525.Az

Bizə bişir bir qayğanaq... - Əlisəfdər Hüseynov yazır


 

Bizə bişir bir qayğanaq...  -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Unudulmaz maestro Niyazinin ruhuna və söhbətlərindən bu yazının mövzusunu götürdüyüm gənc, istedadlı dirijor Mustafa Mehmandarova

***

Maestro yuxudan oyanan kimi adəti üzrə saatına baxıb cəld yerindən qalxdı - yayın cırhacırında Həcərin təkidi ilə bura - xudmani istirahət evinə gəldiyi ilk gündən özünə gün rejimi qurmuşdu və həmin rejimin ilk bəndi belə idi: sübh tezdən qalxaraq dəniz tərəfdən əsən sərin mehi ciyərlərinə, pəncərədən içəri dolan gül-çiçəyin ətrini ruhuna hopdurub quşların cəh-cəhi ilə süslənmiş hələ ki xəyali "Yay simfoniyası"nı dinləyə-dinləyə bu asudəlikdən zövq almaq. Maestro heç vəchlə bu şansı əldən vermək istəmirdi. Ona görə də hər səhər hamıdan tez oyanıb həyətə düşür, ən azından 10-15 dəqiqə bu meh - ətir - cəh-cəh ümmanına baş vurub ruhunu təzələyirdi.

Ətəyi dizlərindən bir qarış aşağıda qurtaran yüngül yay şalvarını geyinib nazik idman köynəyini əyninə keçirdi, kimsəsiz dəhlizdən keçib həyətə çıxdı və o andaca həmin o meh güllərin ətrinə, quşların cəh-cəhinə qarışıb elə bir aura yaratdı ki, maestro bir anlığa harada olduğunu unutdu - ona elə gəldi ki, bədəni burada, bu istirahət evinin həyətində olsa da, ruhu yerdən uzaq hansısa məchul bir məkanda uçur; bu anlarda həmin o sirli məkandan geri qayıtmaq öz xoşunla cənnətdən imtina etmək kimi bir şey olardı və qətiyyən maestronun planına daxil deyildi, çünki ruhu həmin o sirli məkanda pərvaz etdikcə sanki qeybdən gələn qəribə səslər eşidirdi - nə vaxtsa yazılacaq, nota köçürüləcək "Yay simfoniyası"nın ilk səslərini...

Ayaqları yerdə, ruhu isə göydə olan maestro həmin o yazılmamış simfoniyanın ilk melodiyalarını ürəyində səsləndirə-səsləndirə dar səki ilə irəli yeridi, hər axşam nərd oynadıqları kiçik gülafəngiyə tərəf addımladı. Amma ora çatmaq maestroya nəsib olmadı - təxminən 10-12 yaşlı bir oğlan uşağı qəfildən sol tərəfdən səkiyə çıxıb onu yüngülcə diksindirdi.

"Yəqin burda dincələn musiqiçilərdən birinin oğludur" - deyə maestro fikirləşdi. - "Görəsən, şirin sübh yuxusuna haram qatıb həyətdə nə axtarır bu?"

- Sən burada neynirsən, qırışmal?

Əslində elə uşaq da bir az diksinmişdi - maestro bunu dərhal hiss elədi. Amma uşağın ona dikilmiş gözlərində təlaş, təşviş, səksəkə yox, qəribə bir təəccüb və maraq ifadəsi gördü.

- Nədir ə, bir dillənsənə - maestro ərkyana tərzdə uşağı bu naqolay vəziyyətdən çıxarmaq istədi.

Nəhayət, uşağın dili açıldı, titrək səsi eşidildi:

- Niyazi əmi, sizsiniz?

Maestro gülümsədi:

- Nədir, oxşamıram?

Uşaq bir az çəkinə-çəkinə:

- Yox, oxşamırsınız - dedi. - Üzdən oxşayırsınız, amma...

- Nə amma, bala? - maraq maestronu götürdü və hiss elədi ki, özü də yavaş-yavaş uşaqlaşır.

Uşaq ağzını doldurub nə isə demək istəsə də, susdu - görünür, fikrindən keçənləri deməyə cəsarət etmirdi.

- Qorxma bala, de. Niyazi əminin canına and olsun ki, incimərəm.

Nəhayət, uşaq bir az sakit, amma ürkək səslə dedi:

- Mən sizi bu paltarda təsəvvür edə bilmirəm ey, Niyazi əmi.

- Niyə? Mənim paltarıma nə olub ki? - maestro başını bir az əyib aşağıdan yuxarı özünü süzdü.

- Mən sizi həmişə qara frakda, ağ sviterdə görmüşəm. Özü də bir quş var ey,.. hə qartal, bax ona oxşayırsınız həmişə.

