525.Az

"Könüllərdə yaşayan Natəvan"


 

"Könüllərdə yaşayan Natəvan"<b style="color:red"></b>

Mayın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilən "Könüllərdə yaşayan Natəvan" adlı tədbir keçirilib. 

Tədbirdə millət vəkilləri, Baş İdarənin rəisi İbrahim Əliyev, ədəbiyyatın və ictimaiyyətin tanınmış nümayəndələri, gənclər və jurnalistlər iştirak ediblər. 

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova tədbiri giriş sözüylə açaraq Xurşidbanu Natəvanın həyat və yaradıcılığından ətraflı məlumat verib. Deyib ki, o, Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapıb. Nizami, Füzuli və Nəvai kimi nəhəng sənətkarların yüksək poetik ənənəsindən tərbiyə alıb böyüyən Natəvanın ötən yüzillikdə Azərbaycanda yazıb-yaradan qadın şairələrin ən istedadlı nümayəndəsi olduğunu bildirib.

Daha sonra şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Milli Məclisin deputatı Aydın Hüseynov Xan qızının həyat və yaradıcılığından bəhs edərək cari ildə Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin önəmini vurğulayıb. O, Natəvanın öz xeyirxahlığı, istedadı və ictimai fəaliyyətiylə insanlıq nümunəsi olduğunu deyib. 

Şair, publisist, Azərbaycan Respublikası "Xatirə Kitabı" Redaksiyasının baş redaktoru, "Yada düşdü" jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədli və yazıçı-publisist Pərixanım Mikayılova X.Natəvanın həyat və yaradıcılığı haqqında geniş məruzəylə çıxış ediblər. 

Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov yazıçının Natəvanla bağlı tədqiqatları və kitabları haqqında danışıb, əlyazma və arxiv materiallarını tədbir iştirakçılarına təqdim edib.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının katibi, yazıçı, publisist Şahanə Müşfiq çıxışında Natəvan da daxil olmaqla Şuşada doğulub, böyüyən incəsənət xadimləri Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş heykəllərindən danışıb, Şuşanın azadlığını onların ruhunun azadlığı, hüzuru kimi dəyərləndirib. O, Natəvanın Şuşadakı evinin, adını daşıyan bulağın, həmçinin, Ağdamda İmarət qəbiristanlığındakı məzarının mənfur düşmənlər tərəfindən dağıdıldığını diqqətə çatdıraraq, artıq onların dövlətimiz tərəfindən əsaslı təmir-bərpa edildiyini deyib və bu faktı da dövlətimizin ədəbiyyata, mədəniyyətə və tarixə yüksək dəyəri kimi qiymətləndirib. Xan qızının 190 illik yubileyinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət səviyyəsində keçirilməsinin əhəmiyyətindən danışaraq bu ildə onun həyat və yaradıcılığının daha geniş tədqiqata cəlb olunmasının önəmini də vurğulayıb. O, insanlıq və qadınlıq nümunəsi Natəvanın dərindən araşdırılaraq gələcək nəsillərə tanıdılmasının vacib olduğunu deyib. 

Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvləri Gülarə Munis, Zərəngiz Mansurova və digər çıxışçılar Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından olduğunu vurğulayıb, onun kitabları haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi Səma Həmzəyevanın ifasında Xurşidbanu Natəvanın "Qərənfil" romansı, "Evləri var xana-xana" xalq mahnısı səsləndirilib.

MEHRİ

 





20.05.2022    çap et  çap et