525.Az

Daha çox ərzaq tələbatı ekoloji problemləri artıracaq


 

ÇIXIŞ YOLU NƏDİR?

Daha çox ərzaq tələbatı ekoloji problemləri artıracaq<b style="color:red"></b>

Get-gedə dərinləşən ərzaq böhranı bütün dünyada qida istehsalına marağı ciddi şəkildə artırmaqdadır. Təsadüfi deyil ki, bu gün dünyanın, demək olar, bütün ölkələrində kənd təsərrüfatı qida istehsalının əsas mərkəzləri sayılırlar. Burada taxılçılıq, bitkiçilik, maldarlıq eyni dərəcədə əhəmiyyət kəsb edir və həm də regional iqtisadi inkişafın nə dərəcədə vacib olduğunu bir daha göstərir.

Dövr onu göstərir ki, yerlərdə istənilən təsərrüfat sahəsi üçün lazımi strukturların yaradılması, texnikaların qurulması, düzgün istehsal bölgüsünün aparılması kimi bir sıra zəruri tədbirlər var ki, bunların hər biri bugünkü gündə hazır vəziyyətə gətirilməlidir. Bütün bunlar regional iqtisadi inkişafın ilkin şərtləri, əlifbası hesab olunur, böyük vaxt və maliyyə tələb edir. Dünya ərzaq böhranı məsələsində həyəcan təbili çalır. 2018-ci ildə baş qaldıran iqtisadi böhran dərinləşərək bu günə qədər davam etməkdədir. COVİD-19 pandemiyası dünyanın onsuz da tərəzisi düz işləməyən tələb-təklif çarxlarının sxemini bir az da pozdu və Rusiya-Ukrayna müharibəsi dünyada qida tədarükünün çətinləşməsi məsələsində hələ ki kulminasiya nöqtəsi hesab olunur.

Bütün bunlar dünyanın ən böyük güclərinin diqqətini yeraltı sərvətlərdən yerüstü sərvətlərə doğru çevirməsinə səbəb olub. İndi bütün dünya üçün vacib olan həyati faktorlar təmiz və şirin su ehtiyatları, əkinə yararlı torpaqlar, iqlim məsələləridir. Çünki bunların hər biri birbaşa insanların təməl ehtiyacı olan lazımi qidanın təmin olunması funksiyasını daşıyır.

Bu səbəbdəndir ki, artıq bir müddətdir dünya ölkələri arasında qida təhlükəsizliyi, kənd təsərrüfatı, iqlim problemlərindən qaynaqlanan yararlı su ehtiyatlarının işlənməsi istiqamətində ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə maraq artmaqdadır.

Bəs Azərbaycan bu istiqamətdə hansı addımları atır? Nəyə hazırıq və nəyə hazırlıqsız yaxalanmışıq? Regionlarda vəziyyət nə yerdədir?

Bu gün kənd təsərrüfatında başlıca problem dayanıqlı intensivləşmənin reallaşdırılması hesab olunur. Kənd təsərrüfatında resurslardan istifadənin intensivləşdirilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də kənd təsərrüfatında istifadə olunan təbiət kapitalına mənfi təsir edir, ətraf mühitin sağlamlığı baxımından təhdid ünsürü kimi qiymətləndirilir. Qarşıda duran məqsəd qida tədarükünü təmin etmək üçün məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, bu prosesdə onun ekologiyaya vurduğu zərərin azaldılmasını da təmin etməkdir.

Bu səbəbdən də kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi konsepsiyasının son illər daha geniş tətbiq olunmasına başlanılıb.

Bu günün tələbi olan dayanıqlı intensivləşdirmə kənd təsərrüfatında məhsuldarlığın dinamik yüksəldilməsi, ətraf mühitin qorunması tələblərinin gözlənilməsi və iqlim dəyişikliklərinə adaptasiyanın gücləndirilməsi ilə birbaşa əlaqəli olmaq məcburiyyətindədir. Yəni dayanıqlı intensivləşdirmə özündə həm kənd təsərrüfatında modern resurslardan geniş istifadə etməklə məhsuldarlığı yüksəltməyi, həm də bu prosesin ətraf mühitə zərərli təsirini minimuma endirməyi ehtiva edir. Beləliklə, kənd təsərrüfatında intensivləşmə dedikdə, su itkiləri, əlverişsiz və səmərəsiz texnologiyaların tətbiqi, xammalın hazırlanması prosesində enerji israfı kimi amillərin aradan qaldırılması, istehsalın həcminin artırılmasının bu sahəyə yeni torpaq sahələri cəlb edilmədən aparılması nəzərdə tutulur. Bu isə məhsuldarlığın artırılmasında ətraf mühit üçün zərərli olan resursların daha az istifadə edilməsini və torpaq sahələrinin deqradasiyasına səbəb olan əlverişsiz təsirlərin aradan qaldırılmasını təmin edən yanaşma və metodların tətbiqi əsasında reallaşdırılır.

