525.Az

Xalq şairi Rəsul Rza məzarı önündə anılıb - Foto


 

ŞAİRİN ADINA TƏSİS EDİLMİŞ MÜKAFAT YENİ LAUREATLARA TƏQDİM OLUNUB

Xalq şairi Rəsul Rza məzarı önündə anılıb -<b style="color:red"> Foto</b>

Mayın 19-u Azərbaycanın görkəmli şairi, poeziya tariximizdə özünəməxsus yeri olan, dünya ədəbiyyatından silsilə tərcümələri ilə ədəbiyyatımıza töhfə verən Rəsul Rzanın anadan olmasından 112 il ötür. Dövrünün məşhur şairi əbədiyyətə qovuşduqdan sonra da daim oxucuların sevimlisi olub, xatirəsi həmişə ehtiramla yad edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla, bir sıra şair və yazıçıların iştirakı ilə Rəsul Rza məzarı önündə yad edilib. 

AYB-nin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək Rəsul Rza poeziyasının spesifik xüsusiyyətləri barədə fikirlərini bölüşüb, şeirlərinin ovaxtkı ədəbi gəncliyə istiqamət verdiyini vurğulayıb. O qeyd edib ki, Rəsul Rzanın yaradıcılığı, irsi daim yaşayacaq.

Yazıçı Səyyad Aran 1970-ci ili yada salaraq Rəsul Rza ilə ilk görüşünü xatırlayıb, Xalq şairinin verdiyi məsləhətləri dilə gətirib. 

Yazıçı, şair Tahir Taisoğlu "Ədəbiyyat qəzeti"ndə Rəsul Rzanın ona yazdığı "Uğurlu yol"u yada salıb. Tahir müəllim qeyd edib ki, onun şeirlərinin ilk çapının səbəbkarı məhz Rəsul Rza olub. Tahir Taisoğlu Xalq şairinin ruhuna rəhmət oxuyub.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan Rəsul Rza yaradıcılığının fərqli çalarları, yenilikçi ruhu, azad fikirləri barədə söhbət açıb.

Yusif Nəğməkar, Gülxani Pənah və digər qələm adamları Rəsul Rzanın gənclərə dəstəyi, böyük yaradıcılığı ilə yanaşı insani keyfiyyətləri barədə fikirlərini bölüşüblər.

Xalq yazıçısı Anar şairin xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyində Rəsul Rza mükafatının yeni laureatlara təqdimatı keçirilib.

AYB sədri Anar Rəsul Rza Fondunun yaradılması və sözügedən mükafatın təsis olunması barədə məlumat verərək qeyd edib ki, ötən ilə qədər fondun sədri Xalq şairi Fikrət Qoca olub, şairin vəfatından sonra isə fondun sədri Rafael Hüseynovdur. Xalq yazıçısı vurğulayıb ki, Rafael Hüseynovun layiqli sədrliyi şübhəsizdir.

R.Hüseynov Rəsul Rza yaradıcılığı barədə fikirlərini bölüşüb: "Görkəmli söz adamlarının doğum günü, əslində, ədəbiyyatın doğum günüdür. Bu mənada, mayın 19-u - Rəsul Rzanın doğum günü də sözün, poeziyanın doğum günüdür. Rəsul Rza dəyərli irs qoyub gedib və Azərbaycan üçün daim yaşayacaq, heç vaxt köhnəlməyəcək, həmişə təzə qalacaq. Rəsul Rza mükafatının hər il laureatlara təqdim olunması da təqdirəlayiq hadisədir".

Akademik İsa Həbibbəyli ədəbiyyatımızdakı Rəsul Rza məktəbi və dəsti-xətii barədə fikirlərini bölüşüb: "Rəsul Rza ədəbiyyatın min illik tarixinə yeni nəfəs gətirdi. Onun Azərbaycan ədəbiyyatında sərbəst şeir məktəbi yaratmasını xüsusi vurğulamaq lazımdır. Ədəbi məktəb yaratmaq asan proses deyil. Rəsul Rza Sovet dövrünün qadağalarına baxmayaraq, şeirlərində azərbayçançılıq ideyasını yaşadıb. Rəsul Rzanın təkcə "Rənglər" şeiri barədə saatlarla danışmaq olar. Laureatların hər birini təbrik edirəm, Xalq şairinə rəhmət diləyirəm".

Rafael Hüseynov dəyərli söz adamları - Adəm Asnı, Sayman Aruz, Arzu Nehrəmli, İradə Əlili və Bahar Bərdəliyə Rəsul Rza mükafatını təqdim edib.

Laureatlar mükafata görə minnətdarlıqlarını bildiriblər, Rəsul Rza yaradıcılığı barədə fikirlərini ifadə ediblər.

Sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin tələbələri Xalq şairinin şeirlərini səsləndiriblər.

Nadir YALÇIN

 





20.05.2022    çap et  çap et