525.Az

Ədəbiyyatın orbitində firlanmaq


 

Ədəbiyyatın orbitində firlanmaq<b style="color:red"></b>

Markesin yaradıcılığını sevsəm , onunƏdəbiyyat yerli-dibli olmasaydı, dünya zərrəcə dəyişməzdi, amma polis olmasaydı, tamam başqa cür olardıfikri ilə heç razı deyiləm. Əlbəttə, bu fikirdəki ironiyanı sezməmiş deyiləm. Amma düşünürəm ki, hər halda, Markesədəbiyyatın ən yoluxucu bəlalarından biri çevrilən bu fikri hətta zarafatla belə, dilinə gətirməməliydi. Çünki bu fikrin təsiri ilə ədəbiyyatdan yanlış umacağı olanların sayı daha da artıb. Ədəbiyyat bəşəriyyəti dəyişmək kimi bir öhdəlikmi götürüb qarşısına?! Ədəbiyyat dediyimiz insanın işi deyilmi?! İnsanın fitrətində bir günah toxumu olduğunu bilə-bilə, onun işinin nəticəsinin insanı günahdan xilas edəcəyinə inanmaq qatı sadəlövhlük olmazmı?! Həyatın, təbiətin bəşəriyyətin bir parçası olan ədəbiyyatı bu şəkildə  divara dirəyib ondan səbəbkar, bəzən xilaskar kimi yapışdıqca ədəbiyyat istədiklərimizi verməyəcək. Axı ədəbiyyat da insan kimidir, ondan daha çox şeylər tələb elədikcə, daha çox uzaqlaşmağa çalışacaq. Ona sadəcə imkan vermək lazımdır ki, özü kimi olsun. Elə onu yaradanlara da. Ədəbiyyatı yaradanların yaxasından yapışıb onlardan övliyalıq tələb etmək absurddur.  Eləcə az-çox ədəbiyyat adına nəsə yaradanlar da övliyalıq iddiasına düşməməlidirlər. Ədəbiyyat da bir məşğuliyyətdir. Zövq verən məşğuliyyət. dünyanın hazırkı düzəni göstərir ki, ədəbiyyata artıq xilasedici kimi yox, sadəcə ən xeyirli, faydalı başqa sahələrlə müqayisədə zərəri minimum olan bir sfera kimi yanaşmaq lazımdır, vəssalam. Sadəcə, başqa sahələrlə müqayisədə, ola bilsin, ədəbiyyat bir qədər artıq təsir gücünə malikdir. Amma dərindən düşünəndə bu təsirin bir o qədər güclü olmadığı anlaşılar.

Ədəbiyyata rahat münasibət daha doğru olar bəlkə? 

Bəlkə ədəbiyyatı rahat buraxmaq lazımdır, nəhayət ki... Amma bu yanaşma ilə qətiyyən ədəbiyyatın rolunu azaltmaq fikrində deyiləm. Ədəbiyyat da sənətdir danmıram ki, mənim üçüncazibə indeksinə görə digər sənətlərin içərisində birinci yerdə dayanır. Ədəbiyyat çox güclü qravitasiya sahəsinə, cazibə qüvvəsinə malik planetə bənzəyir. Orbitinə düşmə, düşdünsə, çıxa bilməyəcəksən. Artıq bu başqa söhbətin mövzusudur ki, ədəbiyyatın orbitinə düşməklə hər tərəfə işıq saçan bir peyk olursanmı, yoxsa sadəcə o orbitdən çıxmağı bacarmayan adi qara daş,  sönmüş ulduzdan qopmuş bir parça meteorit... Bu, artıq sənin qüvvən xaricindədir. Sən sadəcə ədəbiyyatın məhvərində fırlanırsan, fırlanırsan...Heç düşünmürsən ki, bu fırlanmaqdan özünə yaxud ətrafına verirsən? Maraqlı bir məqam da var ki, ədəbiyyat ən cəzbedici, amma həm ən çox qısqanclıq doğuran sahədir. Hamı eyni planetin cazibəsinə düşür, hamı orbitdə fırlanır, o cızılmış xətdən kənara çıxmağa, o cazibədən qopmağa özündə qüvvə tapa bilmir, ancaq eyni zamanda, başqalarını o təsirdən qopa bilməməkdə suçlayır. Hamı özünü ədəbiyyatın peyki bilir, ətrafındakını isə sönmüş meteorit. Parlaq peyklərin saçdığı işıqda bir-birini görən sönmüş meteoritlər bir-birini qınayırlarsən niyə burdasan?” deyə. Bəlkə bu, gülməlidir, bəlkə normal. Yəqin, bu da ədəbiyyata olan sevgidəndir.

Sevəndə bölüşmək istəmirsən axı... 

