525.Az

Mədəniyyətin özü – Şuşa!


 

Mədəniyyətin özü – <b style="color:red">Şuşa!</b>

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində elan etdiyi “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsinin qalibi (I yer) Mingəçevir Dövlət Universitetinin IV kurs tələbəsi Günel Sarı qızı Məmmədovanın “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” mövzusunda yazısını təqdim edirik:

***

Dil açanda söylədiyim ilk kəlmətək mənə doğmasan, əziz Şuşam! Yaddaşıma əbədi həkk olunmuş adını ananda məni qəhər boğur, gözlərim dolur. Sənə olan bu məhəbbətim məni payız buludlarıtək kövrəldir.  

Sən mənim qəlbimdə bəslədiyim arzularım və həsrətimsən. Bəlkə də, öz-özünə fikirləşirsən ki, məni görməyən bir insan, görəsən,vətəni olduğum üçünmü məni bu qədər sevir? Mənim baş tacım, Şuşam, düzdür, mən səni ömrümdə bir dəfə də olsun görmədim. Havanı içimə çəkib torpağını öpə bilmədim. Bir vaxtlar sən mənfur düşmən tapdağı altında idin. İndi isə sən azadsan! Sənin hər torpağında, hər daşında şəhidimin qanı var. Sənin dağın, dumanın, çəmənin, gülün belə, onlar qarşısında baş əyir. Sən şəhidlərimin əmanəti, ölüm ayağında belə, dilindən düşməyən qürur kəlməsisən. Bax mənim yarama onlar məlhəm oldu. Sən məndən uzaqda olduğun vaxt belə, mən səni öz içimdə daşıdım. Köksümdəki ürəyimdən belə, mənə daha yaxın və gərəkli idin. Adını eşidəndə dilim yox, ürəyim o gözəl Qarabağ zənguləsini vururdu. Kaş ki dumanınolub dağlarında sürünərdim. Daşın, bulağın olub səninlə sirdaş olardım. Gülün, çiçəyin olub çəmənində bitərdim.

Əziz Şuşam, sən mədəniyyətin mərkəzi yox, elə özüsən!Sənin mədəniyyət mərkəzlərinin hər birinin şanlı tarixi,özünəməxsus memarlıq üslubu var. Sənimədəniyyət şəhəri kimi formalaşdıran əsas amilabidələrinin olmasıdır. Şuşa mağara düşərgəsi – daş dövrü (Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində),Şuşa qalası – XVIII əsr, Pənah xanın sarayı – XVIII əsr, Qaraböyük xanım sarayı – XVIII əsr, Yuxarı Gövhərağa məscidi – XVIII əsr, Aşağı Gövhərağa məscidi – XVIII əsr, Tarzən Sadıqcanın evi – XVIII əsrvə s. adı dillər əzbəri olan mədəniyyət mərkəzləri sənin tarixinin qədimliyini, zənginliyini, mədəniyyət ocaqlarının bizim and yerimiz olmasını bir daha sübut edir. Məhz bu səbəbdən əsgərimin sənə güllə atmağa belə, əli gəlmədi. Onlar sənin hər daşını, hər qayanı göz bəbəyi kimi qorumaq naminə ölümü gözə alaraq əlbəyaxa döyüşə getdilər.    
Mən isə səni kitablardan oxuyub yuxularımda yaşatdım.  Şəhidin hər dəfə yuxularımda məni sənin torpaqlarına gətirib çıxartdı. Səni iftixarla mənə qovuşdurdu.Yuxularımda gəzdim sənin behişt ətri verən torpaqlarını. Baxdım, qürurlandım, keçmiş tarixini andım. Adın, şan-şöhrətin, alınmaz qalan, qeyrətin qarşısında baş əydim, könlümün sultanı, bayrağımın əbədi məskəni Şuşam, sən həm Ağabəyimin ayrılıq qopan hicran dolu şeirləri, həm də zəfər yoluna hopan Qarabağın incisisən. Sən mədəniyyətimin paytaxtı, Bülbül, Üzeyir, Niyazi, Qaryağdıoğlu, Cəmil, Süleymanımın musiqi beşiyisən.

