525.Az

Ana dilimizin tədrisinə, çağdaş dilçiliyə mühüm töhfə


 

Ana dilimizin tədrisinə, çağdaş dilçiliyə mühüm töhfə<b style="color:red"></b>

Respublikamız müstəqillik dövrünə qədəm qoyduqdan sonra, xüsusilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, bir ucu Qərbdən, digər ucu Şərqdən gələn tarixi və strateji əhəmiyyətli Naxçıvan Muxtar Respublikasında sarsılmaz özülə malik milli-mənəvi dəyərlərimizə, elm və təhsil sahəsinə, ədəbi yaradıcılığa qayğı artıb. Naxçıvan həmişə sözün, sənətin, ədəbiyyatın beşiyi kimi şöhrət qazanıb. Bu doğma diyar dünya mədəniyyətinə nadir incilər bəxş edib. Naxçıvan ədəbi mühiti  Azərbaycan ədəbi mühitinin bir parçası kimi həmişə diqqəti özünə çəkib. Dil və üslub baxımından Naxçıvan şairlərinin əsərləri az araşdırıldığından onların tədqiq olunmağına ciddi ehtiyac vardır. Bu baxımdan son günlərdə işıq üzü görən filologiya üzrə fəlsəfə doktoru Elburus Vəliyevin "Qrammatik məfhumların tədrisində bədii ədəbiyyatlardan istifadə" (Naxçıvanlı yazarların əsərləri üzrə) adlı dərs vəsaiti məxsusi olaraq diqqəti cəlb edir və bu sahədə mövcud olan boşluğu doldurmaq baxımından ciddi əhəmiyyət daşıyır. "Məktəb" nəşriyyatında nəşr olunan bu əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubov, rəyçiləri bu mövzuda araşdırmalara malik olan filologiya elmləri doktoru, professor Sədaqət Həsənova və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyevadır. Azərbaycan dilindəki qrammatik kateqoriyaların mənimsədilməsində, xüsusən nəzəriyyə ilə təcrübənin uzlaşmasında mühüm əhəmiyyətə malik dərslik Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 03 aprel 2021-ci il tarixli 09 saylı iclasının qərarı ilə çap olunub. 

Dərs vəsaiti "Ön söz", 9 bölmə, "Nəticə" və "İstifadə edilmiş ədəbiyyatların siyahısı"ndan ibarətdir. Əsərdə məxsusi olaraq Azərbaycan dilində formadüzəldən şəkilçi morfemlərin təsnifi, şəkilçi morfemlərin dilin qrammatik quruluşunda tutduğu mövqe, onların yerinə yetirdiyi funksiyalar və bir sıra məsələlər araşdırılıb. Əsərin ərsəyə gəlməsinin aktuallığını şərtləndirən, zəruriliyi haqda geniş bəhs edən  müəllif ön sözdə yazır: "Bu vəsaitin hazırlanmasında əsas obyekt olaraq məhz Naxçıvan ədəbi mühitinə məxsus şairlərin əsərləri seçilib. Çünki Azərbaycan yazarlarının əsərlərinin dil xüsusiyyətləri istənilən qədər araşdırılıb, təhlilə cəlb olunub, yüzlərlə məqalə yazılıb, onlarla kitab çap edilib. Ancaq Naxçıvan ədəbi mühitində formalaşmış, püxtələşmiş orta və cavan, yaşlı şairlərin şeirləri, o cümlədən, dünyasını dəyişmiş M.Araz, V.Məmmədov, H.Razi və digər ustad sənətkarların əsərləri ya az tədqiq olunub, ya da heç araşdırılmayıb".

Məlumdur ki, ötən  əsrin 70-ci illərindən üzü bəri Naxçıvan ədəbi mühitində formalaşmış şairlərin əsərləri dil materialları ilə zəngin bir xəzinədir. Buna görə də müəllif sarsılmaz özülə malik olan bu xəzinədə Azərbaycan ədəbi dilinin bütün sahələrinə: fonetik, leksik, morfoloji, sintaktik və digər şöbələrinə aid nümunələri toplayaraq təhlil süzgəcindən keçirib.   Naxçıvan ədəbi mühitinin yetirmələri olan Məmməd  Araz, Hüseyn Razi kimi ustad sənətkarlarla yanaşı Asim Yadigar, Xanəli Kərimli, Əbülfəz Muxtaroğlu, Elxan Yurdoğlu, Rahil Tahirli, Qanun Ümman, Qafar Qərib və başqalarının şeir dilində morfoloji və sintaktik yolla yaranan sözlər arasında leksik morfemlərlə düzələn yeni sözlər geniş şəkildə araşdırmaya cəlb edilib.

