525.Az

“Qazi Qarabağ” azanı Lənkəranda səsləndi - FOTO


 

“Qazi Qarabağ” azanı Lənkəranda səsləndi - <b style="color:red">FOTO</b>

Bu gün“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü Lənkəran şəhərində keçirib.

Təşkilatdan 525.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq, “Qazi Qarabağ azanı” səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nazim Əmənullayev çıxış edərək, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqlarına dövlətçiliyimiz üçün müqəddəs iş gördüklərini diqqətə çatdırıb.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəyə öz təşəbbüsləri ilə dəstək verdiklərini söyləyərək, tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Lənkəran şəhər İcra Hakimiyyətinə öz minnətdarlığını çatdırıb.
 
O, “Qazi Qarabağ azanı”nı düşmən girovluğunda əsir və yetim qalan doğma Qarabağımızın işğaldan azadlığına gedən yolda ümumilli ilahi çağırış səsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. S.Əzimbəyli bildirib ki, “Qazi Qarabağ azanı”nı məmləkətimizin bütün müsəlmanlarının birlik və bərabərliyinin, qardaşlığının və azadlığının hürr səsidir. Bu çağırışda İmam Hüseyn məktəbinin yolunu şərəflə izləmiş qeyrətli Lənkəran camaatının azadlıq sədası var.

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şəqrşünas Seyid Camal Əzimbəyli isə çıxış edərək “Qazi Qarabağ azanı”nın əhəmiyyətindən geniş söhbət açıb. O, “Qazi Qarabağ azanı”na sahib çıxan Azərbaycan dövlətinin tezliklə doğma Qarabağımızın işğaldan azad olunmasına nail olacağına inandığını xüsusi qeyd edib: “Bu gün cihad adı altında Suriyada döyüşən azərbaycanlı gənclər yanlış yoldadırlar, hər bir inanclı ölkə gəncinin cihad yeri Qarabağ olmalıdır”. C.Əzimbəyli “Qazi Qarabağ azanı”nın ölkəmizdə milli vətənpərvərlik ruhunun dirçəlişinə səbəb olduğunu söyləyib.

Daha sonra Lənkəran dindarları adından axund Ayaz Mirzəyev çıxış edərək həyata keçirilən şərəfli işdə təşkilat rəhbərlərinə  uğurlar diləyərək rayon dindarlarının “Qazi Qarabağ” azanına dəstək verdiklərini və sonadək bu işdə yaxından iştirak edəcəklərini bildirib.

Tədbirdə iştirak edən tanınmış ziyalılar və din adamları Lənkəran camaatının da “Qazi Qarabağ azanı”na sahib duracaqlarını vurğulayıblar.

 





31.05.2014    çap et  çap et