525.Az

Rusiya Qərb məhsulları olmadan döyüşə biləcəkmi? - Xaqani Cəfərlinin şərhi


 

Rusiya Qərb məhsulları olmadan döyüşə biləcəkmi? -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Rusiya Federasiya Şurası Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin sədri Andrey Klişas teleqram kanalında yazıb ki, idxalı əvəzetmə proqramı tamamilə iflasa uğrayıb. Qeyd edək ki, Krımın ilhaqından sonra tətbiq olunan sanksiyaların iqtisadiyyata və istehsalata təsirini azaltmaq üçün Rusiyada "İdxalı əvəzetmə proqramı" qəbul olunmuş, ötən 7 il ərzində Qərb məhsullarının analoqlarının hazırlandığı haqqında iddialı bəyanatlar verilmişdi. İndi isə məlum olur ki, idxalı əvəzetmə proqramı tamamilə iflasa uğrayıb.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Komitənin sədri Kirill Kabanov isə bildirib ki, "bəzi liderlər" indi də Rusiya sənayesini və iqtisadiyyatını Çindən asılı salmağa, satınalmaların logistikasını dəyişdirməyə çalışırlar.

Qərb məhsullarının analoqlarının hazırlanmadığı kimi, Rusiyanın demək olar ki, bütün müasir hərbi texnikasının "dost olmayan" ölkələrdən idxal edilən komponentlərdən asılı olduğu üzə çıxıb.

Böyük Britaniya Kral Müdafiə Tədqiqat İnstitutunun (RUSI) ekspertlərinin "Z əməliyyatı: imperiya illüziyasının ölüm əzabları" adlı hesabatında əks olunan məlumatlara görə, Rusiya hərbi-sənaye kompleksi idxalın əvəzlənməsinin öhdəsindən gələ bilməyib. Halbuki Rusiya hökuməti 2014-cü ildə hərbi məhsullarla bağlı hər şeyin yalnız Rusiya ərazisində istehsal olunacağını vəd etmişdi. İndi həmin vədin verilməsindən 8 il ötür və məlum olur ki, Rusiya hərbi-sənaye kompleksi "dost olmayan" ölkələrdən idxal olunan mallar olmadan müasir hərbi texnika və silah istehsal etmək imkanında deyil.

Hesabat müəllifləri hesab edirlər ki, Ukrayna ilə müharibənin hazırkı mərhələsində Rusiya ordusu öz raket ehtiyatlarını tükədib və yenilərinin istehsalı çətin təsəvvür olunur. Çünki onların hamısı "dost olmayan" ölkələrdə istehsal olunan komponentlərdən asılıdır. "Rusiya Ukrayna ilə müharibədə hərbi, siyasi və iqtisadi əhəmiyyətli hədəfləri vurmaq üçün qanadlı və ballistik raketlərdən geniş istifadə edib. Bu silahlar döyüş əməliyyatlarının davam etdirilməsi üçün həyati əhəmiyyət kəsb edir". Rusiya ordusunun daha aşağı dərəcəli silah sistemlərinə, o cümlədən, Qrad-1 sistemlərinə keçidi də bununla izah olunur. ABŞ kəşfiyyatı Rusiya ordusunun dəqiq idarə olunan silahlarının tükəndiyi qənaətindədir.

Qeyd edək ki, Qrad-1 sistemi 1976-cı ildə Sovet ordusunun cəbhəxanasına qəbul edilib. "İsgəndər-M" ballistik raketləri kimi "prestijli" silah sistemlərinə gəlincə, Rusiya NATO, Çin və digər istiqamətlərdəki müdafiə planlarına xələl gətirmədən Ukraynaya qarşı bu silahdan məhdud sayda istifadə edə bilir. Ekspertlər hesab edir ki, yaxın aylarda Rusiya ordusunun Ukraynada bu raketlərdən istifadə imkanları məhdudlaşacaq.

