525.Az

Sülh olmayacaq


 

Sülh olmayacaq <b style="color:red"></b>

İtaliyanın Baş naziri Mario Draqi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra sülh üçün heç bir ümid yeri görmədiyini bildirib. Baş nazir telefon danışığı zamanı Ukraynadan taxıl tədarükünün dayandırılmasının qlobal ərzaq böhranı təhlükəsinə səbəb olduğunu vurğulayıb. Rusiya prezidenti Ukrayna limanlarının rəsmi Kiyevin günahı ucbatından bağlandığını bildirib. Bu arada, nüfuzlu beynəlxalq təşkilatlar Ukrayna taxılının dünya bazarlarına çıxarılmayacağı halda qlobal böhran yaranacağı, milyonlarla insanın aclıqdan ölə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Beynəlxalq təşkilatlar qlobal ərzaq böhranı ilə bağlı xəbərdarlıq etdikləri halda Ukraynada müharibə yenidən alovlanıb. Aprel ayının ortalarından başlayaraq döyüş bölgəsində nisbi sakitlik yaranmışdı. Ancaq may ayının ortalarından başlayaraq Donbasda vəziyyət kəskinləşməyə başladı. Başa çatmaqda olan həftənin ilk günlərindən başlayaraq isə Rusiya ordusu Baxmut, Popasnaya və Severodonetsk istiqamətdə güclü hücuma keçib. Bəzi hərbi ekspertlər Donbasdakı son döyüşləri fevral ayının 24-dən başlayan müharibənin ən ağır döyüşləri kimi dəyərləndirirlər. Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya Donbasda qırğın törədib bütün canlıları məhv etməyə çalışır: "Heç kim Donbası rus ordusunun indi etdiyi kimi məhv etməyib".

Ukraynada döyüşlərin qızışması, Rusiyanın işğalçılıq siyasətinin yeni mərhələyə keçməsi Moskvaya qarşı yeni sanksiyalara səbəb olacaq. Ekspertlər Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların 6-cı paketinin bir neçə həftə əvvəl müzakirə edilməsinə baxmayaraq, bu günə kimi qəbul olunmamasını Ukrayna cəbhəsində nisbi sakitliyin yaranması ilə izah edirlər. İndi döyüşlərin qızışması Rusiyanın neft sənayesini hədəfə alan sanksiyaların 6-cı paketinin yaxın günlərdə təsdiq olunacağını düşünməyə əsas verir.

"Corriere Della Sera" qəzeti Rusiyaya qarşı yeni ittifaqın yaradılması ilə bağlı müzakirənin getdiyi haqqında məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyaya əleyhinə yeni beynəlxalq alyans yaratmağı təklif edib. İddiaya görə, yeni ittifaq Brüsselin siyasətini və Almaniyanın Moskvaya qarşı hərəkətlərini bölüşməyən ölkələrin siyasi, iqtisadi və hərbi ittifaqı olmalıdır.

Yeni ittifaq Böyük Britaniyanın rəhbərlik etdiyi Avropa icması kimi nəzərdə tutulur. Bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litva, gəlcəkdə isə Türkiyə də daxil ola bilər. Bu ittifaq Rusiyanın hərbi təhlükəsinə qarşı mümkün olan ən sərt mövqedən çıxış etməyə hazır olan dövlətlərin alyansı kimi nəzərdən keçirilir.

Bütün bunlar yaxın zamanlarda sülh olmayacağından xəbər verir. Heç bir tərəf, xüsusilə də Rusiya geri çəkilmək istəmir. Rusiya geri çəkilmədiyi üçün isə sülh olmayacaq.

 





31.05.2022    çap et  çap et