525.Az

Xoş gəldin, Gülnar Ümid! - Aygün Yaşar yazır


 

Xoş gəldin, Gülnar Ümid! -<b style="color:red"> Aygün Yaşar yazır</b>

Şairlərin ən xoşbəxt olduğu anlar özündən biixtiyar qələm götürüb bir küncə çəkilərək ruhunun pıçıltılarını yazıya çevirdiyi anlardır. Çünki yazmasalar, dünya boyda ağırlığın altında qalmış kimi əzilər ruhları. İlahinin yalnız yaradıcı adamlara bəxş etdiyi, ilham deyilən ruh təlatümü yalnız o yazıdan sonra sakitləşir, fırtınası yatır. Rəssam üçün fırça, musiqiçi üçün musiqi aləti, şair üçün qələm-kağızı havasızlıqdakı adama mütləq lazım olan oksigen balonu kimidir - "olmazsa olmaz"ıdır. Yaradıcı adamlara yaradıcı mühit su kimi, qida kimi bir tələbat növüdür.

Gülnar Ümid də həmin seçilmişlər kimi yaratmaq eşqi ilə mükafatlandırılıb - ən uca Yaradan tərəfindən!

İş otağından evinə qədər, getdiyi, olduğu hər məkanda cansız əşyalardan - quru budaqlardan, əlvan yarpaqlardan, gül-çiçəkdən, taxtadan mismardan, daşdan-dəmirdən belə sənət əsərləri yaradıb qəlbiduyarlıları heyrətləndirir, təəccübləndirir və sevindirir.

O, fırçalarla, əşyalarla gözəlliklər yaratmaqdan başqa, insanların qəlbini həm də SÖZ vasitəsilə fəth etməyi bacarır.

Və bir gün rastına bir qadın çıxa..
Təpədən dırnağa dərdini alıb,
ruhunu sevgiylə bağrına sıxa.
Və bir gün rastına bir qadın çıxa..
Gözündən dünyanın silib kədərin,
sevinci xalı tək qarşına yıxa.
Və bir gün rastına bir qadın çıxa...
Ötən günlərinin pəncərəsindən,
açıb pərdələri səninlə baxa...

O qadın, o İNSAN elə Gülnardır. Bu şeirlə o, öz ruh portretini yaradıb - özü də fərqində olmadan.

Gülnarın şeirləri özü kimi zərifdir, səmimidir. Zərifliyi qədər də dərin lirik-psixoloji ağırlığı var onun şeirlərinin. Buna görə deyir bəlkə: "Daşıyan görmədim özümü mənim..."

Şeir duyğuların sözlü şəklidir. Hər cür duyğunun sözə həkk olunmuş və sözlə həkk olunmuş şəkli var Gülnarın söz dünyasında. Təbiətdən ayrı deyil onun şeirləri. Gah dəniz dalğalarından:

Arzular ləpələr,
ləpələrsə - təngənəfəsliyim kimidir;

gah buludlardan:

Bir yağış yağa ki, külək islana,
Göy öz laylasını oxuya yerə.
Üşümüş küləyi bağrına basıb,
Torpaq qucağında yuxuya verə;

gah xəzəllərdən:

Sən heç ömrünün payızında 
hər tərəfinin xəzəl olduğunu bilə-bilə,
Küsmüş, yarpaqsız ağacların altında 
kölgələnə bildinmi;

gah səmadan, gah da gül-çiçəyin arasından boylanır Gülnar misraları...

Öz dünyası - gerçəkdən də, SÖZ dünyasıdır Gülnarın. Elə bir söz ki, həsrətlilərin həsrətinə məlhəm olar, sevgililərin sevgisinə sevinc qatar. Dərdin hər üzünə bələd olan bu şeirlərdə Vətən dərdi, övlad sitəmli ana dərdi, ümumiyyətlə, dünya insanının dərdləri var:

Yol göstərin, elə bir yol ki...
O yolda tək dolaşmayım.
Əllərimi tutan əllər elə tutsun,
Yıxılanda palçıqlara bulaşmayım.
Yol göstərin, elə bir yol ki...
Yollarıma kölgə salan ağacların,
saralmasın yarpaqları.
Yox olmasın mənim kimi arzuları.
Yol göstərin, elə bir yol ki...

O yolda heç duyulmasın
əsgər yolu gözləyərkən,
qovuşmayan anaların ah-naləsi.
Yol göstərin, elə bir yol ki,
Çiynimizdə əzab çəkib,
göz yaşıyla yuya-yuya.
daşımayaq əzizlərin tabutunu.
Yol göstərin, elə bir yol ki...
O yolda olmasın yalan.
Gerçəklərlə təmizləyək,
bütün günahlarımızı.
Yol göstərin, elə bir yol ki...
Heç olmasa bircə günlük
Həmrəy görüm, xürrəm görüm,
İnsanları həmin yolda.

Gülnar Ümid yaradıcılığında sevgi mövzusu geniş təsirə malikdir. Sevginin hər rəngindən, hər çalarından naxışlar vurduğu sevgi lirikasını oxuyarkən maraqlı bənzətmələri xüsusilə diqqətimizi çəkir:

Sənin kimi yalana qarışdım,
adı olmayan quru dənizlər kimi.

***

Dən istəyər səndən ac hisslərinə,
göz yaşından su versən də,
yoxluğunun tikəsiylə ac qoyursan...

*** 

Əllərin də bir-birini döyər
İzini itirər bir gün - 
küsər ayaqların yerdən...

"Yenə biz?!" şeiri bu mövzuda yazdığı şeirləri - ruhunun pıçıltıları arasında maraqlı ifadə tərzi ilə seçilir:

Yerin üzünə mirvari suyu gəldi,
adını dəniz qoydular,
gözləri kor, dili lal olsa da,
ilk sevinərək
qığıldadığı dalğaların səsi oldu,
Göy üzü də əllərindən əlil,
bizi qaldırıb öz yanında oturda bilməsə də,
göydə nə vardısa hamısını ətəyindən yerə
tökdü,
yenə biz ?!...
Gecələr, bəzilərinə kor göz,
bəzilərinə ağlayanda silə bilmək üçün
qara yaylıq oldu.
Əməllərimiz nədənsə qayğıkeş
qarışqalardan kiçik,
istəklərimiz onların arzusunda büküldü,
yenə biz?!.

Gülnar Ümidin bu ilk kitabında toplanan şeirlər onun poeziya cameəsində özünəməxsus, layiqli yerini tutacağından müjdə verir. Ona, olub-olacağı hər yerdə, yalnız və yalnız zirvədə olmağı arzu edirəm. Çünki Tanrı bu zərif ruhlu, istedadlı, xeyirxah qəlbin sahibini az yaşında geniş dünyagörüşü, rəğbətəlayiq düşüncə tərzi olması ilə hər kəsə sevdirib. Uğurlar!

Hə, bir də oxucularına söz vermişdi...

Bir şeirində "məktub" sözünü "kitab" sözü ilə əvəz etsək, belə alınır:

- Kitabımı al oxu,
söz verirəm: sən oxu,
sonra özüm gələcəm...

- Gəl... Xoş gəldin, Gülnar Ümid!
 

 





26.05.2022    çap et  çap et