525.Az

Kənddən şəhərə... - Gülşən Nail yazır


 

Kənddən şəhərə... -<b style="color:red"> Gülşən Nail yazır</b>

Elə bir insan tapılmaz ki, şəhərə və ya kəndə gedəndə "Ora yaxşıdır, yoxsa bura?"- sualına tuş gəlməsin. Çox vaxt uşaqlar bu cür "sual terroru"nun qurbanı olsalar da, böyüklər də yayılım atəşindən xilas ola bilmirlər. "Ananı çox istəyirsən, yoxsa atanı?", "O nənən yaxşıdır, yoxsa bu nənən?",  "Ana yaxşı yemək bişirir, yoxsa nənə?" kimi suallar balacaları da ən az bizim qədər usandırır.

Azca sərxoş əmi şəhərdən gələn uşağı spirtli nəfəsinə qonaq edərək "Kənd yaxşıdır, yoxsa şəhər?" - deyir. Uşaq əvvəlcə duruxur, "bu nə sualdır", - deyə düşünür. Sonra çəkinə-çəkinə öz fikrini deyir. Kənd cavabını gözləyən əmi istədiyini almayanda bığlarının altında ağaran dişləri bir anda görünməz olur, sonra tez özünü sındırmamaq üçün yüksəkdən qəhqəhə çəkərək gülməyə başlayır, sanki istədiyi cavab elə bu imiş. Beləliklə, söhbət bağlanır. Uşağı dizlərinin üstündən aşağı salır, arxasına yüngül şillə çəkir və atasına zarafatyana "yağlı" bir söz deyərək anasının yanına göndərir.

Uşaqlığını kənddə keçirmək insana nəsib ola biləcək ən gözəl şeylərdəndir. Təbiətin qoynunda böyümək şəxsiyyətin formalaşmasında çox böyük rola malikdir. Bir tərəfdən havanın təmizliyi bədənin sağlam inkişaf etməsinə təsir göstərirsə, heyvanlara, quşlara, digər canlılara yaxın olmaq humanizmin güclənməsinə səbəb olur. Bəzən kəndli uşaqlar şəhərlilərə həsəd apararaq həyatlarından şikayətlənirlər, bəzən də əksinə olur. İkincilər kəndin təmənnasızlığını, dincliyini, səmimiyyətini arzulayırlar.  Birincilər isə şəraitsizlikdən narazılıq edib şəhərə can atırlar. Gün gəlir ki, o uşaqlar böyüyüb kəndi biryolluq tərk edirlər. Bax onda anlayırlar ki, məktəbə gedərkən yolu kəsən inəkləri də, alça oğurluğu edəndə hürən qonşu itini də, sıxılaraq otardıqları qoyunları, hinə yığarkən qan-tərə batdıqları toyuqları da, saatı xarab olan xoruzu da sevirmişlər. Ufuldayaraq şikayətləndikləri palçıqlı, kələ-kötür yollar, qışda isinməyən əl-ayaqları, yayda səbrlərini sınayan ağcaqanadlar, gecə yuxularına haram qatan ördək səsləri nə əziz imiş... Sonra o uşaqlar şəhərə gəlirlər, bir müddət həsrət çəkirlər, ailələri ilə danışandan sonra "gözlərinə nəsə düşür", heç cür bura uyğunlaşa bilmirlər. Daha küçədə onları hər görəndə hal-əhvalını tutan insanlarla qarşılaşmırlar, çətinliyə düşəndə qaçıb böyüklərindən kömək istəyə bilmirlər, xətirlərinə dəyən olanda yaylığını götürüb "döyüşə" gedən nənələri yanlarında olmur. Boz binalar və heç cür ayaq üstə dura bilmədikləri avtobuslarla baş-başa qalırlar. Yenə günlər keçir, yavaş-yavaş yumurtanın qabığını çatladıb şəhərə ayaq açırlar. Dəfələrlə səhv gedirlər, geri qayıdırlar, hamıdan yol soruşurlar, nəhayət, tapırlar. Bir də görürlər ki, hər şey göründüyü qədər qarışıq deyilmiş. Görməli məkanları, dadmalı təamları kəşf edirlər. Burda arzusunda olduqları hər şeyi həyata keçirmək üçün şans əldə edirlər. Rəqs, ya da dil öyrənmək, musiqi alətərində ifa etmək, rəsm çəkmək bir addım uzaqlıqda olur. Artıq hər gün gördükləri minlərlə yad onlara doğma gəlməyə başlayır, daha metroda, avtobusda bir yerdən tutmadan da müvazinətlərini saxlaya bilirlər. Xəzərin dalğalarına tamaşa edərək kofelərini içdikləri gün artıq burdan ayrı yaşa bilməyəcəklərini dərk edirlər. Bax beləcə kəndli olur şəhərli...

 





24.05.2022    çap et  çap et