525.Az

“Güclü diaspora üçün ürəkli insanlar lazımdır” - Əlibəy Məmmədov


 

ƏLİBƏY MƏMMƏDOV: "MƏN ÖZ HƏYATIMI YAPONİYA İLƏ AZƏRBAYCAN ARASINDA "DƏMİR YOLLARI"NIN QURULMASINA HƏSR ETMİŞƏM"

“Güclü diaspora üçün ürəkli insanlar lazımdır” -<b style="color:red"> Əlibəy Məmmədov</b>

Əlibəy Məmmədovu yəqin "525"in oxucuları tanıyır. Onun Yaponiyadakı bölünməz və güclü Azərbaycan ideologiyası uğrunda göstərdiyi fəaliyyət və əldə etdiyi uğurlar tez-tez yerli mətbuatda işıqlandırılır. Bu xəbərlər başqa ölkələrdə diaspor fəaliyyəti göstərən insanlar üçün də bir nümunədir. "İnsan başqa ölkədə öz vətənini necə təbliğ, təmsil etməlidir" sualına Əlibəy Məmmədovun simasında cavab tapa bilərik. Bu müsahibədə az sual verib çox cavab alacağıma əmin idim, çünki onun Yaponiyada Azərbaycan üçün göstərdiyi xidmətləri saymaqla bitirmək olmur.

Beləliklə, Yaponiyada yaşayan həmyerlimiz, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədovla söhbəti təqdim edirik.

***

- Bir tələbə kimi getdiyiniz ölkədə iqtisadi, siyasi və elmi fəaliyyətinizlə Yaponiya-Azərbaycan münasibətlərinə illərdir öz töhfənizi verirsiniz. 

- 2012-ci ildə Yaponiyanın yeddi ən qədim universitetindən biri olan Hokkaydo Universitetinə siyasi elmlər üzrə təhsil almaq üçün gəlmişdim. Artıq 10 il tamam olur ki, bu ölkədəyəm və bu illər ərzində burdakı fəaliyyətim təhsil, diaspor və biznes fəaliyyəti olaraq üç fərqli istiqaməti əhatə edir. Amma bunların hər üçü bir məqsədə - Azərbaycanı təmsil etməyimə xidmət edib. 

Yaponiyadakı fəaliyyətimiz həqiqətən bir ömürə sığmaz dərəcədə çoxşaxəlidir. Əvvəl arzum Yaponiyada təhsil alıb, burada Azərbaycanın səfiri olmaq idi. Siyasətə böyük marağım var. Yaponiyada ya bir elm adamı, ya siyasi xadim ola bilərdim, ya da biznesmen kimi fəaliyyət göstərəcəkdim. Kim olmağıma, nə etmək istədiyimə qərar verməliydim. İstəyim isə bu iki ölkə arasında sarsılmaz bağlar qurmaq, daimi və davamlı iqtisadi inkişafa nail olmaq idi. Bunun üçün isə nə mütləq diplomat, nə də elm adamı olmağa ehtiyac var. Həm də bu sahələr yapon əhalisinin müəyyən bir hissəsinə, ayrı-ayrı qruplara xitab edirdi. Onsuz da burada yaşadığım illərdə hər iki istiqamətdə yetərincə çox iş görmüşəm və görməyə də davam edirəm. Qərarım isə bizneslə məşğul olmaq oldu və 2018-ci ildə Yaponiyada Azərbaycan üzrə ixtisaslaşmış "AzePro" şirkətini yaratdım. 

- Təhsil həyatınızda Azərbaycana necə yer verirdiniz?

- 2012-2018-ci illər ərzində, təhsil həyatımda elmi fəaliyyətlərimi Azərbaycanla bağlamağı bacarmışam. Deyə bilərəm ki, elmi fəaliyyətim çox aktiv və məhsuldar olub. Elmi mövzum magistraturada "Cənubi Kuril adaları problem və ictimai rəy", doktoranturada isə "Dağlıq Qarabağ münaqişəsi və Cənubi Kuril adaları probleminin müqayisəli təhlili" olub. Eyni zamanda, Şri-Lankada vətəndaş müharibəsi ilə Dağlıq Qarabağ münaqişəsinin müqayisəli təhlili ilə bağlı Hindistanda, Şri-Lankada və Yaponiyada araşdırmalarım, elmi çıxarışlarım və yazılarım olub. Yaponiyanın məşhur elmi jurnallarında ("Sərhəd araşdırmaları", "Şimal-şərqi Asiyanın indiki vəziyyəti", "Yaponiya Mərkəzi Asiya ölkələri elmi araşdırmalar Assosiasiyası" və s.), milyonlarla tiraji olan mərkəzi qəzetlərdə yapon dilində məqalələrim çap olunub. Yaponiyanın Sapporo, Tokio, Kyoto, Fukuoka və ABŞ-ın San-Fransisko və Reno şəhərlərində bir çox məşhur elmi konfranslarda dəfələrlə Dağlıq Qarabağ və Cənubi Kuril adaları ilə bağlı çıxışlar etmişəm. Hokkaydo Mərkəzi Avrasiya Tədqiqat Assosiasiyası, Yaponiya Mərkəzi Asiya Araşdırmalar Assosiasiyası, Yaponiya Siyasi Elmlər Assosiasiyası, Yaponiya Beynəlxalq Siyasət Elmləri Assosiasiyası kimi qurumların elmi konfranslarında dəfələrlə çıxışlarım olub.