           Bilirsən, yadıma nə düşdü? Heç vaxt yaddaşımdan silinməz. Bir dəfə babamla bağımızda gül əkirdik. Qəfildən qulağımıza o ahəngdar, bütün hisslərimizi oyadan “Bayatı-Şiraz”ın səsi gəldi. Həzin yaz küləyi əsdiyindən füsunkar musiqinin hansı tərəfdən gəldiyini tam ayırd edə bilmirdim. Babam isə tez qapıya tərəf qaçdı. Düzünü desəm, babamın bu hərəkəti məni çox təəccübləndirdi. Çünki nə olursa olsun, babam əlindəki işi bitirməmiş heç vaxt yerindən tərpənməzdi. İndi isə o, anasına həsrət qalmış körpə bir uşaq kimimahnı gələn tərəfə doğru getməyə can atırdı. Qapını açıb yola doğru addımlarımı atdıqda isə o musiqinin hansı səmtdən gəldiyini ayırd edə bildim. Sən demə, bu ecazkar, hər kəsi özünə cəlb edən o “Bayatı-Şiraz” qonşumuz Abdulla (o da müharibənin canlı şahidi olmuşdur) dayının radiosundan gələn sehrli bir qüvvə idi.  Babamın gözlərinə nəzər saldıqda sanki o gözlərin dərinliyində “Niyə elə baxırsan, mənim əziz balam, məgər kişilər ağlaya bilməz?” kəlməsi yatırdı. O gözlərdən qana hopmuş vətən sevgisi, ruhları didib-parçalayan can yanğısı, mənim bütün suallarıma cavab oxunurdu. O gözlər mənə baxan bağlı bir qapı idi. Mahnı kəsilmişdi. Amma biz hələ də o mahnının təsiri altında lal baxışlarla bir-birimizə baxır, yaş dolu gözlərimizi gizlətməyə çalışırdıq. Göz yaşlarımız isə yanaqlarımızdan süzülüb söyüd ağacının öz kölgəsi ilə örtmək istədiyi torpağa düşürdü. Mən babamı heç vaxt ağlayan görməmişdim. O, birdən “Sağ ol, veteran, ruhumu dincəltdin” deyib qapıdan içəri daxil oldu. Mən isə heç bir söz demədən babamın arxası ilə bağımıza gəldim. Babam isə  fikirli halda öz işinə davam edirdi. Elə bil heç yanında mən yox idim. “Baba, gəlsənə bunu bura əkək” deyəndə belə, mənə cavab vermirdi. Qısasükutdan sonra babam: 

Bəs sənin niyə gözlərin doldu? Baxmənim balam, həyatda elə şeylər var ki, ağıl onun mahiyyətinə varmaq iqtidarında deyil. Ağılın bizi idarə etməsinə baxmayaraq, elə hisslər və düşüncələr var ki, onlar ağılı deyil, qəlbi özünə məskən seçir. Bu gün eşitdiyin həmin “Bayatı-Şiraz” kimi. Mahnının sözləri isə dahi şairimiz Abbas Səhhətə məxsusdur. Görürsən, onu oxuyan uşağın (Tacir Şahmalıoğlunun təkrarolunmaz ifası)səsi də musiqinin təsiri ilə yoğrulub. Hələ Şuşanın gecələrini demirəm. Orada daşlar, qayalar belə, dilə gəlib hər axşam oxuyur. Şuşada elə nəsillər var ki, onların təkcə soyadlarıbir tarix salnaməsidir. Hacıbəylilər, Bədəlbəylilər, Əmirovlar kimi.


Baba, sənin ki belə musiqi duyumun var, musiqini sevirsən, niyə sən də oxumursan?                                                                                                             
Mən yalnız sənin üçün oxuyaram:

Şuşanın dağları başı dumanlı,                                                            

Qırmızı koftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdur gümanım.

