525.Az

Güclü milli sənayeyə doğru addım-addım irəli - Natəvan Abdulla yazır


 

Güclü milli sənayeyə doğru addım-addım irəli -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

Azərbaycan öz iqtisadi imkanlarından iqtisadi tərəqqi üçün hələ yenicə faydalanmağa başlayır. Güclü iqtisadiyyat yaratmaq üçün Azərbaycanda yetərincə əlverişli coğrafi şərait var. Torpaqlarımız həm böyük təbii ehtiyatlara sahib, həm də məhsuldarlıq potensialına malikdir.

Bəs necə olur ki, bunca sərvəti olan, altı da, üstü də qızıl olan bu torpaqlarda sənayeləşmə prosesi sürətlə getmir?

Düzdür, ölkə başçısının apardığı sosial-iqtisadi islahatlar ötən onilliyə nəzərən bir çox sahədə işsizliyi aradan qaldırıb və regional iqtisadi inkişafa böyük təkan verib. Amma əhalinin rifah səviyyəsində davamlı dəyişikliklər göstərir ki, iqtisadi inkişaf, iqtisadi güclənmə və nəhayət, güclü iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində hələ xeyli yol qət etməliyik. Çünki istər geopolitik məsələlər, regional siyasi gərginliklər, istər qlobal iqlim problemləri, ekoloji çirklənmələr, istərsə də qlobal-iqtisadi böhranın dərinləşməsi təbii olaraq birbaşa vətəndaşların sosial-iqtisadi vəziyyətinin mənfiyə doğru dəyişməsinə səbəb olur. Birbaşa ölkə iqtisadiyyatına mənfi təsir göstərən amillər təbii ki, əhalinin rifah səviyyəsinə də təsirsiz ötüşmür.

Bəs niyə biz bu vaxta qədər iqtisadi dayanıqlığımızı yetərincə gücləndirə bilməmişik? Axı illərdir torpağımızın altında neft, qaz, qiymətli metallar, üstündə isə ucsuz-bucaqsız pambıq, taxıl zəmiləri yatır.

 

Bizi necə yağmaladılar?

 

Bunun səbəbi vətənimizin iki əsrə yaxın imperiyaların tərkibinə zorla qatılması və tam asılı vəziyyətdə olan Şimali Azərbaycanın böyük imkanlarından öz iqtisadi tərəqqisi üçün istədiyi kimi istifadə edə bilməməsidir.

Azərbaycan öz milli tərəqqisi üçün uzun illər belə əlverişli imkanlardan nəinki məhrum olub, hətta imperiyaların böyük maraqlarına xidmət edən neft sənayesinin inkişafı nəticəsində Azərbaycana onun ancaq mənfi fəsadları miras qalıb. Həmin mənfi fəsadlardan biri də o illərdə Azərbaycan iqtisadiyyatında neft sənayesinin mütləq hakimliyi ilə onun birtərəfli inkişaf etdirilməsi idi. Neft-qaz sənayesi və onunla əlaqədar olaraq yaradılan istehsal kompleksi əsasən Abşeronda yerləşirdi. Bu da Abşeron iqtisadi regionu ilə ölkənin başqa regionları arasında ümumi iqtisadi inkişaf səviyyəsinə görə fərqlər yaradırdı.

Bu cəhətdən uzun müddət regionlarda yerli sərvətlərdən istifadənin xarakteri də kökündən dəyişdi, iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da resurs potensialı dağıldı. Məlumdur ki, əvvəlki dövrlərdə Azərbaycanın çox qiymətli təbii sərvətləri xammal, yaxud ilkin emaldan sonra yarımfabrikat kimi başqa yerlərə göndərilirdi. Növbəti emal mərhələləri əsasən Sovet İttifaqının başqa yerlərində davam etdirilirdi.

Beləliklə, deyə bilərik ki, uzun illər imperiyaların tərkibində olan hər bir dövlət kimi, Azərbaycanın da təbii sərvətləri istismar olunmuş, yağmalanmış, dağıdılmışdı. Ağaların, bəylərin tələblərini, qarşımıza qoyduqları öhdəlikləri qarşılamaq üçün öz xalqımız öz torpaqlarımızda qul kimi çalışırdı. Müstəqillik dövründə isə onlardan bizə miras qalan çirklənmiş ekologiya və səmərəsiz istifadə nəticəsində korlanmış torpaqlar dərin regional disbalansa səbəb oldu. Bu təsirləri aradan qaldırmaq, insanların əmək vərdişlərini yenidən qurmaq və yeni yerli istehsal müəssisələri yaratmaq yetərincə uzun vaxt tələb edirdi.

Dirçəliş mərhələsi

Müstəqillik dövründə ölkədə əsaslı aqrar islahatların həyata keçirilməsi və dövlət siyasəti çərçivəsində kənd təsərrüfatına prioritetlik verilməsi tənəzzül proseslərinin dayandırılmasına və artım dinamikasının qərarlaşmasına təminat yaratdı. Modern giriş resurslarının geniş istifadəsi ilə kənd təsərrüfatı yenidən intensivləşdirmə yoluna çıxdı. Bu gün də keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması, aqrar sahədə ixtisaslaşmış şirkətlər üçün geniş investisiya imkanlarının yaradılması ölkəmizdə köklü iqtisadi inkişafa təkan verən ən vacib amillərdəndir.