Maestro içindən qalxıb boğazına dirənən gülüşü zorla boğdu...

- İndi necə, sərçəyə oxşayıram?

Uşaq qulaqlarının dibinə kimi qıpqırmızı qızardı. Maestro anladı ki, aralarındakı yaş fərqi ona bu uşaqla ürəyi istədiyi kimi zarafat etməyə imkan verməyəcək və aranı açmaq, tarazlıq yaratmaq üçün o, nə isə etməlidir.

Qəfildən uşağın qolundan tutub:

- Gəlsənə, br az oturaq - dedi və cavab gözləmədən uşaqla birgə gülafəngiyə tərəf addımladı...

Bura istirahət evində maestronun ən xoşladığı yer idi. Axşamlar isti səngiyəndən sonra qonşu istirahət və yaradıcılıq evlərində dincələn tanış yazıçılar, şairlər də bura yığışır, söhbət edir, zarafatlaşırdılar. Sonra nərd yarışması başlayırdı və lətifənin, atmacanın biri olurdu bir qəpik - gülüş səsləri, gülməli replikalar bir-birinə calanırdı, istirahət evindəkilərin hamısı bilirdi ki, nərd daşlarını şaqqıldadanlardan biri maestrodur.

Maestro zarafatcıl, ünsiyyətcil adam idi, hərçənd onu xoşlamayanlar, tələbkarlığından, prinsipiallığından irəli gələn sərtliyini kobudluq kimi qələmə verənlər də vardı. Amma onu yaxından tanıyanlar bilirdilər ki, maestro uşaq kimi kövrək, böyüklə böyük, uşaqla uşaq kimi davranmağı Azərbaycanda bəlkə də hamıdan yaxşı bacaran sehrbazdır. Düzdür, hərdən özünün də uşağa dönüb şıltaqlıq eləməyi, gözlənilməz, qəfil gedişlərlə hamını təəccübləndirməyi vardı və əgər xanımı Həcər yox, bir başqası olsaydı, şələ-küləsini çoxdan yığışdırıb maestronu köməksiz, tək qoyardı.

Amma Həcər xanım onu təkcə həyat yoldaşı kimi yox, həm də ərköyün, şıltaq övladı kimi sevir, əzizləyir və nazı ilə oynayırdı. Çünki ailə həyatının ilk illərində qarşılaşdıqları əziyyətləri, mərhumiyyətləri əl-ələ, çiyin-çiyinə bir yerdə keçmişdilər, kasibçılığın, pulsuzluğun ağrı-acısını şirin zarafatlarla zəqqumdan noğula, şəkərə çevirməyi bacarmışdılar. Qəzeti bir neçə dəfə qatlayıb Niyazinin yırtıq ayaqqabılarının içinə qoyduqları günlərdə belə inanmışdılar ki, yaman günün ömrü az olacaq. Azmı oldu, ya çoxmu oldu - demək çətindir, amma bir vaxtlar ağır atletika ilə məşğul olub neçə-neçə respublika rekorduna imza atan Niyazinin sonralar ağır xəstəliyə - vərəmə tutulmasında, ağ ciyərinin az qala bir tayını itirməsində o yırtıq ayaqqabıların, o qatlanmış qəzetin vəfasızının da heç şübhəsiz ki, müəyyən rolu olmuşdu.

Xəstələnib yatağa düşəndə Niyazinin şıltaqlığı, ərköyünlüyü bəzən həddini aşıb cığallığa dönürdü. Həcər idi ki hər şeyə dözürdü, hər dəfə xanımının onun bu ağır xəstəliyindən iyrənməməsinə əmin olmaq üçün yeməyi öz qaşığı ilə götürüb - "Al, birinci sən ye" - deyən ərinin qəlbini qırmırdı... və beləcə onun Həcərlə bağlı sərgüzəştləri, neçə il əvvəl bir-birinə qoşulub qaçan bu iki sevgilinin az qala etalona, meyara çevrilən məhəbbəti, sədaqəti barədə bir az gülməli, qəribə əhvalatlar dildən-dilə, ağızdan-ağıza keçib nağıllara çevrilirdi.

Maestro skamyada əyləşən kimi soruşdu:

- Adın nədir sənin?

- Murad.

- Bura bax, Murad bala, nəyə görə sən elə fikirləşirsən ki, mən həmişə əynimə frak geyib, boğazıma qalstuk bağlamalı və sən deyən kimi qartala oxşamalıyam?

Murad karıxdı, bir müddət cavab vermədi, handan-hana:

- Bilmirəm, Niyazi əmi - dedi, - Bircə onu  bilirəm ki, dirijorluq edəndə siz özünüzdən böyük görünürsünüz.

