525.Az

İki baxış bucağı - İmir Məmmədli yazır


 

İki baxış bucağı -<b style="color:red"> İmir Məmmədli yazır </b>

Bəzi şairlər, niyəsə elə zənn edirlər ki, şeiri qafiyəsiz yazdılarsa, oldu verlibr, sərbəst şeir. Amma əslində, bu, heç də belə deyil. Sərbəst şeir, bir qayda olaraq biliyin tamam başqa növünə köklənir və bununla da ənənəvi şeirdən fərqli olur.

Məsələ burasındadır ki, insan iki cür düşüncəyə, iki cür biliyə malikdir. Bunlardan biri rasional, digəri isə intuitivdir. Rasional bilik insanın aldığı, topladığı məlumata, sözlərə və müqayisəyə əsaslanır; intuitiv bilik isə, buna ehtiyac duymur, o, belə demək mümkünsə, keçirdiyimiz duyğular, hisslər, iztirablar və sair nəticəsində qəlbimizə, varlığımıza təsir edən təcrübə üzərində yaranır.

Boyük fransız yazarı, Nobel mükafatı laureatı Andre Jid rasional biliyi, yəni aldığımız məlumatlara əsaslanan biliyi heç bilik saymırdı, o deyirdi, bu, sadəcə yaddaşımıza lillənən məlumatdır. Bilik isə, onun fikrincə, insanın qəlbində, varlığında yeni lay, yeni qat açan təsir vasitələridir. Bu, bədii ədəbiyyat da ola bilər, bədii film də, musiqi də, rəsm əsəri də...

İntuitiv bilik, rasional bilikdən fərqli olaraq, öz obyektini başqa obyektlə müqayisə etmədən, sözlərlə hissə-hissə təsvirə ehtiyac duymadan bütünlüklə bilavasitə əhatə edir.

Məsələn, rasional bilikdən istifadə edən bir nəfər tanıyıb bildiyi gözəl bir xanım barədə bizə məlumat vermək istəyirsə, o, qadını sözlərlə, ayrı-ayrı sifətlərlə təsvir etməlidir. Xanımın gözlərinin rəngini, gül çöhrəsini, incə belini, şirin dilini və s. bircə-bircə sadalamalıdır. O, nə qədər canfəşanlıq göstərsə də, öz rasional biliyinə əsaslanaraq bilik obyektini bizim üçün müqayisə və sözlərlə heç vaxt olduğu kimi təsvir edə bilməz. Təsvir etdiyi obyektin beş səciyyəvi cəhətini göstərəndə on beşi təsvirdən kənar qalır. Həm də sözlər həmişə qeyri-dəqiqlik və natamamlıq hissi də yaradır. əgər o desə ki, qızın çöhrəsi ağdır, yenə də məlum deyil, o, nə dərəcədə ağdır, desə ki, qar kimi ağdır, aydın məsələdir ki, yenə qeyri-dəqiqliyə yol verərək ifrata varmış olur.

Bu cür bilik imkanının əksinə olaraq intuitiv biliyə malik olan adama öz bilgi obyektini ani olaraq təsəvvür etmək kifayətdir ki, həmin obyekti şəkil kimi bütünlüklə canlandırsın.

İnsanın malik olduğu həmin iki növ bilik öz əksini ədəbiyyatda, xüsusən poeziyada tapır. Bizi maraqlandıran da məhz budur. Poeziya aləmi, ələlxüsus da sərbəst şeir, əslində, intuitiv biliyə ən çox yaxın olan bir sahədir. Hər halda verlibrin təbiəti və mahiyyəti bunun belə olmasını tələb edir.

Zənnimcə, poeziyanın həmin bilik növlərindən hansına daha çox əsaslanmasını bu və ya digər millətin mədəniyyətində ümumpoetik təmayül əvvəlcədən müəyyənləşdirir və onu daxili prosesə söykənən ənənəyə çevirir. Bunun nəticəsidir ki, bəzi ədəbiyyatlarda rasional biliyə əsaslanan heca vəznində yazılan poetik nümunələr üstünlük təşkil edir, bəzilərində isə bunun əksinə olur.

