525.Az

Elmi seminarda qlobal İnternet iqtisadiyyatının inkişafı müzakirə olunub


 

Elmi seminarda qlobal İnternet iqtisadiyyatının inkişafı müzakirə olunub<b style="color:red"></b>

Mayın 23-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

525.az xəbər verir ki, AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin müşaviri, fəlsəfə doktoru Oqtay İbrahimov “Qlobal İnternet iqtisadiyyatı: müasir çağırışlar, imkanlar və Azərbaycan üçün açılan perspektivlər” adlı məruzə ilə çıxış edib. İnternet iqtisadiyyatının əsas mahiyyəti və artmaqda olan əhəmiyyətini qeyd edən məruzəçi  qlobal onlayn ticarətin əsas inkişaf meyilləri, elektron ticarətin inkişaf dinamikası, bu sahənin lider şirkətləri, qlobal əmtəə və onlayn ticarət bazarına çıxış, virtual məşğulluq sahəsində potensial imkanlar, qlobal əmək bazarında rəqəmsal platformaların rolu, beynəlxalq maliyyə bazarlarında rəqəmsal iştirak imkanları, rəqəmsal bankçılıq, intellektual xidmətlərin rəqəmsal ticarəti barədə danışıb. 

Oqtay İbrahimov kreativ iqtisadiyyat, virtual dünyalar, intellektual layihələr, böyüməkdə olan virtual və rəqəmsal iqtisadiyyat, onun qlobal ÜDM-də payı, internet iqtisadiyyatının fundamental əsasları və milli ekosistem, iqtisadi inkişafda rolu və əhəmiyyəti, bu sahədəki beynəlxalq trendlər, güclənən rəqabət, virtual mühitin əsas xüsusiyyətləri və potensial imkanları barədə geniş məlumat verib. Bildirib ki, 2016-cı ildə rəqəmsal iqtisadiyyatın həcmi 11,5 trilyon dollar olub və ya qlobal ÜDM-in 15,5%-ni təşkil etmişdir. İnkişaf etmiş ölkələrdə bu göstərici orta hesabla ÜDM-in 18,4%-ni, inkişaf etməkdə olan ölkələrdə isə 10%-ni əhatə edib. 2000-ci ildən etibarən rəqəmsal iqtisadiyyatın miqyası ənənəvi iqtisadiyyatla müqayisədə 2,5 dəfədən çox artmışdır. Lakin rəqəmsal iqtisadiyyatın əhəmiyyətli hissəsi cəmi bir neçə ölkədə cəmləşib: ABŞ (35%), Çin (13%), Yaponiya (8%), İslandiya, Lixtenşteyn və Norveç (25%). 

Sonra suallar cavablandırılıb. Azərbaycanda İKT-nin, rəqəmsal iqtisadiyyatın, internet iqtisadiyyatının, elektron ticarətin müasir vəziyyəti və perspektiv inkişaf imkanları ətrafında geniş müzakirələr aparılıb.

 

 





24.05.2022    çap et  çap et