"Bu uşağın çox obrazlı təfəkkürü var" - maestro fikirləşdi.

- Atam deyir ki, Niyazi əmi dünyanın ən yaxşı dirijorlarından biri, səslərin dilini hamıdan yaxşı bilən qeyri-adi şəxsdir. Ona görə də sizi bu paltarda təsəvvür edə bilmirəm. Neçə gündür baxıram - siz çox sadə adamsınız.

Maestronun xüsusi dirijorluq təhsili yox idi, nə vaxtsa qəzetlərin birinə verdiyi müsahibədə etiraf etmişdi ki, bu sənətə təsadüfən gəlib - respublikada peşəkar dirijor olmadığına görə gənc yaşlarında yazdığı əsərə elə özü dirijorluq etmək fikrinə düşüb və bu təsadüf də onun taleyini, ömür yolunu birdəfəlik müəyyənləşdirib. Amma indi onun həmsöhbəti jurnalist yox, dünyanın isti-soyuğundan xəbəri olmayan sadəlövh bir uşaq idi - onunla belə incə məsələni xırdalamaq, fikir bölüşmək qətiyyən yerinə düşməzdi...

- Ay oğul, hamının birinci vəzifəsi Allahın boynumuza qoyduğu insanlıq borcunu yerinə yetirməkdir də. Qalan şeylər sonra gəlir.

Bəlkə də maestronun dediklərinin məğzini tam başa düşmədiyinə görə uşaq dinmədi.

Maestro da fikrə getdi. Qəfildən saatına baxıb üzünü həmsöhbətinə tutdu:

- Bura bax, gəlsənə ikilikdə Həcər xanıma bir sürpriz edək?

Uşaq təəccüblə:

- Nə sürpriz, Niyazi əmi? - soruşdu. Sonra sifətindəki ifadə dəyişdi, gülümsəyə-gülümsəyə əlavə etdi - Mən Həcər xala haqqında çox eşitmişəm. Deyirlər, əla plov bişirir.

- Plov məsələsini sonraya saxlayaq. Bax, səhər yeməyinə xeyli var. Hələ hamı yatıb. Bizsə bir yerdə durub gedəcəyik şəhərə - mənim evimə, Həcər xanımın bişirdiyi qayğanağı yeyib qayıdacağıq geri. Hə, necədir?

Uşaq bu qeyri-adi təklifə bərəlib hədəqəsindən çıxmış gözlərindəki qeyri-adi ifadə ilə cavab verdi...

Maestro qəti hərəkətlə ayağa qalxıb:

- Dur, əzizim - dedi. - Yolçu yolda gərək.

- Bu paltarda, Niyazi əmi? - uşağın səsi sanki dərin bir quyunun dibindən gəldi.

- Hə, bu paltarda. Nə olub ey, mənim paltarıma? Yoxsa inanmırsan mənə?

- Yox, inanmıram.

- Nəyə inanmırsan, ay qırışmal?

- İnanmaram ki, bu paltarda şəhərə gedəsiniz.

- Gəl mərcə girək - maestro bildi ki, uşaq əlini irəli uzadıb mərc qoşmaq halında deyil. Ona görə də irəli yeriyib uşağın sağ əlindən yapışaraq qaldırdı və çeçələ barmağını onun çeçələ barmağına keçirib yüngülcə dartdı...

Təxmimən 40 dəqiqədən sonra onların əyləşdiyi taksi Nizami kinoteatrının qarşısındakı binanın həyətinə burulub maestronun mənzilinə qalxan girişin ağzında dayandı. Maestro maşından düşüb sürücüyə dedi ki, iki dəfə uzun, bir dəfə qısa siqnal versin - bu, Həcərə "maestro girişdədir" siqnalı idi.

Çox gözləmək lazım gəlmədi - bir neçə saniyə sonra örtülü eyvanın açıq pəncərəsində Həcər xanım göründü.

- Bu nə hələtdir, Niyazi? Paltarlarını oğurlayıblar, nədir? - Həcər xanım yenə uşağa  dönmüş ərinin növbəti şıltaqlığını bu dəfə də zarafatla qarşıladı.

- Mənim paltarımı oğurlayanın gərək yeddi başı olsun, Həcər. Balaca dostumla mərci udmuşam. Qayğanaq yeməyə gəlmişik. Keç mətbəxə. Necə deyərlər, "Biz gəlmişik sənə qonaq,.. Bizə bişir bir qayğanaq..."

Ardınca da ürəkdən güldü və nəyə görəsə başını qaldırıb bir müddət tərtəmiz səmaya baxdı...

 





20.05.2022    çap et  çap et