Bəzi Avropa ölkələrində müəyyən siyasətçilərin, xüsusilə də Almaniyada bəzi dövlət xadimlərinin Rusiyanın xeyrinə lobbiçilik etməsi barədə faktlar mövcuddur. Hazırda “Qazprom”un Direktorlar Şurasının üzvü olan Almaniyanın sabiq kansleri Q.Şröderin də Rusiyanın yaxın dostlarından biri olduğu elə Avropa rəsmiləri tərəfindən təsdiqlənib.
Ekspertlər hesab edirlər ki, bunlar böyük bir şəbəkədir və hamısının da niyyəti Rusiyanı qorumaq, onu gizli şəkildə müdafiə etməkdir. Nəzərə alsaq ki, o siyasilərin çoxu pula həris olub və bu baxımdan heç şübhəsiz ki, bu şəbəkənin qurulmasında rus oliqarxlarının milyardları da az rol oynamayıb.
Mövzu ilə bağlı “525”ə danışan siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, Berlini divarı uçurulduqdan sonra şərqi Almaniyada doğulan və yaşayan insanların az qala yarısı qərbi Almaniyaya köçdü: “Onların arasında, şübhəsiz ki, valideynləri, yaxud özləri keçmiş SSRİ-nin təhlükəsizlik və qurumları ilə əməkdaşlıq edən insanların sayı kifayət qədər idi və sonradan bu şəxslər keçmiş “əlaqələri”ni özünü SSRİ-nin hüquqi varisi adlandıran Rusiya ilə davam etdirdilər. Bu da onların siyasi karyeralarında kifayət qədər mühüm rol oynadı və bu gün də oynamaqdadır. Bununla yanaşı, şərqi Almaniyada doğulmayan, amma Rusiya ilə sıx əlaqələrə malik olan alman siyasətçilərinin sayı da az deyil. Məsələn, Almaniyanın 7-ci kansleri, sonradan “Rosneft”in direktorlar şurasının sədri Qerhard Şröder. Şröderin “Şimal axını” layihəsində də önəmli rol oynadığını nəzərə alsaq, sözügedən şəxsin Rusiya əlaqələrinin kifayət qədər “isti” olduğunu söyləyə bilərik. Qeyd edim ki, Şröderin Rusiya ilə əlaqələri, hətta Almaniyada və Aİ üzvü digər ölkələrdə “Avropanın şröyderləşdirilməsi” siyasi terminin meydana gəlməsinə səbəb olub. Bu ifadəni, bir qayda olaraq, Almaniya, Avstriya, Fransa və digər ölkələrin istefaya getdikdən sonra, özlərinə Rusiya şirkətlərində yüksək ödənişli iş yeri “tapan” siyasətçilərinə xitabən istifadə edirlər. Belələrinin sayı isə az deyil.
Hazırda Almaniyada Rusiya ilə əlaqədə şübhəli bilinən siyasətçilərin arasında sabiq kansler Angela Merkel, Xristian-Demokrat İttifaqının sədri Fridrix Mers, Sosial-Demokrat Partiyasının sədri, Brendurburqun baş naziri Mattias Platsek, Meklenburq-Ön Pommern federal əyalətinin baş naziri Manuela Şvesiq, “Siemens” konserninin direktorlar şurasının sabiq sədri Co Kayzer və digərlərinin adları çəkilir”.
Mövzu ilə bağlı 525.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, Almaniya ilə Rusiyanın Ukrayna münaqişəsindən öncə də sıx əməkdaşlıq əlaqələri olub və bu gün də var: “Bu, illərlə qurulan əlaqələrdir. Almaniya-Rusiya əlaqələrinin tamamilə qırılması mümkün deyil”.
Politoloqun sözlərinə görə, Almaniyanın Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı yumşaq kursu ciddi şəkildə tənqid olunub, lakin almanların ehtiyatlı davranmasının səbəbləri var: “Qərb tərəfdaşları Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün sanksiyalarla hədələsə də, Almaniya ehtiyatlı dialoqu üstün tutur. Digərləri Şərqə silah və əsgər göndərir, almanlar isə Ukraynaya dəbilqədən başqa heç nə verməyib. Almaniyanın Ukrayna böhranı ilə bağlı ehtiyatlı kursu xüsusilə ABŞ-ı qıcıqlandırır. Orada bir çox siyasətçilər yavaş-yavaş şübhə etməyə başlayırlar. Onların düşüncəsinə görə almanlar Rusiyaya kimin qərar verdiyini göstərmək istəyən Qərb komandasının bir hissəsinə daxil deyil. ABŞ prezidenti Baydenlə görüşərkən kansler Şols hər dəfə Almaniyanın yumşaq kursunu izah etməli olur. Məsələ burasındadır ki, almanların bu cür hərəkət etmələrinin ciddi səbəbləri var. Almaniya təbii qazın əsas istehlakçısıdır. Bu, həm ölkə sənayesi, həm də qazın istilik və elektrik enerjisi ilə təmin etdiyi bir çox fərdi ev təsərrüfatları üçün vacibdir. İndi Almaniyanın qaza olan tələbatının təxminən yarısı Rusiyadan tədarük hesabına ödənilir və bu payın yalnız artacağı gözlənilir. Almaniya yaşıl enerjiyə keçid prosesində olduğundan, sürətlə nüvə və kömür enerjisindən imtina etməyə məcburdur. Lakin bərpa olunan enerji mənbələri hələ almanların böyük ehtiyaclarını ödəyə bilmir və buna görə də qazla işləyən elektrik stansiyaları müvəqqəti həll yolu kimi getdikcə daha çox əhəmiyyət kəsb edir. Gələcəkdə qazın böyük hissəsinin Rusiya ilə Almaniyanı birləşdirən və tezliklə istifadəyə verilə biləcək yeni “Şimal axını 2” qaz kəməri vasitəsilə əldə ediləcəyi planlaşdırılır”.
Sevinc QARAYEVA
çap et