Ədəbiyyat yanğıdır. Tanrıdan gələn bircə SÖZ yanğısı. Bəlkə insanın ədəbiyyata meyillənməsinin, bəzən ədəbiyyatda boş-boşuna veyillənməsinin səbəbi Tanrının bizi bircə OL sözüylə yaratmasıdır? Hətta bu gün məskun olduğumuz yer təkcə Ol kəlməsiylə yarandı... biz ağlımız kəsəndən, dərrakəmiz işə düşəndən həmin sözün güdazına getmişik. Tanrı bizi söz kimi yaradıb: yaxşımızı yaxşı söz, pisimizi pis söz kimi...

Biz hələ yaranmamışdan Sözdən asılı OLduq.

Sözlə var OLduq. OLan-qalanımız da söz oldu uzun bir ömürdən sonra...Ədəbiyyata sevgi biz OLmamışdan OLdu. Biz sözdən yarandıq, qopub gəldiyimizi necə sevməyə, bağlanmaya bilərik?

Ədəbiyyat tutqudur, tutarlı tutalqadır. Hər şeyi itirmək olar, sözü yox. Zənnimcə, ədəbiyyat qədər təsəlli verən ikinci bir qaynaq yoxdur. Yaza bilsən, yazıçı kimi təsəlli alacaqsan, qrafomansansa, əlhavasına, qarasına düzdüyün sözlərin sadəcə düzülüşündən təsəlli payını götürəcəksən, bunları bacarmasan, son şansın da var: oxucu olaraq ədəbiyyata tutulacaqsan tutunacaqsan. 

Ədəbiyyat gözəl, ağıllı, amma şeytan qadına bənzəyir.

Gözəlliyindən doyanda da ağlına vurulursan, hər gün yeni bir şıltaqlığını, çılğınlığını, özəl cəhətini kəşf edib sevirsən. hər dəfə yeni bir kəşf səni ondan uzaqlaşmağa qoymur. Bəzən ərköyünlüyü ilə bezdirir, lakin üz tutduğun başqa sahələrdən istədiyini ala bilməyəndə, anlayanda ki, yox, sənin yerin bura deyil, gəldiyin yerə qayıtmalısan, onda bir daha Ədəbiyyat adlı bu füsunkar, şeytan qadının yanına dönürsən. Bu dəfə bütün qəlbinlə, varlığınla, ruhunla həmişəlik.

Ədəbiyyat hərdən sadist kişini xatırladır.

bəzən sənin onunla münasibətin tam olaraq iki psixopatın bir-birinə münasibətindən qətiyyən fərqlənmir. O sənə əzab verir, şeir silləsi, roman yumruğu, həcv təpiyi ilə zərbələr endirir, sən isə mazoxist qadın kimi bütün bunlara dözürsən, ayrıla bilmirsən, bütün qəlbinlə sevirsən ədəbiyyat adlanan bu tiranı. hətta bilirsən ki, sənin kimi neçə-neçəmazoxist ona belə bağlıdır, qısqanclıq hissin belə yenik düşür duyduğun anormal sevginin, bağlılığın qarşısında. 

Ədəbiyyat dənizdir. Pis-yaxşı, sınıq-salxaq bir qayıqla da qoynuna düşə bilərsən, hər cəhətdən təchiz olunmuş nəhəng gəmiylə . Amma bu da şansa bağlıdır; sən o qayıqla yeni bir Amerika kəşf edə bilərsən, yaxud da tarixin xatırladığı məlum faciədəki kimi, tam təchizatlı, şəhər boyda bir gəmidə dərinliklərə gömülərsən... Məhz bu gözlənilməzliklərdir ədəbiyyatı bu qədər sehrli, sirli, əfsunlu edən, cazibəsini azalmağa qoymayan..

Ədəbiyyat bitki kimidir. Zahirən tərpənməz görünsə , bir çox prosesləri yaşayan canlıdır əslində. Bu canlının dibinə bir-iki qurtum su tökürük, ya tökmürük, o dəqiqə bizim üçün ətirli çiçək açmasını tələb eləyən xudpəsəndə çevrilirik. 

Ədəbiyyat intim yaradıcılıqdır

Hər kəs öz ədəbiyyatını yaradır. Qrafoman da, yazıçı da, publisist , şair , essist . Hər kəs sözlə özünün rəsmini çəkir. Birində tablonun eybəcər alınması onu çəkənin çirkinliyinə dəlalət eləmir, bəlkə özünü daha yaxşı çəkməyi bacarmadığından belə alınır. Yaxud mükəmməl alınmış ədəbiyyat tablosu onu çəkənin bu qədər qüsursuz olması anlamına gəlmir ki... Ədəbiyyat güzgü deyil, çünki biz adətən güzgüyə qüsurlarımızı yox, gözəllik simgələrimizi bir daha görmək üçün baxırıq. Əslində güzgüdə özümüzü necə görmək istəyiriksə, elə görürük. Güzgüdə özümüzə bir gözümüzü yumub baxırıq. Amma fikir vermisinizmi, güzgüdə baxıb özünün hansısa qüsurunu görə bilməyən adam fotosuna baxanda bütün çatışmazlıqları aydınca seçir. Ədəbiyyat bu mənada fotoya bənzəyir. Artıq ona bir gözünü yumub baxa bilmirsən. Olduğu kimi qarşında durur...