- Bəs diaspor fəaliyyətinə başlamağa necə qərar verdiniz? 

- Diaspor fəaliyyətim bəlkə də, son illərdə ən çox vaxt ayırdığım və nəticələr əldə etdiyim sahədir. 

2014-cü ilin mayında Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının sədri seçiləndən sonra ictimai həyata, biznesə təsir imkanlarım əhəmiyyətli dərəcədə artdı. Bu üstünlükdən yararlanaraq dəfələrlə Azərbaycanla bağlı tədbirlər, görüşlər təşkil etmişdik. Ən maraqlı işlərimizdən biri də 2015-2016-cı illərdə hər il bir həftə ərzində təxminin iki milyondan çox insanın ziyarət etdiyi məşhur Sapporo Qar Fiqurları Festivalında Qız Qalası və milli geyimli azərbaycanlı qar fiqurlarının hazırlanması və bununla bağlı keçirilən tədbirlər olub.

2016-cı ilin iyun ayında yaponiyalı biznesmen dostlarımla birlikdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasını yaratdıq. Bundan sonra bu Assosiasiyamızın təşkilatçılığı ilə Yaponiyanın şimalından cənubuna doğru bütün əsas şəhərlərində hər birində təxminən 150-200 nəfər biznesmenin iştirakı ilə Azərbaycanla bağlı tədbirlər təşkil etdik. Öz şirkətimizi  - "AzePro"nu yaratdıqdan sonra isə əsas diaspor fəaliyyətimi də bu şirkətin adı altında keçirməyə başladım. 

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasını bu şirkətin bir qurumuna çevirdim. Çünki diaspor işində təkcə könüllü olmaq kifayət etmir. Bu, həm də kifayət qədər maliyyə tələb edən sahədir. Bu işləri şirkətimizin gəlirləri hesabına həyata keçirməyə başladıq. 2020-ci ilin sentyabr ayının 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Yaponiyanın məşhur telekanallarının canlı efirinə dəvət alaraq Azərbaycanın haqlı mövqeyi ilə bağlı bütün ölkə ictimaiyyətini məlumatlandırıb, onların diqqətini Azərbaycanın haqlı mövqeyinə cəlb etməyə nail oldum.

Onu da qeyd edim ki, 2018-ci ildə ilk dəfə olaraq yaponiyalı biznesmen dostumla birlikdə "Azərbaycanın indi maraqlı olmasının səbəbləri" adlı yapon dilində kitabım işıq üzü görüb. Kitabda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat, Azərbaycanın biznes potensialı və iqtisadi inkişafı haqqında geniş məlumatlar var. Həmin kitab hazırda Yaponiyanın bir çox kitabxanasında, kitab muzeylərində saxlanılmaqdadır. 

Diaspor fəaliyyətində əsas maraqlı işlərdən biri də 2016-2020-ci illərdə Tokio, Yokohama, Saitama və Şiba şəhərlərindəki təxminən 200-dən çox məktəbdə "Azərbaycan mədəniyyəti" mövzusunda dərs deməyim olub. Bu zaman əsas işim yaponiyalı şagirdlərdə Azərbaycana sevgi və hörmət yaratmaq idi. Bundan əlavə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə mənim təhsil aldığım universitet arasında əldə etdiyimiz razılaşma əsasında 2017-2021-ci illərdə Hokkaydo Universitetində tədris etdiyim "Azərbaycan multikulturalizmi" dərsləri də diaspor fəaliyyətimizin əsas dirəklərindən biridir. 

- Yaponiyadakı biznesiniz də sanki məhz Azərbaycanı təmsil etmək üzərində qurulub. Bu da məqsədlidir?

- Bəli, Azərbaycan adının daima Yaponiyada, bu xalqın yaddaşında, kitablarında həkk olunması üçün biznes yolunu seçmişəm. Çünki diaspor fəaliyyətini yüksək səviyyədə aparmağın yolu məhz biznesdə uğurlu olmaqdan keçir. Təkcə siyasi çıxışlarla heç bir nəticəyə gəlmək olmaz, gərək siyasətə güclü iqtisadi dəstək olsun. 

Ümumiyyətlə, iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək üçün təkcə siyasət kifayət etmir. Bunun üçün təkcə elm də kifayət deyil. Gərək məhsulların və insanların mübadiləsi də olsun. İnsan, məhsul və pul üçlüyü eyni zamanda uğurlu dövriyyə edərsə, o zaman iki ölkənin münasibətləri kifayət qədər uğurlu müstəvidə inkişaf yoluna qədəm qoyar. Mənim əsas məqsədim Yaponiya və Azərbaycan arasında sarsılmaz və davamlı, daimi inkişafa nail olmaq və bundan bizdən sonra gələcək nəsillərin yararlanmalarına yardım göstərməkdir. İstəmirəm ki, məndən sonra gələnlər mənim çəkdiyim əziyyətləri çəksinlər. Onlar artıq hazır "dəmir yolu"nun üstündə sadəcə "qatarlar"ı sürə bilsinlər deyə, mən öz həyatımı bu iki ölkə arasında olan dəmir yollarının qurulmasına həsr etmişəm. Məndən sonra gələn nəsillərin bu yollardan uğurla istifadə edib ölkələrimiz arasında daha parlaq münasibətlər quracaqlarına şübhəm yoxdur.

Natəvan ABDULLA

 





26.05.2022    çap et  çap et