E.Vəliyev "Hüseyn Razinin şeir dilində şəkilçi morfemsiz predikativlik və seqment cümlələr" adlı ilk bölmədə  Hüseyn Razinin əsərlərini dil baxımından tədqiq edir. Müəllifin qənaətincə, şairin şeir yaradıcılığı forma və üslub baxımından, həmçinin, söz düzümünə görə digər sənətkarlardan fərqlənir. Cümlə qurmaq üçün feillərdən az istifadə edən şair şeirlərində ismi xəbərləri daha çox işlədib. Xüsusən də, ya prediqativ sözlərdən, ya da bitmiş fikri tamamlayan morfoloji əlamətlərdən, daha doğrusu şəxs şəkilçilərindən, ən çox üçüncü şəxsin şəxs şəkilçilərindən istifadə etmədən cümlə formalaşdırılıb. Azərbaycan dilinin inkişafına, zənginləşməsinə qiymətli töhfələr verən Hüseyn Razinin dil xüsusiyyətlərini, xüsusən sintaksisini araşdıran tədqiqatçının fikrincə, şairin baza ixtisası Azərbaycan dili və ədəbiyyat müəllimliyi olduğu üçün o, əsərlərində real dil faktlarından istifadə edib. 

"Asim Yadigarın şeirlərində işlənmiş elliptik hadisəli söz birləşmələri və cümlələrin işlənmə məqamları" adlı növbəti bölmədə  tanınmış şairin çoxşaxəli yaradıcılığının müxtəlif istiqamətlərinə müraciət olunur. Onun yaradıcılığında əsasən elliptik cümlələr təhlil edilir. AsimYadigarın elə şeirləri var ki, orada on beş-iyirmi sözün on-on ikisi elliptik hadisəli söz birləşmələri və ya da mübtədasını itirmiş xəbərli cümlələrdir. Müəllifin araşdırmasının nəticəsi olaraq, Asim Yadigarın şeirlərində elliptik hadisəli yarımçıq və ya bütün üzvlərini itirmiş söz cümlələrə rast gəlinmir.

Əsərin "Vaqif Məmmədovun şeirlərində morfoloji yolla sözyaradıcılığı" adlı bölməsi də dil faktlarının zənginliyi və intensivliyi cəhətdən diqqəti özünə cəlb edir. Unudulmaz sənətkarın şeirlərinin dili zəngindir və dil materialları ilə yoğrulmuş bir xəzinədir. Şairin hər misrasında leksik morfemlərdən yaranmış yeni leksik vahidlərə rast gəlmək olar. Bu nümunələr içərisində əsas nitq hissələrinə aid maraqlı dil vahidləri kifayət qədərdir ki, bütün bu dil faktlarını da Elburus Vəliyev təhlil edir və fikirlərini şairin dilindən gətirdiyi nümunələrlə möhkəmləndirir.

"Xanəli Kərimlinin yaradıcılığında işlənmiş söz birləşmələri və onların sintaktik xüsusiyyətləri" bölməsi də maraqlı bölmələrdəndir. Xanəli Kərimlinin şeirlərində və digər deyimlərində ismi birləşmələr feili birləşmələrdən daha çox istifadə olunub. Müəllifin fikrincə, elə bir bənd şeir yoxdur ki, orada ismi birləşməyə rast gəlinməsin. Maraqlıdır ki, şairin şeirlərində işlənmiş təyini söz birləşmələri içərisində III növ təyini söz birləşmələri daha çox diqqəti cəlb edir. Tədqiqatçı onu da vurğulayır ki, onun şeirlərində III növ təyini söz birləşmələrinin əksəriyyəti elliptik formalıdır. Bu da, çox şübhəsiz ki, şeirin lakonikliyini daha çox artırır və nitqimizin daha da çox sadələşməsinə, axıcılığına, emosionallığına xidmət edir. Həmçinin oxucunu və bədii qiraətçinin ifasını yüngülləşdirir.

Əbülfəz Muxtaroğlunun bədii yaradıcılığı Naxçıvan ədəbi mühitinin formalaşmasında, ədəbi dilimizin yeni dil faktları ilə zənginləşməsində əhəmiyyətli mənbədir. Əsərin "Əbülfəz Muxtaroğlunun şeirlərində morfoloji və sintaktik yolla söz yaratmaq imkanları" bölməsi sanki Əbülfəz Muxtaroğlunun dilçilik görüşlərinin araşdırılması təsiri bağışlayır. Təbii ki, Muxtaroğlunun  şeirləri dil vahidləri ilə çox zəngin olan bədii məxəzdir. Onun şeirlərində bütün dil vahidlərinə rast gəlmək olur. Bu da, yəqin ki, onun dilçi alim kimi dil təşəbbüskarlığı və təəssübkeşliyindən irəli gəlmiş, yaradıcılığına sirayət edib. Şairin dilində həssas, dərin müşahidələrin nəticəsi olan maraqlı bədii tapıntılar orijinal biçimdə mənalandırılaraq məna tutumu ifadə edir. Bütün bu məqamlar gənc tədqiqatçının diqqətindən yayınmamış və geniş şəkildə tədqiq olunub.

