525.Az

Kolleclərə qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


 

Kolleclərə qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başlayıb<b style="color:red"></b>

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən 525.az-a bildirilib ki, 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 25 may-3 iyun tarixlərində qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki: https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=72

Bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30 aprel, 1 və 15 may tarixlərində imtahan verən abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər də qeydiyyatdan keçə biləcəklər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

12 iyun 2022-ci il tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edəcək abituriyentlər də qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayından əldə edə bilərsiniz.

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Qeyd olunub ki, ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçə bilərlər.

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (223, 224, 227, 323, 324, 327, 423, 424, 623, 627, 624 və 723-cü komissiyalar istisna olmaqla) ən azı 5 illik musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.

Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituri­yent şəxsi kabine­ti­­nin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissi­ya­ların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabı­na əlavə etməlidir. "Azər­baycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahan­larının təşki­linin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında" Azərbaycan Respublikası Prezidenti­nin Sərən­­­­ca­mı­na əsasən, ali təhsil müəssisələrinə tələbə qəbu­lu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müra­ci­ət edən Azərbaycan Respublika­sı­nın vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

 





25.05.2022    çap et  çap et