Bu səbəbdən bu gün dünyada dayanıqlı intensivləşdirməyə kənd təsərrüfatına innovativ yanaşma və yaşıl iqtisadiyyata keçidə həlledici element kimi baxılır. Beynəlxalq və regional qurumların (Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa Birliyi) kənd təsərrüfatının inkişafı sahəsində rəhbər prinsipləri müəyyənləşdirən sənədlərində də dayanıqlı intensivləşdirmə məsələləri yer almaqdadır.

Qeyd edək ki, bu konsepsiya ilk dəfə 1990-cı illərdə Afrika ölkələrində kiçik kənd təsərrüfatı obyektlərində məhsuldarlığın yüksəldilməsi üçün istifadə olunub və sonrakı dövrlərdə bir çox ölkə bu təcrübədən yararlanıb. Hazırkı dövrdə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrin kənd təsərrüfatında dayanıqlı intensivləşdirmənin prinsiplərindən istifadə olunur.

Göründüyü kimi, bu konsepsiyanı tətbiq etmək üçün onun haqqında məlumatlı olmaq kifayət deyil. Həm də kənd təsərrüfatı üçün düzgün regional istehsal bölgüsünü aparmaq və modern texnologiyaları tətbiq etmək lazımdır.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" 2021-ci il 7 iyul tarixli fərmanı bu istiqamətdə atılan ən ümdə addımlardan birincisidir. Hansı məhsulun harada yetişdirilməsi məsələsi məqsədli təşviq proqramları ilə birlikdə son illərdə məhsuldarlığın artmasına səbəb olub.

Amma biz həm də qeyd etdik ki, bu konsepsiyanın əsas şərti aqrar sahədə məhsul istehsalının artırılması ilə eyni vaxtda həm də ekologiyanın qorunması arasında tarazlığın yaradılmasıdır. Burda ağıllı kənd, yaşıl enerji konsepsiyalarına olan tələbat ortaya çıxır.

Deyə bilərik ki, bu gün ölkəmizdə bu istiqamətdə də ciddi tədbirlər görülür: sudan səmərəli istifadə haqqında qəbul olunan qərar, kənd təsərrüfatında dronlardan istifadə, rəqəmsal kənd təsərrüfatı proqramları çərçivəsində müasir texnologiyalarla regionlardakı təsərrüfat işləri getdikcə rəqəmsallaşdırılmağa doğru gedir. Bununla yanaşı, vacib amillərdən biri fermerlərin və əkinçilərin ənənəvi təsərrüfat modelindən sürətlə imtina etməsi, yeni texnologiyalar və metodlardan istifadə etməyi öyrənmələridir. Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatıyla məşğul olan insanların da davamlı maarifləndirilməsinin vacibliyinə bir daha şahid oluruq. Hazırda bu kimi vacib işlərin daha çox diqqət mərkəzində olan işğaldan azad edilmiş torpaqlarımızda aparıldığını müşahidə edirik. Hazırda Zəngilan rayonunun Ağalı kəndinin ərazisində "ağıllı kənd" layihəsi icra edilməkdədir. Kənddə həyata keçirilən layihəyə əsasən yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrinin qurulması daxildir. Azərbaycanın ilk "Ağıllı kənd" layihəsi gələcəkdə onun regionun digər ərazilərində də uğurla tətbiq edilməsində mühüm təcrübədir. Nəticədə kəndlərdə və regionun ucqar ərazilərində davamlı inkişafı təmin etmək mümkün olacaq.

Beləliklə, dayanıqlı regional iqtisadi inkişaf üçün ən vacib addımlardan biri kənd təsərrüfatının canlandırılmasıdır. Bunun üçün kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi və bu istiqamətlərdə ölkələr arasında təcrübə mübadiləsinin aparılması mühüm rol oynayır.

 





24.05.2022    çap et  çap et