525.Az

Şarl Mişelin fəallığı Moskvanın narazılığını artıracaq - Sosial şəbəkədə yazılanlar


 

Şarl Mişelin fəallığı Moskvanın narazılığını artıracaq -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şahinoğlu, politoloq:

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb. O, Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub. Şarl Mişelin bu fəallığı Moskvanın narazılığını artıracaq. Kreml Brüsseldən sonra Nikol Paşinyanı yenə Moskvaya çağırıb ona qulaqburması verəcək. O da İrəvana geri dönüb qorxusundan yenə prosesi ləngidəcək. Beləcə, Nikol Paşinyan Brüsseldə sülhdən danışacaq, Moskvaya gedib-qayıtdıqdan sonra gözləmə mövqeyinə keçəcək.

***

Əziz Əlibəyli, jurnalist:

- Bölgədə vəziyyət belədir ki, 2030-a doğru kimin əlində su resursları varsa, o vaxtdan etibarən, regional güc kimi təbii və ekoloji olaraq idarəetmə mərkəzinə çevriləcək. Bu mənada Qarabağ müharibəsi bizə böyük üstünlük qazandırıb. Amma ən böyük iki çayımızın Türkiyədən başlaması onu deməyə əsas verir ki, biz coğrafi olaraq Türkiyədən asılıyıq, amma qardaşlıq və strateji addımlar nəzərə alındıqda müəyyən yol taparaq həll edə biləcəyik.

Görəsən, İran, İraq, Suriya və digər ərəb ölkələri kimə və nəyə ümid edirlər?

İndidən "neft qiymətinə su" doktrinası ilə dünyaya güc nümayişi etdirən Türkiyə ilə yenəmi terror, xəyanət, kəşfiyyat yolu ilə danışmağa cəhd edəcəklər?

***

Bəhruz Həsənov, siyasətçi:

- Hər hansı bir peşəkar yazıçının dəstəyi ilə "7 il erməni əsirliyində" deyə bir kitab yazsa, gördüyü işgəncələri, məhbəs dövründə baş vermiş hadisələri, qurtuluş anını kağıza köçürsə, həm erməni vəhşətinin ifşası baxımından faydalı addım atmış olardı, həm də külli-miqdarda qazanc əldə edə bilərdi. Məsələn, bu kitabı Türkiyədə də nəşr etdirmək olardı. Hətta film də çəkilərdi.

Amma Şahbaz Quliyev nə edir?

Daha çox qayğı istəyir, "ver yeyim, ört yatım" xülyasına qapılıb.

O, hələ də əsirdir. Bu dəfə də öz hərisliyinin, nadanlığının əsiridir. Məsələ burasındadır ki, tək özünə zərər vermir, erməni mətbuatına fərqində olmadan (?) tezis ötürür! Təəssüf...

***

Zəhra Bədəlbəyli, musiqiçi:

- Bilirsiz niyə bizdə inkişaf çox gözəl gedir?

İndi Opera və Balet Teatrındayam, antraktdır.

Cüzeppe Verdi "Riqoletto" operasının premyerasıdır. Və maraqlı və önəmli fakt fikrimə gəldi.

Dünyanın çox ölkələrində - teatrlara, xüsusən də klassik musiqi olan opera və ya baletlərə daha çox yaşlı nəsil gəlir. Həm zövq baxımından, həm də imkan baxımından - onlar bunu daha çox edir, nəinki gənclər.

Amma bizdə zalın yarısı məhz gənclərdən ibarət olur.

Bu fakt məni bir musiqiçi, mədəniyyətə aid olan insan kimi o qədər sevindirir ki, mütləq sizinlə bölüşmək istədim.

Özümüzü nə qədər tənqid etsək - onunla yanaşı, belə müsbət halları mütləq qeyd etməliyik.

Öz ölkəmi çox sevirəm və yenə onun ancaq və ancaq parlaq gələcəyinə inanıram.

***

Elçin Mirzəbəyli, jurnalist:

- Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan "Akıncı" pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Təxminən 2000 km uçan "Akıncı" təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

Qeyd edək ki, "Teknofest Azərbaycan" festivalı mayın 26-29-da Bakıda keçiriləcək.

***

Rəşad Mahmudov, millət vəkili:

- Bu gün Şuşa Modul Tipli Xəstəxanasına ziyarət etdim. Xoş təəssüratlar yaşadım. Hər cür tibbi avadanlıq və sərf materialla təchiz olunmuş xəstəxanada tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir.