Ədəbiyyat çəmən kimidir. Ordan çirkli su axıtsan, yaşıllıq solacaq, tərtəmiz, dumduru arx keçsə, rayihəli çiçəklərin açmasına səbəb olacaq. Deməli, özlüyündə ədəbiyyat çəmən olaraq sinəsindən  nəyin hansı şəkildə keçib getməsindən asılıdır.

Amma bütün hallarda ədəbiyyat üzərində hansısa çirkin ehtirasların  söndürüldüyü, mayallaq aşıldığı, iyrənc eksperimentlərin aparıldığı döşək deyil. Ədəbiyyatdan döşək kimi istifadə edənlər əvvəl-axır quru yerdə oturmalı olacaqlar. Çünki ədəbiyyat döşək olmağı həzm eləməyəcək qədər qürurludur.

Ədəbiyyat uşaq kimidir. Pakdır, safdır, sevinclə, duyğuyla, coşquyla doludur, özlüyündə pislikdən, riyadan uzaqdır, amma eyni zamanda da sadəlövhdür. Ədəbiyyat bu mənada köməksizdir, qorumasızdır. ANAnın əlinə düşsə övlad olar, UŞAQ ALVERÇİSİnin əlinə düşsə...

Ədəbiyyat tarixdir, tarixin hər an xatırlanan dərsləri var, unudulan məqamları da, bunu unutmayaq.

Ədəbiyyat məlum maniyaların ən faydalısı ən təhlükəlisidir.

Ədəbiyyat adamlarının maniakal sindromunun təhlükəlilik dərəcəsi istifadə etdiyi, kullandığı sözün qüvvəsindən asılıdır. Kimisi Sözü əlində xəncər eləyibDədəm mənə kor deyib, gəlib-gedəni vur deyibprinsipi ilə hərəkət edir, kimi , Diogen sayağı, Sözü çıraq təki əlində tutaraq çıxır axtarışa. Gah özünü axtarır, gah da özünü görmək istəyənləri...

Ədəbiyyat hər şeydir. Hər şeyini itirə bilərsən bir görərsən ki, itirdiyin hər şey elə ədəbiyyatın içindəymiş,  bəlkə sən heç itirməmisənmiş, elə oraya, çox etibarlı bir yerəədəbiyyata tapşırıbsanmış onları. Ədəbiyyat reallıqda yaşaya bilmədiyini  yaşamaq üçün yeganə yeridir. Orada mümkün olmayan, ağlın itmədiyi, fikrin girmədiyi dalan yoxdur. Labirintə bənzəyir, getdikcə gedirsən, hər dəfə elə maraqlı mənzərələr, ilginc nüanslar  qarşına çıxır ki, heç azdığının fərqində belə olmursan.

Ədəbiyyat sözlə yaradılan Cənnətdir.

Cənnət özü Sözdürmü, yoxsa Sözün yaratdığı cənnətmidir Ədəbiyyat? Həmin o labirintdə dolaşdıqca bu qeyri-müəyyənlik üzür adamı. Sözlə hər şeyi mövcud etməyin, hər şeyi yaratmağın mümkün olduğu yeganə məkandır ədəbiyyat. Belə bir imkan başqa harda var?

Ədəbiyyyat həm heç nədir. Heç ... Dərindən düşünürsən ki, sadəcə illüziya aləmindəsən. Bu, səhrada gözünə görünən ilğıma bənzəyir. Susuzluqdan yanırsan, dilin ağzına yapışıb, bircə qurtum su üçün kilometrlərlə qaçmağa hazırsan, çatıb görürsən ki, su gəzir... Daha doğrusu, bəzən heç harasa çatmaq da nəsibin olmur, elə hey qaçırsan, qaçırsan, gözünün qarşısından ilğım-su çəkilmir, amma sən elə hey can atırsan o parlaq bilinməzliyə. Bu mənada ədəbiyyat yalnız ilğımdır, boş xülyadır.

Axı sonucda ədəbiyyat deyilən bu məfhum, bütün bunlar sözdür, quru söz.

Quru Sözmü? Yenə söhbətimizin çarxı əvvələ, başlanğıcamı fırlansın? “Dünya Sözdən yarandı” – başlanğıcına...Təzədən dediyimizə dönəkmi?  Yenə dövrə qapanır yenə fırlanma başlayır: Dünya Sözdən yarandı, sonra da biz o dünyanın içində yeni Söz Dünyası yaratmağa çalışdıq, adını da qoyduqƏDƏBİYYAT...... hələ fırlanırıq...

 





02.06.2014    çap et  çap et