525.Az

Rusiyaya torpaq lazımdırmı? - Xaqani Cəfərli yazır


 

Rusiyaya torpaq lazımdırmı? -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Vladimir Putin Ukraynanın Zaporoje və Herson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Bu fərman separatçı Donetsk və Luqansk Xalq Respublikalarının sakinlərinə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsini nəzərdə tutan sənədə əlavələr ediməsini nəzərdə tutur. Separatçı Donetsk və Luqansk Xalq Respublikalarının sakinlərinə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi ilə bağlı fərman üç il bundan qabaq, 2019-cu ilin iyulunda imzalanmışdı. İndi isə həmin fərmanın təsir dairəsi Zaporoje və Herson vilayətlərinin hesabına genişləndirilib. Bu vilayətlərin ərazilərinin böyük hissəsi Rusiya ordusu tərəfindən işğal olunub və onların formalaşdırdıqları "yeni hakimiyyətlər" Rusiyaya birləşmək niyyətlərini bəyan ediblər.

Rusiya tərəfindən Zaporoje vilayətində yaradılmış "hərbi-mülki administrasiyasının əsas şurası"nın üzvü Vladimir Roqov bölgənin "DXR" və "LXR" kimi müstəqilliyini elan etməyəcəyini, birbaşa Rusiyanın tərkibinə daxil olacağını bəyan edib. "Zaporoje vilayətinin yalnız bir gələcəyi ola bilər - o da Rusiya Federasiyasının tam hüquqlu subyektinə çevrilmək", - deyə V.Roqov deyib edib.

Buna bənzər fikirləri Herson vilayətinin "hərbi-mülki administrasiyası" təmsilçiləri də səsləndirirlər. Herson vilayətinin "hərbi-mülki administrasiyası" rəhbərinin müavini Kirill Stremousov bildirib ki, müstəqil respublika olmaq istəmirlər: "Bizim əsas vəzifəmiz Rusiya Federasiyasının subyekti olmaqdır".

Rusiyanın tərkibinə "keçmək istəyən" isə yalnız Ukrayna vilayətləri deyil. Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiya Rusiya Federasiyasının tərkibinə daxil olmaq niyyətindədir və bunun üçün iyulun 17-nə referendum təyin edib. Gürcüstan rəsmiləri separatçı bölgənin bu addımını təxribat, Rusiyanın ilhaq əməliyyatı adlandırıblar. Ancaq bu bəyanatlar Rusiyanı və separatçıları dayandıra bilməz. Çox maraqlıdır ki, bir neçə ay öncə Rusiya rəsmiləri Ukraynanın ərazilərini işğal etmək, Cənubi Osetiyanı ilhaq etmək istəmədiklərini bəyan edirdilər. Rusiyanın siyasətində baş verən bu dəyişikliyin səbəbindən danışacağıq. Ancaq bir məsələ tam aydındır ki, Rusiya əlavə torpağa ehtiyacı olmayan yeganə dövlətdir. Əksinə, Rusiyanın bütövlüyünü qorumaq üçün əhalisinin yetərli olmadığı məlumdur. Rusiyanın torpağa deyil, əhali artımına ehtiyacı var. Ekspertlərin qənaətinə görə, Rusiyanın mövcud sərhədlərini qoruyub saxlaya bilməsi üçün əhalinin sayı 600 milyon nəfər olmalıdır. Əks halda Rusiya ərazilərini məskunlaşdıra bilmədiyi kimi, qeyri-millətlər tərəfindən tədricən məskunlaşmanın da qarşısını ala bilməyəcək. Ötən il həyata keçirilmiş əhalinin siyahıya alınmasının nəticələri bu ilin aprelində açıqlandı. Həmin rəsmi məlumata görə, Rusiya əhalinin sayı 147 milyon nəfərdir. Lakin bu statistika bir qədər mübahisəlidir. Rusiyanın əhalisi ilhaq edilmiş Krım, eləcə də Uraynanın və Gürcüstanın separatçı bölgələrinin Rusiya vətəndalığı verilən əhalisi ilə 147 milyon nəfərdir. Beynəlxalq aləm tərəfindən tanınmış Rusiya sərhədlərin daxilində yaşayanların sayı isə 145 milyondan da azdır.