Vətəndaşlar burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində olan tibb xidmətlərdən yararlana bilirlər.

İstər COVİD-lə mübarizədə, istərsə müharibə dövrü, eləcə də hazırda canla-başla, gecə-gündüz demədən əhaliyə tibbi xidmət göstərən hər bir kəsə dərin minnətdarlığımızı bildiririk. Yorulmayasınız!

***

Elxan Şükürlü, jurnalist:

- Rezident Administrasiyasında iki alimin söhbəti...

Bu gün partiyamızın sədri, görkəmli hüquqşünas alim İlyas İsmayılovla birgə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyevlə çox maraqlı, yaddaqalan bir görüşümüz oldu.

Mənim üçün bu görüşü maraqlı edən təkcə iqtidar-müxalifət münasibətlərində indiyədək rastlaşmadığımız rəftar və mövcud olmayan yeniliklərin tətbiqini müşahidə deyildi, həm də ölkənin gələcəyinə, milli maraqlarımızın təmininə baxışda olduqca aydın təsəvvürə malik və əksər prinsipial məsələlərdə də mövqeləri tamamilə üst-üstə düşən iki dəyərli alimimizin, ziyalımızın çox səmimi, məzmunlu və faydalı söhbəti idi.

Hər ikisi zəngin həyat və idarəçilik təcrübələrindən, elmi-siyasi biliklərindən yararlanmaqla ölkənin problemlərinə o qədər açıq, həssas və fundamental yanaşma ortaya qoyurdular ki, səlahiyyətli iqtidar təmsilçiləriylə müxalifət liderlərinin belə müzakirələrini indiyədək təşkil etməməklə, bir-birimizi dinləməməklə ökəmizin, xalqımızın nə qədər itirdiyinin bir daha fərqində oldum.

Bəli, təəssüf ki, biz bir-birimizi dinləməməkdə də xeyli zaman itirmişik - ölkənin bütün ağıllı başlarını bir yerə toplamaq, onları yaxından tanımaq, fərqli fikirlərini eşitmək və üstün zəkalarından, qabiliyyət və bacarıqlarından dövlətimizin, xalqımızın nəfi naminə yararlanmaq işində çox fürsətləri, imkanları qaçırmışıq. Və bu işdə də, açıq desək, Prezident Administrasiyasının uzun illər boyu ictimai-siyasi sektora cavabdeh əvvəlki adamlarının çox böyük təqsirləri var. Çünki onlar bu müzakirələri zamanında təşkil etməli, indi edilənləri, göstərilən münasibəti və görülən işləri vaxtında - münasibətlərdə dərin çatlar yaranmamış, düşmənçilik həddinə keçməmiş etməliydilər.

Ancaq etməyiblər və tək bircə səbəbə görə - o adamları dövlət, xalq yox, yalnız öz şəxsi maraqları düşündürüb və tamahları idarə edib! Bu gün aşkarlanan, üzə çıxarılan sərvətlərinin həcmi, miqyası hər şeyi deyir, onların cinayətlərinin danışan şahidləridir və əlavə dəlil-sübut gətirməyə də ehtiyac yoxdur!

Özləri xalqı talayıb varlandıqca, onların bu talançılığına etiraz edən, bu davranışların cinayət olduğunu və dövləti zəiflətdiyini deyən müxalifət təmsilçilərini də bilərəkdən "dövlətin düşmənləri", özlərini isə "dövlətin qoruyucuları" cildində xalqa və Prezidentə təqdim ediblər ki, çirkli, bulaşıq işlərini də rahatca davam etdirsinlər, əməllərinə göz yumulsun!

...İndi isə elə deyil. Baxın, həmin ağ mərmər bina və həmin Prezidentdir. Yalnız sahəyə cavabdeh adam və komandası dəyişib - yerlərinə dürüst, vicdanlı, öz şəxsi maraqları naminə Prezidentə yalan deməyən, öz maraqları naminə ölkənin ən qabiliyyətli adamlarını ləkələyib üstündən xətt çəkməyən, nankor və xəbis olmayan, peşəkar insanlar təyin edilib! Fərq, münasibət isə ortadadır! Görməyənlərə, bilməyənlərə deyim ki, bu şöbənin işindəki dəyişiklik fərqi də elə Vəliyevlə Həsənovun boylarındakı fərq qədərdir!

Hər şey münasibətdən başlayır. Əsas odur ki, artıq bizə - müxalifətə münasibət dəyişib. Və dəyişən bu münasibət mütləq öz bəhrəsini verəcək!

