525.Az

Xoşbəxtlik naminə qırılmalı qəliblər - Şahanə Müşfiq yazır


 

Xoşbəxtlik naminə qırılmalı qəliblər -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

"Qadınlar nə istəyir?"- bu suala bütün həyatı boyu cavab axtaran Freyd belə ömrünün son günlərinə kimi buna cavab tapa bilməmişdi. Dəyişən zaman, gender bərabərliyi, sosial-ictimai proseslər indi bu sualın bir başqa formasını gətirir gündəmə: kişilər nə istəyir?

Tarix boyu filosoflar, psixoloqlar, yazıçılar, şairlər qadınların xarakter xüsusiyyələri haqqında danışdıqca danışıblar. Kimi qadınları qərarsızlıqda, kimi etibarsızlıqda, kimi vəfasızlıqda günahlandırıb. Ancaq kimsə tərk edilən, yarı yolda qoyulan, bilinməzliyə buraxılan qadının halından nəticə çıxarıb, ona bunları yaşadan qarşı tərəfdən "nə istəyirsən?"-deyə soruşmayıb.

Psixologiyada qadın-kişi münasibətlərində öz təsdiqini tapmış tendensiyalardan biri də budur ki, qadın ilk başda qəbul etdiyi və sevdiyi kişini hər zaman dəyişməyə çalışmadan necə varsa, o cür də qəbul edir. Bunu təbii ki, mən yox, elmi araşdırmalar deyir. Kişinin isə fikri tez-tez dəyişə, bir qəlibdən digərinə düşə bilər. Siz heç kişi kökəlib deyə onu aşağılayan, tərk edən qadın görmüsünüzmü? Ya da saçları, ayaqları, sinəsi, burnu xoşuna gəlmədiyi üçün, ona illərini verən kişini tərk edib ondan daha cazibədarını axtaran qadın? Əminəm ki, cavabınız "yox" olacaq. Çünki qadın ya əvvəldən qəbul etmir, ya da qəbul edibsə, mənəvi, psixoloji və fiziki şiddət olmadan, mühüm səbəblər yaranmadan partnyorunu tərk etmir və ya onu dəyişmək eşqinə qapılmır. Əlbəttə, istisnalar hər zaman var və gəlin etiraf edək ki, istisnalar qaydanı pozmur.

Bu günlərdə tanınmış türkiyəli psixoloq-yazıçı Leyla Navaronun "İki boy ufak pabuç" ("İki ölçü kiçik ayaqqabı") kitabının arxa qapağındakı bu mətn diqqətimi cəlb elədi. Orada Azərbaycanda qarşılığı "Göyçək Fatma nağılı" olan Türkiyənin məşhur "Külkedisi" nağılından gətirilən sitat və psixoloqun bu haqdakı düşündürücü fikirləri yazılmışdı:

"...və Külkedisi qaçarkən ayaqqabısı ayağından çıxdı. Səhəri gün şahzadə ayağı bu ayaqqabıya sığacaq gənc qızı axtarmağa başladı. Ölkənin bütün qızları şahzadə tərəfindən bəyənilmək üçün ayaqlarını daha kiçik hala necə sala biləcəklərinin təlaşına düşmüşdülər".

Bax, o gün bu gündür qadınlar ayaqlarını kişilər tərəfindən düşünülmüş qəliblərə sığışdırmağa çalışır, belə edərək kişinin "şahzadəsi" olacağını düşünürlər. Zaman keçdikcə axsamağının, özünü depressiv hiss etməyinin səbəblərini ancaq öz əskikliklərində axtararaq... və "ayaqqabının" nə qədər səbəbkar olduğunu düşünmədən...

Kişilər isə əllərindəki "ayaqqabıya" (və ya xəyallarındakı qəlibə) "ayağını" (özünü) sığışdıracaq qadını axtarar:

"Ayağı sıxılan" bir qadının nə qədər gerçək, nə qədər hüzurlu, xoşbəxt olub, xoşbəxt edə biləcəyini belə düşünmədən... Və birlikdə yalınayaq yaşaya bilməyin xoşbəxtliyindən xəbərsizcə..."

Bəli, hələ ta uşaq yaşlarımızdan nağıllar vasitəsiylə beynimizə yeridilən, sonrakı həyatımızı şəkilləndirən qəliblərdir bunlar. Bu sayədə kişilər qarşındakını istədiyi qəlibə salmaq, əgər o qəlibə sığmazsa və ya nə vaxtsa, o qəlibi aşarsa, onu tərk etmək, yarı yolda qoymaq ixtiyarını özlərində görərək başlayarlar həyata. Qadınsa, özünü daim həyatındakı hansısa kişilərin qəliblərinə sığışdırmaq məcburiyyətində hiss edər özünü. Öncə atanın, sonra qardaşın, sonra sevgilinin, həyat yoldaşının, hətta bəzən oğulun belə qəlibləri qadının başdan sona həyatını şəkilləndirər. Bu qəliblərə uymağı xoşbəxtlik sanan, özünü bundan kənar təsəvvür belə etməyən qadınlar isə əslində, ömrünü xroniki bədbəxtliyindən xəbərsizcə başa vurar.

Yaşadığımız cəmiyyət nə qədər müasirləşsə, Avropaya inteqrasiya etsə də, hələ də hansı yeməyi belə sevdiyini, hansı tərz geyimdən xoşlandığını bilməyən, hər hansı hadisə haqqında sərbəst mühakimə yürütməkdən aciz xanımlarımız var. Və o xanımlar bir dövrdə "səssiz, sakit, savadsız" həyat yoldaşı axtarıb, sonra eləsiylə evlənəndən sonra gözü "savadlı, dinamik" qadınlarda qalan, buna görə də evdəki yoldaşını xor görən, bəzən isə tərk edən kişilərin qurbanlarına çevrilirlər.

Bundan xilasın tək yolu isə uşaqlarımıza Göyçək Fatmanın, Külkedisinin nağıllarındakı şahzadənin "pabuc" qəlibini öyrətmək yox, cins ayrı-seçkiliyi etmədən gələcəyə və cəmiyyətə nə istədiyini bilən, sərbəst düşünmək və mühakimə etmək qabiliyyəti olan, sözünü deməkdən heç vaxt çəkinməyən, səhvlərindən utanan yox, dərs çıxarmağı bacaran fərd hazırlamaqdır. O fərd ki, həyatını kimdən və ya kimlərdənsə asılı vəziyyətə salmaq əvəzinə, öz əllərində, ovcunda toplamağı həmişəlik yaşam amalı seçsin! Onda cəmiyyət də, dünya da xoşbəxt qadınlar, xoşbəxt kişilər və onların dünyaya gətirdiyi xoşbəxt uşaqlarla gözəlləşəcək!

 





24.05.2022    çap et  çap et