Britaniyalı ekspertlər Ukraynada istifadə edilən Rusiya silahlarından nümunələrini tədqiq etdikdən sonra məlum olub ki, İsgəndər-K raket sistemindən atılan 9M727 qanadlı raketlər kimi sürsatları xarici ölkələrdən idxal olunan hissələr olmadan istehsal etmək mümkün deyil. Halbuki bu raketlər Rusiya hərbi-sənaye kompleksinin nailiyyətlərindən hesab olunur. Bu raketlər hədəfə doğru aşağı hündürlükdə manevr edə bilir və əhəmiyyətli dəqiqliklə zərbələr endirməyə qadirdir. Bu imkanlar məlumatları qəbul edən və onları raketi idarə etmək üçün təlimatlara çevirən kompüterin imkanları sayəsində mümkün olur. Bu kompüterlər isə yüksək təzyiqə və istiliyə tab gətirə bilən istilik qoruyucusu ilə qorunur. Kompüter son dərəcə davamlı olmalıdır, ətrafdakı struktur temperaturun dəyişməsi ilə deformasiyaya uğrasa belə, onun komponentləri işləməyə davam etməlidir. Bunun üçün yüksək ixtisaslaşdırılmış materiallar və komponentlər tələb olunur. İstilik qoruyucu təbəqə vasitəsilə məlumatların ötürülməsinə imkan verən yeddi əlaqə nöqtəsindən yalnız biri Sovet dövründə hazırlanıb və Rusiyada istehsal edilib. Qalan altısı ABŞ şirkətlərinin məhsullarıdır. İndi artıq bu hissələri idxal etmək mümkün deyil. Deməli, 9M727 qanadlı raketlərini də istehsal etmək mümkün olmayacaq. 

Britaniyalı ekspertlər müəyyən ediblər ki, dünyanın ən güclü qısa mənzilli hava hücumundan müdafiə sistemlərindən biri olan TOR-M2 platformasının radarını idarə edən kompüterdə İngiltərə istehsalı olan komponentlərdən istifadə edilir. Eyni mənzərə "Sarmat", "İsgəndər-M", "Kalibr", "Kh-101" qanadlı raketi və bir çox başqaları üçün də keçərlidir.

Britaniyalı ekspertlərin təhqiqatı üzə çıxarıb ki, Rusiyanın bütün müasir hərbi texnikası ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya, Yaponiya, İsrail, Çin və digər ölkələrdən gətirilən mürəkkəb elektronikadan asılıdır. Düşmənin elektron idarəetmə vasitələrinə, rabitə və kəşfiyyat sistemlərinə təsir etmək üçün istifadə olunan "Borisoqlebsk-2" elektron döyüş kompleksinin yaradılması üçün istifadə edilən 60-dan çox komponent Qərb, əsasən də ABŞ və Böyük Britaniya istehsalıdır.

Bu gün Rusiya Ukraynada müharibə aparır və cəbhəxanası sürətlə "əriyir". Yeni silahlar istehsal etmək isə demək olar ki, mümkün deyil. Əgər Qərb ölkələrindən idxal olunan hissələri Çin malları ilə əvəz etmək mümkün olsa, silahların keyfiyyəti aşağı düşəcək. Digər tərəfdən, Çin şirkətləri Qərbin sanksiyasına məruz qalmamaq üçün Rusiya ilə əməkdaşlıqdan yayınırlar. Eyni zamanda bu silahların istehsalı üçün vəsait və zaman lazımdır. Məlumatlara görə, tank zavodu vəsait çatışmazlığından bütün gücü ilə işləyə bilmir. Ekspertlərə görə, bir neçə aydan sonra Rusiya ordusu silah və sürsat qıtlığı ilə üzləşəcək. Bu isə Qərb silahları ilə silahlandırılan Ukrayna ordusunun işğal olunmuş torpaqları azad etməsini asanlaşdıracaq. Belə bir vəziyyətdə Rusiya prezidenti Vladimir Putinin bəzi yüksək vəzifəli məmurları "İdxalı əvəzetmə proqramı"nı iflasa uğratmaqda ittiham edib cəzalandırmaqla cəmiyyətin diqqətini yayındırmağa çalışacağı gözlənilir.

 





22.05.2022    çap et  çap et