Professor Ədalət Vəliyevin İlyas müəllimlə söhbətindən sonra mən bir daha əmin oldum ki, Prezident İlham Əliyevin ölkənin daxili siyasətinin də fundamental şəkildə yaxşıya doğru dəyişdirilməsi istiqamətində ciddi planları, sarsılmaz əzmi, iradəsi var və bu işdə də xaricdən asılı olmayan, kənardan idarə olunmayan, xüsusən də 44 günlük savaş müddətində və ondan sonrakı dönəmdə özünü ləyaqətlə aparan müxalifət partiya rəhbər və təmsilçilərini də özünə rəqib yox, dost, müttəfiq kimi görür!

Bu, ölkəmizin gələcəyi üçün çox mühüm addım, yaxşı bir başlanğıcdır!

***

Müsəllim Həsənov, jurnalist:

Bir ovuc Şuşa torpağı

Ağcabədidə oteldə səhər yeməyi zamanı uşaqların danışığından Şuşaya getdiyimizi hiss edən xadimə qadın:

- Uşaqlar, olar sizdən bir xahiş edm?

Kimsə dilləndi:

- Buyur, xala...

- Hiss edirəm Şuşaya gedirsiniz. Olarmı qayıdanda mənə bir ovuc Şuşa torpağı gətirəsiniz?

Operatorumuz cavab verdi ki, xala, biz Şuşaya getmirik, Şuşadan qayıdırıq...

- Hə? - deyə xala məyus halda dönüb gedəndə sürücümüz Emin dilləndi:

- Bibi, qonşum məndən xahiş etmişdi, ona torpaq götürmüşəm. Bir ovuc sizə verə bilərəm...

Elə bil qadına dünyanı bağışladılar:

- Anamın qəbrinə səpmək istəyirəm, ay oğul, Allah ömrünü uzun eləsin...

Şuşa, nə yaxşı ki, sən azadsan!

***

Eynulla Fətullayev, jurnalist:

- Deməli, Eldar Mahmudovun oğlunun toyunun təşkili üçün hər sahibkardan 10 milyon manat pul yığıblarmış! Görəsən, nə qədər qonaq olub?

***

Altay Göyüşov, tarix elmləri doktoru:

- O vaxt Rusiyada Putin hay-küylə elan etdi ki, bəs filan qədər pul ayırıram, öz milli smartfonlarımız buraxılsın. Pulu yeyib qurtardılar, smartfon məsələsi nə oldu, bəlli deyil.

İndi də hökumət dünən elan edib ki, daxili istehsal, yəni idxalın əvəzlənməsi proqramı iflasa uğrayıb.

Bu gün isə məlum olub ki, iki gün "Moskviç"i bərpa edəcəyik" hay-küyündən sonra zavodu Çinin JAC şirkətinə satmaq üçün danışıqlar aparırlar.

Bir sözlə, axşam içirlər, planlar qururlar, səhər ayılandan sonra yadlarına düşmür.

O vaxt Rusiyanın bir baş naziri var idi, Çernomırdın adında, deyirdi ki, hər dəfə istəyirik yaxşı alınsın, amma nə təhər işdirsə, hər dəfə eyni cür alınır.

***

Nəzakət Məmmədova, jurnalist:

- Hazırda dünyada iki sivilizasiya arasında savaş gedir: ingilis və rus. Biz rus sivilizasiyasının yanında olmalıyıq. Dünyadakı bütün iblisanə planların arxasında məkrli, hiyləgər ingilis barmağı var çünki. Rusiyaya qarşı olmaq ingilislərin yanında yer almaqdır ki, bunun da nəticəsində şeytani planlara xidmət etmiş olur bunu edən hər kəs. Anqlosaksların ən son şeytani pandemiya planlarının üstündən yenə Rusiya xətt çəkdi...

***

Müşfiq Şükürov, filosof:

- Şahbazın etirafları ilə bağlı videosuna baxdım. Məsələnin bütün detallarını bilməsəm də, son aylar onun çabaları məndə ikrah hissi oyadır. Bəxtiyar filmində muzdlu balerunun "Pulumu verin!" - bağırtısı səslənir qulağımda.

Əlbəttə, insanın 7 illik əsirlik həyatını və mərhumiyyətlərini anlayıram. Amma utanıram onun yerinə. Vətənə xidməti bu cür ucuzlaşdırmaq olmaz.

 





24.05.2022    çap et  çap et