525.Az

Gələcək üçün peşə təhsili – Aİ və BMT İP-nin töhfəsi 


 

Gələcək üçün peşə təhsili – Aİ və BMT İP-nin töhfəsi <b style="color:red"></b>

Azərbaycanda son illər peşə təhsilinə maraq xeyli artıb. Əvvəllər hər kəs övladını ali təhsilli görmək istəyirdisə, bu gün artıq hansısa peşəyə yiyələnməsinə daha çox can atırlar. Hətta ailə, uşaq sahibi olan evdar xanımlar belə gələcəyini düşünərək peşə öyrənməyə maraq göstərirlər.
 

Peşə təhsilinin inkişafı ilə bağlı Avropa İttifaqı, BMT İnkişaf Proqramı (İP) da Azərbaycanda fəal iş aparırlar. Bir sıra rayonlarda bu məqsədlə artıq layihələrin icrasına başlanılıb. 

Bir neçə gün əvvəl Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, BMT İP-nin Rezident nümayəndəsinin müavini Çaru Bista, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov və media nümayəndələri “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Cəlilabad rayonunda səfərdə olublar. Əsas məqsəd peşə təhsili mərkəzləri haqqında məlumatlılığı artırmaq, o cümlədən peşə təhsilinin hər kəs üçün müvafiq təhsil imkanlarından biri kimi uğurlu təqdimatına kömək etmək olub.
Əvvəcə Cəlilabaddakı Heydər Əliyev Mərkəzində rəsmi mərasim və layihənin təqdimatı olub. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov açılış nitqində bildirib peşə təhsili hər zaman insanlar, cəmiyyət üçün vacib əhəmiyyət kəsb edib. Onun sözlərinə görə, cəmiyyətdə müxtəlif peşə sahibləri var ki, onlar öz sahələrində yüksək nəticələrə nail olurlar. İcra başçısı layihənin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu, qlobal və böyük layihədir. BMT İP-yə, Aİ-yə və  Təhsil Nazirliyinə təşəkkür edən R.Cəlilov deyib ki, bu sahədə son illər bir boşluq yaranmışdı: “Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi istedadlı gənclərin özlərini inkişaf etdirməsi, ailəsini, özünü təmin etməsi üçün mühümdür”.

Aİ-nin səfiri  Peter Mixalko isə bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan güclü tərəfdaşlıq qurub və bunu inkişaf etdirirlər: “Azərbaycan iqtisadiyyatına ən çox sərmayə Aİ tərəfindən qoyulub. İttifaq Azərbaycanın ixrac malları üçün ən böyük bazardır. Biz, hazırda Azərbaycanla əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq yeni əməkdaşlıq sazişi üzərində çalışırıq. Aİ Azərbaycanda yerli ərazilərin inkişafı baxımından ölkənin güclü tərəfdaşıdır. Əməkdaşlığın inkişafı üçün hökumətlə bir sıra layihələri gerçəkləşdiririk. Gənclər üçün lazımi şəraiti təmin etmək, onlara imkanlar yaradılması vacibdir. BMT İP ilə birgə bu layihəni həyata keçirməkdən qürur hissi duyuruq. Aİ Azərbaycana 2 milyard avro yardım ayırıb. Bu vəsait əsasən, kiçik və orta  sahibkarlıq subyektlərinə yönələcək. 24 sahibkarlıq subyektinə yardım nəzərdə tutulub. Sahibkarlıq sahəsində qadınlara da dəstək göstəriləcək”.

BMT İP-nin Rezident nümayəndəsinin müavini Çaru Bista bu layihələrin peşə təhsilinin müasirləşdirilməsi məqsədini daşıdığını söyləyib: “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində özəl sektorla əməkdaşlığı da dəstəkləyirik. Belə ki, 90 şirkətlə dəyirmi masalar keçirmişik. Bunlar mebel, turizim və s. sahələri əhatə edir. Bu layihəyə əsasən, peşə təhsili alan 130-a yaxın tələbə ikili təhsil proqramı çərçivəsində hazırda müvafiq şirkətlərdə istehsalat təcrübəsi keçirlər. Məqsədlərimizdən biri də gələcəkdə bu cür əməkdaşlığı 50 şirkətlə həyata keçirməkdir. Həmçinin, peşə təhsilli gənclərin əmək bazarının tələblərinə uyğun gəlməsi və ya bu sahədə təhsilalanların bilik, bacarıqlarının yüksəldilməsi üçün peşə təhsili sahəsində müvafiq təhsil proqramları və kurikulumların daha da təkmilləşdirilməsi istiqamətində özəl sektorla apardığımız müzakirələri davam etdirəcəyik”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov söyləyib ki, peşə təhsilinə maraq son illər artıb ki, bu da iqtisadiyyatın inkişafına dəstək məqsədi daşıyır: “Hər il peşə təhsili almaq istəyənlərin sayı çoxalır. Onların arasında qızlar çoxluq təşkil edir. Cəlilabaddakı Dövlət Peşə Təhsili Mərkəzi 800 tələbəni qəbul edə biləcək. Peşəyə yiyələnmək üçün digər rayonlardan gələnlərin də burada təhsil almaq imkanı olacaq”.