Rusiya vətəndaşları ölkə xaricində yaşayanların sayına görə Hindistan və Meksikadan sonra dünyada üçüncüdür. Ancaq nəzərə almaq lazımdır ki, Hindistanın əhalisinin sayı Rusiya əhalisinin sayından təxminən 10 dəfə çoxdur. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin yanvar ayında açıqlanmış hesabatına görə, 11 milyon Rusiya vətəndaşı ölkə xaricində yaşayır. Ukraynaya hərbi müdaxilə başladıqdan sonra isə Rusiyanı daha 300 min nəfərin tərk etdiyi haqqında məlumatlar var. Üstəlik, bu proses daha da genişlənir. Ekspertlər hesab edirlər ki, hakimiyyət interneti məhdudlaşdırsa və ya ABŞ Rusiyanı internetdən kənarlaşdırsa, ölkəni tərk edənlərin sayı kəskin artacaq. Rusiya hakimiyyətinin yutub videohostinqini məhz bu səbəbdən bloklamadığı iddia olunur. Son araşdırmalara görə, 2022-ci ilin ilk dörd ayında internet istifadəçilərinin, xüsusilə də yutub izləyicilərinin sayında artım müşahidə olunur. Ekspertlərin rəyinə görə, internetin qapadılması sosial partlayışa da səbəb ola bilər. Hakimiyyət buna görə də interneti qapamağa cəsarət edə bilmir. İnternet qapanmasa da, tətbiq olunan qadağalar, ümumi hərbi səfərbərlik qorxusu ölkəni tərk edənlərin sayının azalmasına imkan vermir. Ancaq Ukrayanın bir neçə vilayətinin əhalisinə vətəndaşlıq verən Rusiya hakimiyyətini öz vətəndaşlarının ölkəni tərk etməsi narahat etmir.

Öz vətəndaşlarına sahib çıxmayan bir dövlətin başqa ölkələrin vətəndaşlarının qayğısına qalaraq onlara vətəndaşlıq verməsi humanitar addım sayıla bilməz. Rusiyanın bu adımının geosiyasi əhəmiyyət daşıdığı aydın görünür.

Rusiya Ukrayna və Gürcüstanın separatçı bölgələrini öz ərazisinə qatmaqla həmin ölkələrin dövlətçiliyini məhv etməyə çalışır. Rusiyanın bu addımı Ukrayna və Gürcüstanı strateji seçim etməkdən, Avroatlantik məkana inteqrasiyadan saxlayır. Rusiyanın əsas hədəfi də budur. Ukrayna və Gürcüstanı tamamilə nəzarət altına almaq imkanlarından məhrum olan Rusiya bu ölkələrin bir hissəsini nəzarəti altına almaqla onların dövlətçiliyinə zərbə vurur.

Rusiyanın Ukrayna və Gürcüstanın bir hissəsini ilhaq və işğal etməsi digər postsovet respublikalarını, xüsusilə də Moldova və Qazaxıstanı narahat edir. Rusiyanın separatçı Dnestryanı bölgəni də öz sərhədləri daxilinə qatacağı ehtimalı son zamanlar çox artıb. Buna görə də Moldova bir sıra təhlükəsizlik tədbirləri görməyə çalışır. Rusiyanın Qazaxıstanın böyük bir ərazisinə iddia etdiyi, Ukrayna kimi Qazaxıstanı da "saxta" dövlət hesab etməsi ən yüksək vəzifəli məmurlar tərəfindən dəfələrlə səsləndirilib. Belə görünür ki, Zaporoje və Herson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi haqqında fərman sonuncu olmayacaq.

 





30.05.2022    çap et  çap et