525.Az

Nəşriyyat işimizin mənzərəsi: konkret suallara konkret cavablar varsa...


 

Nəşriyyat işimizin mənzərəsi: <b style="color:red"> konkret suallara konkret cavablar varsa...</b>

Son zamanlar ölkəmizdə kitab nəşri, kitab satışı və təbliği ilə bağlı böyük bir canlanma müşahidə edilir. Sərgilər, yarmarkalar, təqdimatlar, imza günləri... Sevindiricidir... Bu prosesdə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin fəaliyyəti xüsusilə diqqət çəkir - bu başqa bir məsələdir. Əsas məsələ - mənim düşüncəmə görə - keçirilən tədbirlərin bir qisminin nəşriyyatların, naşirlərin və kitabın problemləri ilə bağlı olması, məsələlərin daha konkret qoyuluşudur.

Birliyin mayın 19-da AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutu ilə birgə keçirdiyi "Çağdaş ədəbiyyatımızda dil və üslub" adlı elmi-praktik seminar da (əslində, müzakirə və ad da, yenə də zənnimcə, çox dəqiq deyildi) bunu deməyə əsas verir. Hərçənd (çox güman ki, problemlərin çoxluğundan!) bir neçə məsələnin eyni anda qaldırılması düzgün deyildi. Lakin müasir ədəbiyyatımızın (nəşriyyatlarımızın!) redaktə, korrektə, tərcümə və sair kimi problemlərinin müzakirəsi, həlli yollarının araşdırılması çox vacibdir.

Tədbiri açan Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, ANAİB-in sədri Şəmil Sadiq bu cür müzakirələrin əhəmiyyətini qeyd edərək çıxışçılara söz verdilər. Əsas çıxışçılar (məruzə deməyək!) "Altun" nəşriyyatının direktoru, bir sıra dərsliklərin müəllifi Rafiq İsmayılov ("Dil qaydaları və yazı praktikası: ziddiyyətli məqamlar"),  Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, tərcüməçi Etimad Başkeçid ("Tərcümənin əbədi dilemması: orijinala sadiqlik, yoxsa mətnin oxunaqlığı?"), ədəbiyyatşünas, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli ("Çağdaş kitabçılıqda və ədəbi nəşrlərdə redaktə məsələləri") idi.

Müzakirələr polemik ruhda, bir az emosional, bir az aqressiv, bir az da həssas reaksiyalarla keçdi. Amma diqqəti çəkən əsas məqam başqa idi.

Əvvəla, müşahidə etdiyim qədərilə, ilk dəfə idi ki, eyni problemin iki fərqli "cəbhəsi"ndə dayanan və məsuliyyət daşıyan "tərəflər" belə bir müstəvidə qarşı-qarşıya idilər. Bunlar - praktikada dil və qaydalarla bağlı problemlərlə qarşılaşan və elmdə bu problemləri çözən (və ya çözməli olan!) tərəflər idi.

Ən təqdir etdiyim məqam: çıxışçılar, xüsusilə Rafiq İsmayılov məsələni konkret qoyurdu. Kitab nəşri zamanı meydana çıxan problemlər, qaydalarda mövcud boşluqlar, lüğətlərə salınan eyni prinsip əsasında yazılan sözlərin fərqli şəkildə verilməsi, yaxud hansısa sözlərin ümumiyyətlə, salınmaması, alınma sözlərin yazılışında, xüsusilə müəllif adların yazılışında mövcud fərqliliklər və s.

Bir daha qeyd edirəm ki, qaldırılan problemlərin, demək olar ki, hər biri (bəzi istisnalar var idi, məsələn, hansısa ara sözün ədat kimi təqdim edilməsi yanlış idi və s.) NƏŞRİYYATLAR üçün real problemlər idi. Həm də təkcə bizim üçün deyil, ümumilikdə yazı yazan hər kəs üçün.