XIX əsrin sonunda və XX əsrin əvvəllərində yaşayıb-yaratmış yapon şairi İsikava Takuboku "Köhnə çamadanda" şeirində yazır ki:

Dostum açdı köhnə çamadanı,

Tökdü döşəməyə içindəki kitabları.

Zərif işığında əriyən şamın

Vərəqlədi əski cildləri.

 

Nəhayət tapdı

Sarı vərəqlərin arasındakı

Foto şəkili.

"Bu odur!" - dedi.

Özü pəncərənin yanına çəkilib

Əsəbi-gərgin

Həzin fit çaldı dodaqlarında.

Şəkildən gənc bir xanım baxırdı.

Nə bilim, mən ona gözəl deməzdim...

Fikir verin, yapon şairi şeirdə eşq-sevgi, həsrət, intizar, ayrılıq, tənhalıq, qara qaşlar, al yanaqlar, bal dodaqlar, uzun tellər və sair sözlər işlətmədi, hər şeyi oxucunun intuitiv biliyinin, qabiliyyətinin öhdəsinə verdi və onu şeirdəki iztirabların, ümumiyyətlə bu ekspresiv əhvalatın bilavasitə iştirakçısına çevirdi, onu olduğu yerdən və gündən götürüb əsərdəki sevgi əhvalatının zaman və məkanına gətirə bildi. Özü də bunun öhdəsindən elə gəldi ki, oxucunun heç ruhu da incimədi. Zənnimcə, həmin qızın barəsində heç nə demədən onu intuitiv imkanlarımıza verərək xəyalımızda zərif bir yapon qızının obrazını da yaratdı.

Gəlin indi belə bir eksperiment keçirək, - həmin şeiri rasional bilik üstdə kökləyək:

Çoxdandır, görmürəm səni, ay gözəl,

Surətin qəlbimdə, qanda, candadı.

Şəklini qorudum xatirən kimi,

O, kitab içində, çamadandadı.

 

Yadıma düşəndə qara tellərin,

Şəhdü-şəkər kimi şirin dillərin,

Şəklinə uzanır titrək əllərim,

O, kitab içində, çamadandadı.

 

İşləyir aşiqin eşq iliyinə,

İnanmayan varsa qəlb dediyinə,

Baxsın şəkildəki gözəlliyinə,

O, kitab içində, çamadandadı.

 

Zaman yaddaşımdan silməz çöhrəni,

Çəkilməz xəyaldan intizar çəni.

Deyərəm, soruşsa dost-qardaş səni,

O, kitab içində, çamadandadı...

Hiss edirəm ki, mahir oxucu mənimlə razılaşar, rasional biliyə əsaslanan bir şair həmin mövzuda yazsa, təxminən belə bir şeir yazardı.

Düşünürəm ki, rasional bilikdən doğan şeirin verdiyi duyğu və hisslər intuitiv biliyə əsaslanan yapon şeirinin yaratdığı duyğu və hisslərdən tamam fərqlidir. Bunlardan hansı daha yaxşı, daha üstündür, bilmirəm. Belə təsniflər bu yazının mövzusundan kənardır. Amma bir daha onu deyə bilərəm ki, sərbəst şeir intuitiv bilik tələb edir.

Yeri gəlmişkən onu da qeyd etməliyik ki, XX əsr türk poeziyası Nazim Hikmətin, Orxan Vəlinin, Fazil Hüsnü Dağlarcanın və bir sıra müasir şairin timsalında bütünlüklə intuitiv biliyə əsaslanır. Həmin poeziya sırf intuitiv bilik təmayüllü ədəbiyyat örnəkləridir.

Ədalət hissi bunu da qeyd etməyi tələb edir ki, bir çox çağdaş Azərbaycan şairi məhz intuitiv bilik üstdə köklənmiş poetik nümunələr yaratmağa meyillidir. Bu, poeziyamızda yeni bir ədəbi təmayül olsa da, əminəm ki, yeni-yeni poetik nümunələr yaranaraq, onun qarşısında geniş üfüqlər açılacaqdır.

 

 





20.05.2022    çap et  çap et