Xatırladaq ki, BMT-nin İnkişaf Proqramı Azərbaycanda peşə təhsili sahəsində beş müxtəlif istiqaməti əhatə edən biznes-plan hazırlayıb. Layihəyə uyğun olaraq dəstəklənəcək istiqamətlər bunlardır: şirniyyat -qənnadçı, landşaft dizaynı və tinçilik, mobil telefon və elektron cihazların təmiri, yataqxana xidmətləri, hibrid avtomobillərin təmiri. BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə layihə rəhbəri Eltəkin Ömərovun sözlərinə görə, əsas məqsəd əmək bazarının tələblərinə cavab verən peşə təhsilli kadrlar hazırlamaq, gənclərin iş tapmaq imkanlarını, məşğulluq perspektivlərini genişləndirmək və bu istiqamətdə onlara dəstək olmaqdır.

Bəs Azərbycanda peşə təhsili qlobal standartlara cavab verirmi? Beynəlxalq təcrübədən bu sahədə necə istifadə olunur? 

Media-brifinqdə bu suala aydınlıq gətirən BMT rəsmisi xanım Bistanın sözlərinə görə, proses gedir və beynəlxalq standartlara əməl edilməsi qarşıdakı əsas istiqamətlərdən biridir. Eyni zamanda layihədə müəyyən standartlar nəzərdən keçirilib. Bu istiqamətdə işlər görülür. 

C. Kərəmov isə deyib ki, 60 yaxın təhsil proqramı Koreya standartları əsasında yenilənib, məzmun təkminləşdirilib: “Türkiyə, Almaniya təcrübəsini öyrənirik. Almaniyadan 9 kitab Azərbaycan dilinə tərcümə olunur. Bundan əlavə, Türkiyə və Azərbaycan təhsil nazirliklərinin birgə idarəedəcəyi peşə təhsil məktəbi yaradılacaq”.

Səfir Mixalko qlobal standartlara əməl etməyin əsas məqsədlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, Aİ-də peşə təhsili çox inkişaf edib: “Tədris proqramlarına müvafiq düzəlişlər edilir ki, bu da standartlardan biridir. Bundan əlavə, özəl sektorla daimi əlaqəni, biznesdə olan qadınlar üçün görülən işləri vurğulamaq istəyirdim. Nəhayət, bu günlərdə növbəti Aİ-Azərbaycan biznes forum oldu. Orada 500-dən çox iştirakçı var idi, bu, uğurlu bir təmas oldu. Azərbaycandan və Aİ ölkələrindən olan iştirakçı şirkətlər gələcəkdə sərmayə qoymaq baxımından peşə təhsilinin nə dərəcədə vacib olduğunu vurğuladılar. Peşə təhsili qadınlar üçün müəyyən imkanlar yaradır, bu, bilavasitə məşğulluq imkanlarıdır”.
Səfər zamanı qonaqlar Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzini ziyarət ediblər. 

Mərkəzin direktoru Etibar Sadıqov görüşdə qeyd edib ki, demək olar, son 40 ildə bu peşə məktəbində qız təhsil almayıb. Onun sözlərinə görə, 2018-ci ildə peşə məktəbinə 19 qız, 1 oğlan qəbul olub. Hazırda məktəbdə 51 qız əsasən, üzlükçü, dizayner, tikişçi peşələri üzrə təhsil alır. Ümumilikdə məktəbdə 450 nəfər təhsil alır.

Mərkəzdə 16 ixtisas üzrə təhsil verilir. Mərkəzin yeni binasının tikintisinə 2019-cu ildən başlanıb. Məktəbdə yataqxana, idman zalı, emalatxana, anbar, qaraj, avtotəmir, istixana, ferma, həmçinin heyvandarlıq emalatxanası mövcuddur. Qeyd edilib ki, məktəb binası dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilib.

Avropa İttifaqı məktəbə videoplanlar üçün təlimatların, dual proqramların hazırlanması, dərsliklərin alınmasına köməklik göstərib.
E.Sadıqov Avropa İttifaqı layihəsinin çox önəmli olduğunu vurğulayıb: “Hazırda Mərkəzimiz yenidən qurulur, infrastrukturu və maddi-texniki bazası müasirləşdirilir. Bu, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində ayrı-arı peşələr üzrə daha yeni ixtisasların açılmasını zəruri edir. Məqsədimiz əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadrlar yetişdirmək və onların işlə təmin olunmasına şərait yaratmaqdır. Görülmüş işlər çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində məhz partaların təmiri emalatxanası yaradılacaq və bu ixtisası mənimsəmiş peşə təhsilli kadrlar hazırlanacaq”.
PƏRVANƏ


 





29.05.2022    çap et  çap et