"Elxan Yurdoğlunun şeirlərində işlənmiş isim və feillərin morfoloji xüsusiyyətləri"  başlıqlı paraqrafda əsas nitq hissələri olan isim və feillərin işlənmə tezliyi və məqamları, həmçinin, bədii tutumu araşdırılıb. Müəllifin fikrincə, E.Yurdoğlunun şeirlərində həm təsriflənən, həm də təsriflənməyən feillər az istifadə olunub. Şair ən çox isimlərdən və isimlərin təkrarı ilə yaranan təriflərdən, bir də elliptik formalı cümlələrdən - misralardan istifadə edib. Maraqlıdır ki, şair isimlərin təkrarı ilə defislə yaranan mürəkkəb zərflər əmələ gətirib. Məsələn: gül-gül darıxdım, küçə-küçə vərəqlədim, yarpaq-yarpaq sevdim, ürək-ürək açdım, ocaq-ocaq sevdim, könül-könül vuruldum, dodaq-dodaq sevdim, həsəd-həsəd baxdım, adam-adam yaşadım, şeir-şeir yazdım və sair. 

Əsərdəki "Qafar Qəribin şeirlərinin sintaktik xüsusiyyətləri" adlı bölmədə maraq doğuran tədqiqatlardandır. Elburus Vəliyev Qafar Qəribin şeirlərində Azərbaycan dilinin bütün fonetik, leksik, morfoloji, sintaktik xüsusiyyətlərinə aid nümunələr kifayət qədər olduğunu əminliklə qeyd edir. Habelə tədqiqat zamanı onun şeirlərində xeyli dialektizmlərə, onomastik vahidlərə, neologizmlərə, köhnəlmiş sözlərə və digər dil vahidlərinə rast gəldiyini və bu dil vahidlərinin ədəbi dilin zənginləşməsindəki rolundan geniş söz açır.  

"Rahil Tahirlinin şeirlərində morfoloji və sintaktik yolla söz yaradıcılığı" adlı bölmədə R.Tahirlinin şeirlərinin dilində  şəkilçi morfemlərlə düzəlmiş yeni vahidlər, habelə sintaktik yolla sözyaratma üsulları ilə düzələn, bədii tutumu ağır olan söz və ifadələr seçilib nümunə kimi təhlil olunub. Və nəhayət, dərsliyin "Qanun Ümmanın şeirlərində işlənmiş leksik morfemlərlə düzəlmiş leksemlər" adlı sonuncu bölməsində şairin  şeirlərində saysız-hesabsız düzəltmə sözlər araşdırılıb.  

Müəllif əsərin yazılması zamanı qarşıya qoyduğu məqsədə uğurla nail olub.  E.Vəliyev  son qənaətini əsərin sonundakı ümumiləşdirilmiş nəticədə verib. Ümumi şəkildə qeyd edək ki, bu vəsaitdə aparılan tədqiqatlar fonunda tam qətiyyətlə deməyə imkan verir ki, Naxçıvan ədəbi mühitinin görkəmli sənətkarlarının yaradıcılığı ədəbi-bədii xüsusiyyətləri ilə ümumazərbaycan ədəbiyyatını zənginləşdirən nümunələr olduğu kimi, naxçıvanlı şairlərin əsərlərinin dil xüsusiyyətləri ədəbi dilimizi zənginləşdirən dəyərli mənbə kimi də böyük diqqətəlayiqdir və bu qisim şairlərin əsərlərinin dilçilik nöqteyi-nəzərdən araşdırılması çoxsaylı yeni dil faktlarının aşkarlanmasına zəmin yarada bilər. Bolonya sistemində tədris prosesində irili-xırdalı çətinlikləri aradan qaldırmaq üçün, yəni müasir Azərbaycan dilinin bütün şöbələrini ən kiçik detalları ilə mənimsətmək, xüsusən nəzəriyyə ilə praktikanın vəhdətinə nail olmaq üçün haqqında bəhs olunan bu əsər olduqca əhəmiyyətli tədris vəsaitidir. Bu dərs vəsaiti Filologiya fakültələrinin tələbələri üçün dəyərli mənbə rolunu oynayacağına və tədris işinə mühüm töhfə verəcəyinə əminik.  

 





19.05.2022    çap et  çap et