Ay qız, bu nə qaş-göz, bu nə tel,

Ölərəm dərdindən, onu bil,

Danışmasan da, balam, barı gül.


 O gündən etibarən mənim düşüncələrim tamamilə dəyişdi. Bir vaxtlar həkimlik arzusu ilə yaşayan bir qız indi ədəbiyyatçı kimi yetişməyi qarşısına məqsəd qoymuşdu. Hər gün“Bayatı-Şiraz”a qulaq asır, özü üçün yeni dünyasında Vaqifin, Zakirin, Natəvanın obrazlarını yaradıb xəyallar qururdu. Əziz Şuşam, səninlə bağlı xatirələrim o qədər çoxdur ki, fikirləşməyə belə, ehtiyac qalmır. Hamısı bir-bir qələmimdən ağ sətirlərə tökülür. Mən məktəbdə oxuyanda Rahilə müəllimə bizə ədəbi məclislər barədə məlumat vermişdi. Onların içərisində ən çox sevdiyim “Məclisi-üns” (“Dostluq məclisi”) idi. Çünki onun adı da səninlə bağlı idi. Şuşam, məclisin sənin yetişdirdiyin Mirzə Əbdülqasımın mədrəsəsində təşkil olunurdu. Məşğələlər isə şair Hacı Abbas Agəhin evində keçirilirdi. 1872-ci ildən isə sənin Natəvanın o məclisə başçılıq etdi. Məktəbdə isə  o qız mən idim. Sənin Natəvanını canlandıran həmin qız. Dilimdən Natəvanın “O xaki-payini mən aşiyanə etmiş idim, Vətəndən ayrı düşüb, indi laməkan ölürəm” misraları düşmürdü. Görürsən, ovaxt Natəvan da sənin gələcəyinin necə olacağından sanki xəbərdar idi. Səni misralara axıdıb yaşadırdı. Sən tək Natəvanın deyil, milyonlarla şairin, yazıçının, bəstəkarın, rəssamın qəlbində özünə əbədi məskən seçib, taxt qurdun.Sənin məclisin Azərbaycan ədəbiyyatının inkişafında müəyyən xidmətləri olmuş Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai, Hacı Abbas Agəh, İsmayıl Bəy Daruğə, Mirzə Sadiq Piran, Məhəmmədəli bəy Məxfi, Məşədi Nəsir Lövhi, Hüseyn ağa Cavanşir, Mirzə Haqverdi Səfa, Bəhram bəy Fədai, Mahmud bəy Mahmud, Mirzə Səfər Köhnəfüruş, Məhəmməd ağa Müştəri, Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov kimi şairləri, ziyalıları, sənət adamlarını öz ətrafına toplamışdır. Onu da xüsusilə vurğulamaq istərdim ki, Doktor Cavad Heyət Qarabağ ədəbi-mədəni mühitinin bu mərhələsinin təsnifatını apararaq yazırdı: “Bu əsrin ədəbiyyatının üç qrup ətrafında dövr etdiyini qeyd etmək lazımdır. Bunlardan biri məhəlli klassisizmi davam etdirən Qasım bəy Zakirlə Məhəmməd bəy Aşiq ətrafında qərar tutur. İkinci qrupa Mirzə Fətəli Axundzadənin qərbi fikirləri və nəsrçiliyi ilə inkişaf imkanı tapan cərəyan tərəfdarları daxil idi. Üçüncü qrup “Məclisi-üns” şairlərindən təşkil olub, qəzəlçiliyi, lirizmi incələməyə çalışanlardır. Seyid Əzim Şirvani və məsləkdaşları isə bu cərəyanlar arasında qalmaqla bərabər, xüsusi bir üsyançılıqla köhnə zəncirləri qırmaq fikrində idi. Natəvanın nüfuzu digər iki cərəyan tərəfdarlarından qat-qat qüvvətli idi”. Bu ədəbi məclislə yanaşı, 1872-ci ildə Şuşada dövrünün böyük ziyalısı, zəka və istedad sahibi Mir Möhsün Nəvvabın rəhbərliyi ilə “Məclisi-fəramuşan” (“Unudulanların məclisi”) adlı ikinci bir ədəbi məclis də fəaliyyətə başladı ki, bu da ozamankı Azərbaycan ədəbi mühiti üçün yeni bir hadisə kimi dəyərləndirilməlidir. “Məclisi-fəramuşan” xarici ölkələrlə də münasibət saxlayırdı. Bakıdan “Əkinçi”, Krımdan “Tərcüman”, İstanbuldan “Sabah”, Hindistandan “Həblül-Mətin” ruznamələri alırdı. Alınan qəzet və toplular oxunur, ədəbi, elmi və siyasi məsələlər ətrafında müzakirələr aparılırdı.Sənin yetirmələrindən biri də Mirzə Ələsgər Növrəsdir (1836-1912). “Asinin və mərhum Hacı Seyid Əzimin müasiri vəşüəranınmümtazı” Mirzə Ələsgər Növrəs Şuşada doğulub, Şuşada yaşayıb, Şuşada vəfat edib. Şuşa şəhərində, Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Şair Mir Möhsün Nəvvabın “Məclisi-fəramuşan” məclisinin yığıncaqlarında iştirak etmişdir. Mirzə Ələsgər Növrəsin şeir-sənət ocağı Şuşada doğulması, Şuşa ədəbi mühitində özünə yer tapması onun ədəbi yoluna işıq salmışdır. Ədəbiyyatşünas F.Köçərli bu mühiti belə xarakterizə edir: “Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazi mənzərəsində olub, ərbabi-zövqü səfa oymağı və əhli-hal və sahibi-dil yatağı hesab olunur”. “Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən vücuda gələn şairNövrəs yalnız Qarabağ mühitində deyil, bütövlükdə Azərbaycanda tanınan, Seyid Əzim Şirvaninin “həmdərd”lərindən biri, “həqiqi şair və əhli-hal” idi.

