazıçı:

- 1896-cı il, 10 dekabr. Alfred Nobel İtaliyanın San-Remo şəhərində vəfat edir. Yanında fransız qulluqçudan başqa heç kim yox idi. Ana dilində dediyi son sözlərini isə qulluqçu başa düşməmişdi. Vida mərasimi üçün İsveç nümayəndəliyinin keşişi dəvət edilir. Keşişin Nobelin cənazəsi üstündə söylədiyi nitq bu sözlərlə bitirdi:

"...Ölüm üçün milyonluq sərvət sahibi ilə adi muzdur, dahi ilə cahil arasında heç bir fərq yoxdur. Ölüm hamını bərabərləşdirir. Çünki o biri dünyaya nə var-dövləti, nə şan şöhrəti, nə də dahiliyi aparmaq mümkündür".

Maraqlısı həm də odur ki, Alfred Nobel vəsiyyətnaməsində qardaşı qızları ilə bərabər, bağbanını da unutmamışdı. O, ildə 300 frank almalı idi.

Nobelin ölüm xəbəri beş gündən sonra Bakıya gəlib çatır. "Kaspi" qəzeti onun haqqında nekroloq dərc edir.

***

Fehruz Şəmiyev, Beynəlxalq Qısa Filmlər Festivalının rəhbəri:

- Zelinski Avropa parlamentlərini "onlayn" gəzdikdən sonra indi də Kann festivalının açılışına gəlib çıxıb. Bu jesti ilə sənətkar özünün aktyor olduğunu xatırlatmaq istəyir, yoxsa başqa səbəb var.... Zatən Avropanın bir siyasi məclisi, parlamenti qalmayıb ki, orada görünməsin.

Doğrudanmı müxtəlif siyasi toplantılara qatılan Zelinskinin Kann Film Festivalının açılış mərasimində çıxışı bu qədər vacibdir?

***

Mirvari Qəhrəmanlı, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın sədri:

- İndicə aldığım məlumata görə, "Azəriqaz" rayon xidmət sahələrinin bəzi idarələrinin rəis müavinləri, Regional qaz istismari idarələrində fəaliyyət göstərən istehlakçılara satılan qaza nəzarət şöbələrinin və Qazın balansı və hesabatı şöbələrinin rəislərinin vəzifədən uzaqlaşdırılması üçün tədbirlər görülür. Səbəb isə əhali abonentlərinə əlavə qaz həcminin yüklənməsi və süni borcun yaradılmasıdır.

***

Ülviyyə Heydərova, jurnalist:

- Oktyabr ayında Bakı Konqres Mərkəzində Əzizə Mustafazadənin konserti olacaq. Biletlər artıq demək olar satılıb... Ümid qalıb caz Tanrısına...

***

Alqış Musayev, jurnalist:

- 1980-ci ildə Azərbaycanın Xalq şairi Rəsul Rza "Sosialist əməyi qəhrəmanı" adına layiq görülür. Və erməni xisləti buna dərhal reaksiya verir.

Mərkəzi Komitəyə etdiyi şikayətdə Xanzadyan sübut etməyə çalışırdı ki, Rəsul Rzanın belə yüksək fəxri adla təltif edilməsi düzgün deyil. Çünki Rəsul Rza "Babək" ("Xəyanətin qurbanı") adlı poema yazıb. Və o, əsərdə milliyyətcə erməni olan Səhl Sumbatı xəyanətkarlıqda suçlayıb. Bu, bütünlükdə erməni xalqını təhqir etməyə bərabərdir. Kommunist Partiyasının internasionalist xəttinə ziddir və sair...

***

Səməd Vəkilov, hüquqşünas:

- Bu gün Qazi Mustafa Kamal Atatürkün Qurtuluş savaşının başlanmasının ilk addımlarından olan Samsuna göndərilməsinin ildönümüdür. 19 may Türkiyədə Atatürkü anma gənclik və idman bayramı kimi qeyd edilir! Qurtuluş savaşın mübarək Türkiyəm!

***

Kənan Məstəliyev, jurnalist:

- "Turan"ın yeni baş məşqçisi Ayxan Abbasov olacaq. Ən doğru, ən optimal qərardır. Onun işini həmişə bəyənmişəm. Digər namizədləri heç müzakirə etməyə dəyməzdi, onların nəsə edə biləcəyinə mən də inanmırdım. Ayxanda ən azı komandanı müəyyən səviyyədən aşağı düşməyə qoymayacaq potensial var. Amma bütün bunlar büdcədən asılı olacaq. 500 minlə ora Ayxan yox, lap Ançelotti də gəlsə, xilas edə bilməyəcək.

 





20.05.2022    çap et  çap et