Regionların hərtərəfli istehsal potensialının ildən-ilə artması göz qabağındadır. Hələlik dövlət qayğısı ilə yaşayan və inkişaf edən regionlar artıq qeyri-neft sektoru sahələrinin sürətlə şaxələnməsi və yüksəlişi hesabına dövlət büdcəsinin daha da artmasında rol oynamağa başlayıb.

Hazırda Azərbaycanın təbii sərvətlərindən son məhsullar almaq üçün ölkənin özündə emal müəssisələri yaradılır. Məsələn, Gədəbəydə yerli xammal əsasında qızıl istehsal olunur və dünya bazarlarına çıxarılır. Mütəxəssislərin hesablamalarına görə, Gədəbəy yataqlarında qızıl, gümüş və mis ehtiyatı olduqca böyükdür. Gəncədə led lampa, tikinti materiallarının istehsalı, avtomobil zavodları fəaliyyət göstərir. Heç şübhəsiz, son illərdə regionlarda açılan yeni zavod və fabriklər yerlərdəki insan kapitalından səmərəli istifadə edərək iqtisadi inkişafa daha böyük təkan verəcək.

Əvvəl konstruksiya, sonra istehsal

Onu da xatırlamaq lazımdır ki, Azərbaycan bu gün zəruri olan bir sıra əsas yüngül sənaye məhsulları üzrə hətta keçən əsrin 70-80-ci illəri ilə müqayisədə xeyli az məhsul hasil edir. Halbuki həmin müəssisələr indi də mövcuddur. Halbuki onları müasir texnologiyalar əsasında yenidən qurmaqla ölkə nəinki öz tələbatını yerli istehsal hesabına ödəyə bilər, həm də dünya bazarına yüksək keyfiyyətli qeyri-neft məhsulları ixrac edər.

Ümumiyyətlə, regionların inkişafında əvvəlki mərhələlərlə növbəti mərhələ arasında əsas prinsipial fərq odur ki, əvvəllər regionlarda müxtəlif infrastruktur sistemlərinin genişləndirilməsi və müasirləşdirilməsi əsas vəzifə kimi həll edilirdisə, indi bu işlər davam etdirilməklə bərabər, başlıca diqqət Azərbaycan iqtisadiyyatı üçün zəruri olan istehsal sahələrinin yaranmasına yönəldilir. Bu məqsədlə ölkənin energetika təsərrüfatının daha da möhkəmləndirilməsi yenə də ön planda durur. Bu baxımdan ölkə Prezidenti tərəfindən imzalanan "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı mühüm əhəmiyyət kəsb edir. Sərəncamda ölkənin milli enerji təhlükəsizliyinin genişləndirilməsi üçün yeni enerji mənbələrinin yaradılması və ətraf mühitin qorunması məqsədilə alternativ və bərpa olunan enerji istehsalının öyrənilməsinin, eləcə də tətbiqinin təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu yeni enerji təminatının ölkə həyatında müstəsna əhəmiyyətini təsəvvürə gətirmək üçün təkcə bir faktı göstərmək kifayətdir ki, respublikanın dağ çaylarında istehsal gücü çox da böyük olmayan onlarla su elektrik stansiyası tikiləcək.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionu üçün yeni strategiya Cəbrayılda 240 MVT günəş, Kəlbəcərdə 100 MVT külək elektrik stansiyalarının, 80 MVT-a yaxın kiçik su elektrik stansiyalarının bərpası və 140 MVT-lıq "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarında işlərin başa çatdırılması regionun enerji təchizatını yaşıl enerji mənbələri hesabına artıqlaması ilə təmin etməyə imkan verəcək. Abşeron regionunda isə 240 MVT-lıq günəş və 240 MVT-lıq külək enerjisi stansiyalarının quraşdırılması ekoloji təmiz enerji hesabına elektrik enerjisinin ixrac potensialını artırmaqla yanaşı, elektrik stansiyalarında istifadə olunan 5,6 milyard kubmetr qazın bir hissəsinin qənaət edilərək ixraca yönəldilməsinə şərait yaradacaq. Beləliklə, ölkənin artan enerji tələbatı nəinki "Yaşıl enerji" hesabına ödəniləcək, həm də yaradılan bu izafi elektrik güclərini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən qonşu dövlətlərə də ötürmək mümkün olacaq.

Həmçinin, bu ilin əvvəllərində təməlqoyma mərasimləri keçirilən "Xızı-Abşeron" külək və "Qaradağ" günəş elektrik stansiyaları ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihələridir. Xızı rayonu ərazisində tikiləcək "Xızı-Abşeron" külək elektrik stansiyası Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq.

 





25.05.2022    çap et  çap et