Elm adamlarımız tərəfindən məsələyə reaksiya "filan alim bunu yazıb", "filan alimin kitabında bu var" deyə oldu. Amma... Məqamdan istifadə edərək XATIRLADIRAM. Dilçiliyimizin müxtəlif sahələri ilə bağlı aparılan araşdırmalar (elə digər elm sahələri də belədir!) yalnız məhdud sahənin nümayəndələrinə, elm adamlarının özlərinə və bu sahənin tədqiqatçılarına tanış ola bilər. Amma bu o demək deyil ki, ictimaiyyətə bəllidir. Hələ onu qeyd etmirəm ki, o dərininə aparılmış tədqiqat işlərinin özlərində də bir-birini təkzib edən, bir-birinə zidd qənaətlər mövcuddur. Bilənlər bilir! Həmçinin, orfoqrafiya lüğətində mövcud olan problemlər çox müzakirə olunduğundan bunun da üzərində xüsusi dayanmıram. Amma orada da təklif etdiyim kimi, yaxşı olardı ki, Rafiq İsmayılovun konkret qoyduğu (bizim də nəşriyyatda, iş prosesi zamanı təkrar-təkrar qarşılaşdığımız, sual doğuran, birmənalı cavabı olmayan, açıq qalan və s.) məsələlər ciddiyə alınaydı və ciddi bir şəkildə də cavablandırılaydı. Həlli ilə bağlı ictimaiyyət, xüsusilə də kitab nəşri ilə məşğul olanlar məlumatlandırılaydı. Hətta bununla bağlı - orada səsləndirildiyi kimi - xüsusi bir vəsaitin hazırlanması daha məqsədəuyğun olardı. Məncə, nəşriyyat işçiləri üçün stolüstü kitaba çevriləcək bir vəsait alınardı!

Bu məsələ orada da qeyd edildi, mən də toxunmaq istəyirəm. Bu da nəşriyyatların redaktor və korrektor problemi ilə bağlıdır. Seyfəddin Hüseynlinin də ürək ağrısı ilə dediyi kimi (bu da təcrübədən qaynaqlanırdı!!!), redaktor problemi, redaktor əməyinə verilən dəyər (dəyərsizlik!) və ümumiyyətlə, yaxşı redaktorların yetişdirilməsi kitab nəşri sahəsində (yubanmadan!) həll edilməli olan ciddi problemdir.

Redaktorluq yalnız savadla deyil, istedadla bağlı məsələdir. "Yaxşı filoloq yaxşı redaktor ola bilər"  düşüncəsi yanlışdır. Yaxşı redaktorda mətni duymaq, üslubları anlamaq, seçmək, mətnə kompleks yanaşmaq, müəlliflə (müəllif qədər, hətta yeri gələndə ondan da artıq!) bərabər mətn üzərində işləmək və digər bacarıqların olması mütləqdir. Xüsusilə də nəzərə alınsa ki (bu da real problemlərimizdən biridir!) bu gün nəşriyyatların əksəriyyəti tərcümə, həm də qeyri-peşəkar tərcümə mətnləri ilə daha çox işləyir - o zaman redaktor işinin nə dərəcədə əhəmiyyətli olduğu aydınlaşar. Lakin hələ ki müəyyən yaradıcı şəxslər istisna olmaqla, nə redaktor işinin, nə də redaktor (eyni zamanda da korrektor) yetişdirmə prosesinin əhəmiyyətini anlayanlar azdır. Bu sahədə xüsusi iş aparılmalı, bu istiqamətdə işin təşkilinə xüsusi diqqət ayrılmalıdır.

Tədbirdə müzakirə edilən daha bir məsələ tərcümə - oijinala sadiqlik və oxunaqlılıq məsələsi idi. Əslində, orada da səsləndirildiyi kimi, müxtəlif dillər üzrə mütəxəssislərin hazırlanması, məzunların olması hələ bu problemin həlli demək deyil. Bunun üçün məktəblər (tərcüməçi məktəbi, masterklasslar, emalatxanalar və s.) olmalıdır. Təcrübələr paylaşılmalıdır. İstedad faktoru nəzərə alınmaqla - əlbəttə ki! Çünki redaktor kimi tərcüməçi də müxtəlif bilik və bacarıqları (istedad başda olmaqla) özündə birləşdirir. Bu cür insanlar (məsələn, 100 tələbədən biri!) az-az seçilə və yetişdirilə bilər.

Bu yazını yazmaqda daha məqsədim - qaldırılan problemləri xatırlatmaqdan başqa, onların, sadəcə, müzakirə müstəvisində qalmamasını qeyd etməkdir. Real addımların atılması vacibdir. Məsələn, elə ilk addım olaraq, Dilçilik İnstitutu konkret qeydlərə verəcəyi konkret cavabla başlaya bilər. Bu, çox maraqlı, çox dəyərli və çox lazımlı bir işbirliyinin - layihənin başlanğıcı ola bilər. Nəşriyyatlar (təcrübə) və elmi müəssisələr (elm) arasında.    

 





22.05.2022    çap et  çap et