525.Az

"Mən teatrda həyatı öyrənmişəm" - Səbinə Hacıyeva


 

"Mən teatrda həyatı öyrənmişəm" -<b style="color:red"> Səbinə Hacıyeva</b>

Elə insanlar var ki, onlar heç vaxt öyrəndikləriylə kifayətlənmirlər. Həmişə axtarışda olurlar. Axtarışlarında həmişə əzmkarlıq nümayiş etdirirlər. Belə insanlar üçün mənəvi yorğunluq da zamanla ən gözəl məşğuliyyətə çevrilir. Müsahibim Pantomima Teatrının aktrisası, Əməkdar artist Səbinə Hacıyeva da belə insanlardandır. Müsahibim söhbətimiz zamanı peşəsini sevə-sevə daimi məşğuliyyətə çevirməyindən danışdı.

***

- Səbinə xanım, pandemiyayla əlaqədar uzun zaman teatrlar da digər qapalı məkanlar kimi bağlı qaldı. Səhnəni nə ilə əvəz etdiniz?

- Bildiyiniz kimi mən həm də gimnastika müəlliməsiyəm. Tələbələrim çoxdur. Daha sonra seirala dəvət aldım. Ancaq bunların heç bir mənə teatr səhnəsi qədər zövq vermirdi. Ruhən sarsılmışdım. Teatr səhnəsinə çıxmağa mənəvi cəhətdən çox ehtiyacım var idi. Artıq teatrlar fəaliyyət göstərir. Bir aktrisa kimi çox xoşbəxtəm.

- Hansı obrazınızı daha çox sevirsiniz?

- Mən bütün obrazlarımı sevirəm. Mənfisi ilə, müsbəti ilə hamısı mənimdir, obrazlarım mənəvi övladlarımdır. Bir insan övladını zəhmətlə böyütdüyü kimi, aktyor da obrazlarını zəhmətlə yaradır.

- Hansı obrazı canlandırmaq arzusundasınız?

- Mən əsasən tarixi obrazları çox sevirəm. Yəni, o obrazları oynamaqla yanaşı, həm də tarix haqda daha çox məlumat toplamış oluram. Kinoda Xurşidbanu Natəvanı, teatrda isə Karmeni oynamaq arzusundayam.

- Akrtisa olmaq nə dərəcədə çətindir?

- Bizim məmləkətdə qadın olmaq çətindir, nəinki aktrisa. Bu haqda çox danışmaq olar. Yəni insan özünü cəmiyyətə sübut edə bilməsi üçün ona illər lazımdır. Bəzən o illər insanın səbrini tükəndirir. Axı sən hər şeydən öncə insansan. Mənim həyatda bir məqsədim var, istəyirəm, hər şeydən öncə mənə desinlər ki, o, yaxşı insan idi. Bu, mənim həyatımda çox vacib məqamdır. İlk növbədə əsl insan olmağı, sonra isə yaxşı  peşə sahibi olmağı seçirəm.

- İncəsənətlə yanaşı, ədəbiyyatı sevdiyinizi də bilirəm. Daha çox kimləri oxuyursunuz?

- Konkret bir şairi və ya yazıçını oxumuram. Çalışıram ki, daha faydalı mətnləri oxuyum. Poeziya bəzən əhvalıma bağlı olur. Daha çox nikbin ruhda yazılmış şeirləri oxuyuram. 

- Teatr səhnəsi həyatınızda nə qədər mühümdür?

- Balığa su lazım olduğu qədər mənə də səhnə lazımdı.

- Aktrisa kimi özünüzü teatrda görürsünüz, yoxsa mavi ekranda?

- Mən ömrümün 21 ilini teatra həsr etmişəm. Teatrlar bağlı olan vaxtlarda seriala çəkilməklə təsəlli tapırdım. Teatr səhnəsində rahat olduğum qədər heç bir yerdə rahat ola bilmərəm. Mən teatrda həyatı öyrənmişəm. Bütün çətin anlardan çıxış yolunu obrazlarımda görmüşəm. Bizim teatr laboratoriya teatrdır. İnsan orda yetişir. Məktəbdə müəllimlərimin öyrətmədiyi çox şeyi teatrdan öyrənmişəm. İlk dəfə teatrda tamaşa məşqlərinə başlayanda Bəxtiyar Xanızadə fonda bir musiqi səsləndirərək yuxarıdan bir ağ vərəqi aşağı atdı. Bu vərəqin plastikasını izləyin,-dedi. Musiqi bitənə kimi tam maraqla baxırdım. Sanki o vərəqə qarışıb mən də uçurdum. Həmin an anladım ki, mən doğru ünvandayam. Və mən doğrudan da aktrisa olmaq istəyirəm. Bir sözlə, mən özümü teatrda tapdığımı anladım.

- İdman sahəsində çox tələbəniz var. Bəs aktrisa kimi necə?...

- Bu sahədə də tələbəm var. Hətta bir sıra nailiyyətlər də əldə edib. Mən onun uğurlarını gördükcə sevinirəm ki, mən də bu sahədə müəllim kimi nələrsə edirəm. 

- Artıq teatr öz qapısını tamaşaçıların üzünə açıb. Nə kimi yeniliklər gözlənilir?

- Kollektiv olaraq hamımız  yüksək əhvalla işə başlamışıq. "Yük" tamaşası hazırlanıb. Bundan əlavə digər bir tamaşa üzərində məşqlər davam edir. Düşünürəm ki, yeni tamaşalarımız teatrımızı sevənlərin zövqünü oxşayacaq.

Əntiqə KƏRİMZADƏ

 





25.05.2022    çap et  çap et