525.Az
“İstedadlı uşaqlar festivalı-2014” uğurla gerçəkləşib
Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “İstedadlı uşaqlar festivalı-2014” keçirilib.
Festivala xüsusi qayğıya ehtiyacı olan və digər xalqları təmsil edən 200-dək uşaq qatılıb. Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord uşaqları təbrik etmiş, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışıb: “Hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq var. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır”.
Tədbirdə rəsm əsərləri nümayiş etdirilib, həmçinin 2013-2014-cü illərdə uğur qazanmış uşaqların fəaliyyətini əks etdirən “İstedadlı uşaqlar-2014” mövzusunda qısa filmin təqdimatı olub.
Sonra elm-təhsil, yaradıcılıq və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olub, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılıb, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunub. Festival uşaq yaradıcılıq qruplarının iştirakı ilə konsert proqramı ilə davam edib.
S.ABDULLAYEVA
31.05.2014
çap et