525.Az

Yeni hərbi ittifaq yaranır? - Xaqani Cəfərlinin şərhi


 

Yeni hərbi ittifaq yaranır? -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyanın  Ramsteyn aviasiya bazasında (Ramstein Air Base) əsası qoyulan Ukraynaya Yardım üzrə Təmas Qrupunun yeni hərbi ittifaqa çevriləcəyi ilə bağlı fikirlər səslənməkdədir.

Ötən ilin sentyabrnda Avstraliya, Böyük Britaniya və ABŞ üçtərəfli müdafiə ittifaqı AUKUS-u yaradarkən NATO-nun artıq müasir dövrün təhlükəsizlik çağırışlarına cavab verməməsi müzakirə mövzusuna çevrildi. Dünya iqtisadiyyatının ağırlıq mərkəzinin Avropadan Uzaq Şərqə keçməsi bu bölgədə, xüsusilə Cənubi Çin dənizində təhlükəsizlik qayğılarını da artırır. NATO isə Avroatlantik məkanı əhatə edən hərbi təhlükəsizlik "çətir"idir. Artıq indi daha geniş təhlükəsizlik "çətir"inə ehtiyac olduğu fikri güclənməkdədir. Buna görə də Ukraynaya Yardım üzrə Təmas Qrupunun əsasında yeni hərbi ittifaq yaranacağı haqqında fikirlər səslənir. Çox maraqlıdır ki, Təmas Qrupunun işində yer almaq istəyən dövlətlərin sayı artmaqdadır. Əgər bir ay əvvəl Ramsteyndə Təmas Qrupunun işində 42 dövlət təmsil olunmuşdusa, onlayn formatda keçirilən ikinci toplantıda 47 ölkə iştirak edib. Dövlətlərin sayının artması ilə yanaşı, iştirakçıların təmsil etdikləri coğrafiyanın da genişlənməsi müşahidə olunur. Söhbət Latın Amerikası ölkəsi Kolumbiyadan gedir. Doğrudur, Kolumbiyadan əvvəl də Təmas Qrupunda Latın Amerikasını təmsil edən ölkələr mövcud idi. Ancaq Kolumbiyanın qoşulması bu regionun daha geniş şəkildə Təmas Qrupunda təmsil olunması ilə nəticələnib. Bütövlükdə isə Təmas Qrupuna Kolumbiya ilə yanaşı, Avstriya, Bosniya və Herseqovina, İrlandiya və Kosovo da qoşulub və bununla da Təmas Qrupunda iştirak edən dövlətlərin sayı 47-ə çatıb. Ekspertlər isə Təmas Qrupunun daha da genişlənəcəyini istisna etmirlər və iştirakçı ölkələrin sayının 60-a çata biləcəyini düşünürlər.

Ukraynaya Yardım üzrə Təmas Qrupunun yeni hərbi ittifaqa çevriləcəyi ilə bağlı fikirləri qüvvətləndirən amillərdən biri də Təmas Qrupunda yer alan dövlətlərin NATO formatından fərqli olaraq Ukraynaya real kömək göstərməsi ilə bağlıdır. Təmas Qrupunda təmsil olunan ölkələrin əksəriyyəti Ukraynanı ciddi ehtiyac duyulan artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və digər zirehli maşınlarla təmin edir. Digərləri isə Ukrayna silahlı qüvvələrini öyrətmək və onların hərbi sistemlərini dəstəkləmək üçün yeni öhdəliklər götürüblər. Çexiya Ukraynaya hücum helikopterləri, tanklar və raket sistemləri verib. İtaliya, Yunanıstan, Norveç və Polşa yeni artilleriya sistemləri və sursatları verməklə Ukrayna ordusunun döyüş qabiliyyətini artırıblar. Danimarka isə Ukraynaya sahil müdafiəsi üçün Harpoon qurğusu və raketləri verməyi öhdəsinə götürüb. Böyük Britaniya Ukrayaya dəstəyi əlaqələndirməklə yanaşı, ciddi yardımlar da edir. Ümumilikdə Təmas Qrupunda yer alan 20 ölkə Ukraynaya əlavə hərbi yardım göstərəcəklərini elan ediblər. Bəzi ölkələr artıq hərbi gücünün önəmli bir hissəsini Ukraynaya verib. Məsələn, Estoniya üç ay ərzində hərbi sursatının üçdə birini Ukraynaya göndərib.

