525.Az

"Yırğalanar bu qayıq adamsız dənizimdə..." - Şahnaz Şahinin şeirləri


 

"Yırğalanar bu qayıq adamsız dənizimdə..." -<b style="color:red"> Şahnaz Şahinin şeirləri</b>

ADAM GEDİB YOLDAŞ OLUR QUŞLARA

Heç gözləmədiyim yerdə vurdu məni eşq...
Belə itki görməyəsən, gülüm, sən.
Görməyəsən yollar necə ağrıyır...
Bir adamın qollarında bu dünya
Şırım-şırım, küçə-küçə ağrıyır...

Adam gedib yoldaş olur quşlara...
Yavaş-yavaş öz dilini unudur,
Yavaş-yavaş quş dilini öyrənir...
Ocaq qurub can qovurur hər gecə,
Od dilini, daş dilini öyrənir...

Başı da ki, elə qalmaqaldadı...
Baş çəkəsi dərdi hələ daldadı...
Qəlb açası, söz deyəsi kəsi yox,
Əl götürüb döyməyə də qapısı.

Gendən baxıb bəxtəvərlik verən çox,
Yaxın gəlib halınısa soran yox.
Söz tapılmır təsəlliyə, ümidə,
Elə ahdı, uçub gedir içindən...
Xırda-xırda uşaqlardı yan-böyür,
İşi də ki, axşam, sabah çək-çevir...
Belə itki görməmisən, gülüm, sən...
Belə itki görməmisən...
Görmə də!..

***

DUA

İlahi, dağına bağışla məni,
Bağışla qurduna, quşuna belə...
Bir ovuc dəstəmaz suyuna çək və
Bağışla, yosuna, yovşana belə...

İlahi, kim idim, nə idim axı,
Bircə su damlası, bir toz dənəsi.
Hələ də fikrimi çəkirsən elə
Adam olacaqmı Adəm balası?..

İlahi, sən məni özümdən qoru,
İlahi, sən məni özündə saxla.
Şeytan heç, sən məni timsahdan qoru,
Daim gözlərinin önündə saxla.

Bu gecə uzandı, yata bilmədim...
Ətrini almağa söz göndər mənə.
İnsanam, yolumu aza bilərəm,
Üstündə gəzməyə köz göndər mənə.

Mən, səndən rahatlıq diləmirəm ki..,
İlahi, yağışa bağışla məni.
Küləyə, şimşəyə, qara bağışla,
Bağışla, bağışla, bağışla məni...

***

BİR ATIM DƏRD

Çıxıb getdin...
Yenə oldu qaranlıq.
Yenə üfüq zarıdı,
Yenə gün bir urfalıq...

Heç demədin, demədin
Gedərəm, bu qız ölər!..
Burnunda arı iyi
Bu cavanca yaz ölər...

Necə ölçüb biçəsən,
Burda yıxılmış vaxtı...
Bir gecəlik yuxuyçun
Bir atım DƏRD də yoxdu...

Atəşkəsdi eləcə
O sərhəddən mənəcən...
Tikanlı məftillərdə
Quş sevgisi dən-əcəl...

Yırğalanır bu qayıq,
Adamsız
dənizimdə.
Bir gözləmək əmri yaz
Bu solğun bənizimdə...

Sonra get.., get, durma get...
Get, bir də görüm səni.
Get, azım, çoxum mənim,
Get, varım, yoxum mənim...

***

DARIXMAQ VAXTI

Darıxmaq vaxtıdı təqvimdə..,
  Əlimdə 
      bir fincan kəklikotu çayı 
         mən də qoşuldum darıxanlara...

Alnımdakı yazıları 
  oxuya bilən tapılmadı...
    Olmadı 
       köhnə təqvimi çıxarıb 
          yenisini asan...

Gözləməkdən 
darıxıb getdi baxtım da...
  getdi, küsdü hamıdan...
    getdi.., 
       qoşuldu küçə uşaqlarına...

siqaret çəkmək öyrənəcək... 
  yalanı vərdiş edəcək.., 
     sonra da
       and içəcək yalanlarına...