 Əziz Şuşam, sən həm də Yusif Vəzir Çəmənzəminlinin fəxarət yeri oldun. Onu boya-başa çatdırdığın üçün o səninlə qürur duydu. Sənin siyasi həyatını “Qan içində” romanında bədii boyalarla tarixə saldı. O romanda Vaqifin öz sözləri də düşmənlə vuruşdu. Vaqifin uzaqgörənliyi, qonşu dövlətlərdəki çaxnaşmalar, bunların Azərbaycana təsiri və xanlıqların daxili münaqişələri bədii şəkildə əsərdə canlandırılmışdır. Əsərin ilkin variantı“İki od arasında” adlandırılmış və bu ifadə roman içərisində bir neçə dəfə təkrarlanmışdır: “Saniyən, Sultan həzrətlərinə məsələni ətraflı ərz edərsən, deyərsən ki, bizi iki od arasından qurtaracaq yeganə çarə Osmanlı himayəsidir. Tezliklə əsgər göndərməsələr, Axta xan bizi həlak edəcək və ümməti-islam qan dəryasına boğulacaqdır”. 

“Qan içində” romanında bir tarixi həqiqəti xüsusilə diqqət mərkəzində saxlamalıyıq. Yazıçı romanda dəfələrlə ermənilərin əvvəlki yaşayışlarından söz açır və onların gəlmə olduğunu vurğulayır: “Vaqif sakit bir səslə dedi: “Ermənilər buralara çox sonralar gəlmişlər, bunlar Çingiz və Teymurləngin zülmündən qaçıb, bu dağlara sığınmışlar”.     

