525.Az

BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb


 

BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb.

525.az xəbər verir ki, laboratoriyanın açılış mərasimində çıxış edən Universitetin rektoru Elçin Babayev BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsinin daim diqqət mərkəzində olduğunu deyib.

Bu baxımdan beynəlxalq əməkdaşlığı, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirmək və onların təcrübəsindən yaralanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında prioritet məsələdir: “Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. İcra olunan layihələrin nəticəsində strateji əhəmiyyət kəsb edən sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu baxımdan son illərdə respublikamızda informasiya və kommunikasiya texnologiyaları sahəsinin müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər də miqyası və əhəmiyyəti ilə seçilir. BDU-nun müasir səviyyədə qurulan Rəqəmsal Tədqiqatlar Laboratoriyası da bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, hazırda Universitetdə inkişaf strategiyasına uyğun olaraq müvafiq sahənin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir”.

Elçin Babayev vurğulayıb ki, Rəqəmsal Tədqiqatlar Laboratoriyası ilk növbədə tədqiqat potensialının, tələbələrin elmi-tədqiqat imkanlarının artırılmasına və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri Ələkbər Əliyev da çıxışlarında yeni laboratoriyanın üstünlüklərini, praktiki və real tədqiqatlara əsaslandığını, BDU-da rəqəmsallaşma işinə böyük töhfə verəcəyini qeyd ediblər.

 





24.05.2022    çap et  çap et