***

ANAM YUXUMA GƏLMİR

Məndən uzaq dolanır,
Adam yaxına gəlmir.
Nədən küsüb bilmirəm,
Anam yuxuma gəlmir.

Xənalı saçlarının
Ətri dolur burnuma.
Əlləri qanad çalıb 
Gəlib qonur alnıma...
Anam yuxuma gəlmir.
 
Ürəyimin təpəri,
Dizlərimin taqəti,
Gözlərimin nuruydu...
O, mənim tanrım idi,
Yaradanla yarıydı...

Haçan yır-yığış etdi,
Necə getdi.., bilmədim.
Məni yuxuya verib, 
Gecə getdi...
bilmədim...

O gedəndən dəyişib
Evimin qibləsi də.
Öz əliylə əkdiyi
Ağacın kölgəsi də.

Sözüm, sovum dəyişib,
Rəngim, ruhum dəyişib,
Havam, suyum dəyişib...
Ağzımın tamı itib
Dadım, duzum dəyişib...

...Bilsə bağrı çatlayar
Anam halımı bilmir...
Elə görməsin deyə,
Yəqin yuxuma gəlmir...

***

DAYAQSIZ GÖY

Sanki havadan asılıb,
Bu göyün dayağı yoxdu.
Haqq öz qələmiylə çəkib,
Bircə yad boyağı yoxdu.

İsinmir soyuq odası,
Çıxmır canından qadası.
Olubdu eşqin butası
Başında sadağa.., yoxdu.

Bəla, bəla üstən gəlir,
Dənizlər izini yuyur.
Küləklər ətrini yayır,
Saçının darağı yoxdu...

Bir otaqdı, bir də eyvan,
Bir ayaqdı, bir nərdivan.
İplik-iplik, damar-damar
Damının suvağı yoxdu...
Burumlanır qalxır tüstü,
Xumardı, bimardı, məstdi...
Şahnaza olanlar dərsdi
Başqa umacağı yoxdu...

***

TÜSTÜ GÖZƏLƏ

Ocaq yanır.., 
  burum-burum olub 
    qalxır tüstü
     "tüstü gözələ", 
        "tüstü gözələ" deyib 
           sağa, sola burulur 
             ocaqçının büstü...
   
Yüz illərdi 
    nə tüstü gözəli tapır, 
      nə ocaqçı yorulur... 
        amma hər baxanda 
          bir az ruhum durulur...

Ocaq yanır... 
   o çağ yanır... 
     bu çağ yanır...
       zaman 
        keçmişdən gələcəyə uzanır... 
          Tüstü gözələ...

***

DÜNYANIN DİVARINDA ŞƏKİLDİ ŞAİR

Gecələr onun odasıdı, 
   dünyanın divarında isə şəkildi şair...
    kimsəsizlər adası, 
      yorğun dəniz, 
        ac balıqdı...

Qorxulu filmlər göstərən 
     böyük ekran televizor kimidi... 
        hər kəs öz şəklinə baxır, 
           öz xəyallarında üzür, 
               özü kimi kimsəsizləri axtarır...

***

APARIR YOLUN ÇAPARI

Gələndə eşqin havası,
Ağlını başdan aparır.
Yaddaşını suya çəkir,
Yolu yoxuşdan aparır.

Nağıl deyənin çoxalır,
Ağıl verənin çoxalır.
Çoxunun qəlbi yuxalır
Adını daşdan aparır...

Sökülürsən düymə-düymə,
Doğranırsan qiymə-qiymə.
Oxuyursan "dəymə-dəymə",
Gözünü yaşdan aparır...

Aparır.., aparır elə,
Bu yolun çaparı elə...
Öldürür "can-can" deməkdən
Dilimin qabarı elə...
Ağrılar huşdan aparır...
 

 





26.05.2022    çap et  çap et