Ukraynaya Yardım üzrə Təmas Qrupunun yeni hərbi ittifaqa çevriləcəyini diqqətə edən əsas amillərdən biri də NATO-da fikir və mövqe ayrılıqlarının yaranmasıdır. Türkiyənin İsveç və Finlandiyanın Alyansa üzvlüyünə veto qoyması, Almaniyanın Ukraynaya hərbi dəstəyi artırmaqdan müxtəlif bəhanələrlə yayınması Vaşinqtonda NATO-nun effektsizliyi ilə bağlı müzakirələrə yol açıb. Ağ ev və Konqresdə NATO-da islahatların zəruriliyi ilə bağlı müzakirələr başlayıb. Əsas ideyalardan biri NATO-da qərarların qəbul qaydasının dəyişməsidir. Lakin bu addımın da Alyansın fəaliyyətinin effektliyinin artırılması üçün kifayət etməyəcəyi güman olunur. Bütün bunlar yeni hərbi ittifaq yaradılması ilə bağlı müzakirələri daha da gücləndirir. Yeni hərbi ittifaq isə NATO-dan fərqli olaraq effektliyi şübhə doğurmayan bir əməkdaşlıq platformasının - Ukraynaya Yardım üzrə Təmas Qrupunun əsasında qurula bilər. Yeni hərbi ittifaq NATO-dan fərqli olaraq bütün qitələri əhatə edə bilər ki, bu da onun təsir gücünü daha da artırar.

Ukraynadakı müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq yeni geosiyasi vəziyyət yaradacağı şübhəsizdir. Yeni geosiyasi vəziyyət isə yeni təhlükəsizlik şərtləri doğuracaq. ABŞ-ın Avropadakı hərbi qüvvələrini 30 faizdən çox artıraraq əsgər sayını 102 minə çatdırması bu ölkənin yaranmaqda olan yeni geosiyasi vəziyyəti diqtə etməyə başladığının təzahürüdür.

ABŞ prezidenti Co Baydenin Cənubi Koreya və Yaponiyanı əhatə edən son səfəri zamanı sələndiriyi fikirlər, xüsusilə Tayvanı Çinin hərbi müdaxiləsindən qoruyacaqları ilə bağlı açıqlaması da yeni dünya düzənin ilk cizgiləri kimi qəbul edilə bilər.

Yeni hərbi ittifaq ideyasını gündəmə gətirən əsas amil isə ABŞ-ın əsas müttəfiqləri olan İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliyanın NATO-da təmsil olunmaması, İsveç, Finlandiya, Ukrayna və Gürcüstan kimi strateji coğrafi əhəmiyyətə malik ölkələrin Şimali Atlantika Alyansına qəbulunda əngəllərin mövcud olmasıdır. İsveç və Finlandiya Baltik dənizi,  Ukrayna və Gürcüstan isə Qara dəniz ölkələridir. Bu dörd ölkə ilə eyni hərbi ittifaqda olmaq ABŞ-ın Baltik və Qara dənizlərdə mövqelərini gücləndirər. Cənubi Koreya və Yaponiya ilə eyni hərbi ittifaq isə ABŞ-a Cənubi Çin dənizində yeni imkanlar yaradacaq. Dünya ticarətinin 85 faizinin su nəqliyyatı vasitəsilə həyata keçirildiyini nəzərə alanda dəniz dövləti olan ABŞ-ın Baltik, Qara və Cənubi Çin dənizlərinə artan marağı anlaşılandır. Bütün bunlar isə yeni hərbi ittifaqı zəruri edir.

Ukraynaya Yardım üzrə Təmas Qrupunun gələn ayın 15-də keçiriləcək üçüncü toplantısının bu dəfə Brüsseldə, NATO-nun Baş Qərargah binasında keçirilməsini də yeni hərbi ittifaqın yaradılması kimi dəyərləndirmək olar.

 





25.05.2022    çap et  çap et