525.Az

Qərb pul kisəsinin ağzını açdı


 

Qərb pul kisəsinin ağzını açdı<b style="color:red"></b>

Mayın 19-da ABŞ Konqressinin yuxarı palatası Senat Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqlədi. Bununla bağlı səsvermədə iştirak edən 97 nəfər senatordan 86 nəfəri qanun layihəsinin lehinə, 11 nəfəri isə əleyhinə səs verib. Ukraynaya 40 milyard dollarlıq yardım edilməsinin əleyhinə çıxan 11 nəfər respublikaçı senator keçmiş prezident Donald Trampın qatı tərəfdarlarıdır. Onlar hesab edirlər ki, ABŞ təcrid siyasətinə qayıtmalı, dünyadakı problemlərə vəsait sərf etməməlidir. Trampın tərəfdarlarının müqavimətinə baxmayaraq, Senatın böyük əksəriyyəti Ukraynaya 40 milyard dollarlıq yardım ayrılmasına səs verdi.

Senatdan öncə isə Konqressin aşağı palatası olan Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollarlıq yardım edilməsinə səs vermişdi. O zaman Nümayəndələr Palatasının 435 nəfər üzvündən 386 nəfəri qanun layihəsini dəstəkləmişdi. Konqressin hər iki palatasında XXI əsrin ən irimiqyaslı yardım paketinin böyük səs çoxluğu ilə qəbul edilməsi Vaşinqtonun siyasi elitasında Rusiyaya yönəlik ortaq mövqe formalaşdığını göstərir.

Qeyd edək ki, prezident Co Bayden əvvəlcə Konqresdən Ukraynaya kömək üçün 33 milyard dollar istəmişdi. Ancaq Konqresdə aparılan müzakirələrdən sonra bu məbləğ 40 milyard dollara kimi artırıldı. Yardım paketinin əhəmiyyətli hissəsi Ukraynanı Rusiya ordusuna qarşı mübarizə aparmaq üçün lazım olan silahlarla təmin etməyə yönəldiləcək. Diqqət çəkən digər məqam bu vəsaitin oktyabr ayına kimi ayrılmasıdır və çox böyük ehtimalla, oktyabrda yeni yardım paketinin ayrılması gündəmə gələcək.

ABŞ-ın ardınca Böyük Britaniya da Ukraynaya 1.3 milyard funt-sterlinq həcmində hərbi yardım ayırmağa qərar verib. Hərbi yardım çərçivəsində Böyük Britaniya Ukraynaya uzaqmənzilli artilleriya, "sahildən gəmiyə" raketləri və pilotsuz uçuş aparatları verəcək. Britaniya ilə yanaşı, ABŞ da Ukraynaya gəmi əleyhinə güclü silahlar verməyə hazırlaşır. Məlumatlara görə, Ağ ev Ukrayna ordusuna gəmi əleyhinə hansı raketlərin verilməsi proqramı üzərində işləyir. Böyük Britaniya və ABŞ-ın məqsədi Rusiyanın Qara dənizdəki hökmranlığına son qoymaq, Ukraynanın limanlarının fəaliyyət imkanlarını bərpa etməkdir.

Avropa Birliyi, Yaponiya, Norveç, Kanada və Avstraliyanın da yardımlarını nəzərə alsaq, Ukrayna bundan sonra heç bir sıxıntı yaşamayacaq, əksinə, bundan sonra daha güclü mövqeyə sahib olacaq. Təsadüfi deyil ki, Ukrayna prezidenti Volodimir Zelenski hərbi səfərbərlik edə biləcəklərini və döyüşən ordunun bir milyon nəfər artıracaqlarını bildirir.

Pul kisəsinin ağzını açan Qərb "Ukrayna üçün pul, dünya üçün təhlükəsizlik" prinsipi ilə addım atır. Qərb liderləri artıq açıq mətnlə bəyan edirlər ki, Rusiyanın Ukraynada qələbə qazanmasına imkan verməyəcəklər. Son zamanlar isə hətta belə çağırışlar da səslənir ki, Putin rejimini əzmək lazımdır.

Əgər üç ay əvvəl bu, qeyri-mümkün niyyət kimi görünürdüsə, indi artıq bu çağırışlar başlanmış prosesin legitimləşdrilməsi kimi qəbul olunur. Qərb isə, belə görünür ki, Putin rejimini əzməkdə israrlıdır. Rusiyaya qarşı yeni sanksiyalar və qadağaların tətbiq edilməsi nəzərdə tutulur.

 





23.05.2022    çap et  çap et