Görürsənmi, ermənilər yaşayan yerlərə “sığınaq” deyirlər.    Vaqifim, sən həm də Səməd Vurğunun sevimli şairi idin. Səməd Vurğunun sənə olan sevgisi onu “Vaqif” dramını yazmağa sövq etdi. Vaqif kimi bir sənətkar öz dilini qoyub başqa dilə qaçmadı. Düşmən qarşısında vicdanının heykəlini əydirmədi. Soyuq məzara da zinət oldu. Eldarını xalqa vicdanı təmiz, kəndli bir baba, qurtuluşun rəmzi kimi təqdim etdi. Sən Vaqifə candan yaxın olan balasından belə, əziz oldun. 

Özünlə fəxr elə, əziz Şuşam! Sən Qasım bəy Zakir, Baba bəy Şakir, Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu kimi yazıçı və mütəfəkkirləri yetişdirdin. Lətif Kərimov kimi xalçaçı rəssam sənin xalçalarını dünyaya tanıtdırdı. Firdovsinin 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Paris Ümumdünya Sərgisində uğurla nümayiş etdirildi. Bəlkə də, Ənvər Məmmədxanlı indi yaşasaydı, yazdığı “Qızıl qönçələr” əsərini sənin Xarıbülbülünün təsviri ilə bitirərdi. Onun əsərində Sürəyya kimi xalçaçı qızlar Xarıbülbülün necə əzm və dəyanət nümayiş etdirməsini təsvir edərdi. O Xarıbülbül ki düşmən tapdağı altında qalsa belə, yenə mücadilə apardı. Başqa gül olsaydı, çoxdan qurumuşdu. O isə min əzab-əziyyətə qatlaşdı. Mən əminəm ki, azadlığının rəmzinə çevrilmiş Xarıbülbülünə təkcə Lətif Kərimovun xalçalarında, Ənvər Məmmədxanlının əsərlərində toxunulmadı, o həm də qəlbimizə zərif tellərlə bağlandı, incəliklətoxundu. Xarıbülbülün dilimizə qəlbimizdən süzülüb gəldi.  Ona Şəhidim can verdi.

 Artıq “Şuşanın dağları başı dumanlı” mahnısını oxuyan Xan Şuşinskinin ruhu azad Şuşada dolaşır. Məhz Xan Şuşinskinin  100 illik yubileyi münasibətilə keçirilən “Xarıbülbül” Festivalı onun ruhuna töhfədir. Sən Qafqazın sənət məbədi, şah damarısan. İndi yurduna bahar gəlib. Başının üstündən dumanlar çəkilib. Hər tərəf sənin gül-çiçəyinin ətrinə bürünüb. İndi Pənahəli xanın ruhu da şaddır. Onun ruhu da sənə qayıdıb.Nasir-publisist Mustafa Çəmənli demiş,“Qarabağ xanlığı hələ çox uzun illər yaşayacaqdı. Onun qovğalı günləri çox-çox qabaqdaydı. Hələ Pənahabad Şişə, ŞişəŞuşa olmamışdı. Hələ ər kişilər at belindəydi. Hələ “İrəvanda xan qalmadı, Şəkidə sultan qalmadı” oxumağa çox vardı”.  
İndi İsa bulağından vicdanın kimi təmiz su axır. Bilirsən, mən su ilə dərdləşməyi çox sevirəm. Bir gün o torpağa mütləq ayaq basıb sənin suyunla sirdaş olub dərdləşəcəyəm.  

Əziz Şuşam, bu gün sən öz gözəlliyinlə səni görənləri ram edirsən. Sən əyilməz bir qalasan, sən musiqimin, mədəniyyətimin beşiyisən. Şadlanmaq vaxtıdır, gözümün nuru. Bu gündilimizdən  həsrət nəğmələri deyil, qalibiyyət zənguləsi eşidilir. Sənə aid hisslərim, sözlərim, düşüncələrim heç vaxt bitib-tükənməz. Səni vəsf etdiyim bu yazımı ulu öndər Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm:“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”.

Günel Məmmədova

 





25.05.2022    çap et  çap et