525.Az

Seyid Mir Həmzə Əfəndi Nigarinin şeirləri - "XIX əsr Qarabağ şairləri antalogiyası"ndan


 

Seyid Mir Həmzə Əfəndi Nigarinin şeirləri -<b style="color:red"> "XIX əsr Qarabağ şairləri antalogiyası"ndan</b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV 
Filologiya üzrə 
elmlər doktoru, 
professor

***

Seyid Mir Həmzə Əfəndi Nigari

XIX əsr Azərbaycan ədəbiyyatında təriqət şeirinin görkəmli nümayəndələrindən olan Şeyx Mir Həmzə Nigari 1797-ci ildə Qarabağ mahalının Cijimli kəndində nəcabətli seyidlər ailəsində anadan olmuşdu. İlk təhsilini Qaraqaşlı Mahmud Əfəndinin və şəkili şikəst Abdulla Əfəndinin yanında aldıqdan sonra elmə olan marağı sayəsində təhsilini kürdəmirli nəqşibəndi şeyxi İsmayıl Əfəndinin yanında davam etdirmişdi. Mir Həmzənin nəqşibəndi təriqətilə bağlanmasında İsmayıl Əfəndinin mühüm rolu olmuşdu. 1840-cı ildə Həc Ziyarəti və Amasiya səfərindən sonra doğma kəndlərinə qayıdan Mir Həmzə orada müəllimlik etmiş və Qarabağ mahalında böyük şöhrət qazanmışdı.

1851-ci ildə rusların təqibindən yaxa qurtarmaq üçün o da digər nəqşibəndi təriqətinə mənsub dindaşları kimi vətənini tərk edərək Ərzuruma, oradan da İstanbula getmiş və orada təriqət başçısı kimi məşhurlaşır. Onun artmaqda olan nüfuz və şöhrəti bəzi bədxahları narahat edir, dövlət və millət əleyhinə fəaliyyət göstərməkdə, eləcə də üsyan hazırlamaqda günahlandırılaraq 1885-ci ildə ailəsi ilə birlikdə Samsuna sürgün edilir, oradan isə Harput şəhərinə köçürülür. 

Həmin ilin oktyabr ayında Mir Həmzə vəfat etmiş, vəsiyyətinə görə, cənazəsi Amasiya şəhərinə aparılmış və oradakı Şirvan camesində dəfn olunmuşdu. O, özündən sonra zəngin irs qoyub. Şairin "Divan"ı 2010-cu ildə filologiya üzrə elmlər doktoru Nəzakət Məmmədli tərəfindən transfoneliterasiya, ön söz, qeyd və izahlarla tərtib edilərək nəfis şəklində nəşr etdirilib. Buradakı şeir nümunələri həmin kitabdan götürülüb.

***

Qəzəl 

Hər zaman eynimə kim, mənzili-canan görünür,
San Cəməm kim, gözümə mülki-Süleyman görünür.

Öylədir seyli- sirişkim gözə Qülzümi gəlür,
Bəhri seylabə verir, qətrəsi tufan görünür.

Alışub nari-dərunim, tutuşub nayi-dilim,
Şərəri çərxə çıxub, kövkəbi-rəxşan görünür.

Bilmərəm kim nə əlamət, nə kəramətdir kim,
Ey gözüm, hər nəzərin cövhəri bin can görünür.

Vəh nə tərsabeçəsən, qəmzəylə bir gəz, sanma,
Baxdığın kimsədə nə küfrü nə iman görünür.

Sehrmi, fitnəmi ya möcüzəmi, başqamı yar,
Kəsdigin kimsədə nə yarə, nə bir qan görünür.

Rəhi-sevdadə məgər, Mir Nigari, bana
Can verübdür sənəma, böylə ki, xəndan görünür.

***      

Qoşmalar

Eşqin kanı Qarabağdır məkanım,
Bülbüli-şeydayəm, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşlı bustanım,
İmdi gülüstanım Qara pirimdir.

Sinəmə çəkilən qara dağımdır,
Yandıran aləmi gör nə çağımdır!
Qara bağrım qanlu Qarabağımdır,
Gözlərimdən axan yaşi-tərimdir.

Yadigarım olsun əhli-sövdayə,
Göftari-dərdimi eyləsin mayə.
Şamü səhər ahim, ünüm biğayə
Dərgəhi-dildarə bərgü bərimdir.

Lütfi-ilahinin nəzərgahiyəm,
Ərbabi-sövdanın qibləgahiyəm.
Mülki-məlamətin padişahiyəm
Xaki-payi-dilbər taci-sərimdir.

Tükənməzmi dərdin, yoxmu bir çarə?
Yaxılursan şamü-səhər odlarə.
Səbr eylə biçarə, ey günü qarə,
Ey Seyyid Nigari, Mövla kərimdir.

***

Bir qönçeyi-gülün tarimarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl kəbkin giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.

Gözlərimdən hər dəm qan-yaş tökülür,
Sərvtək qamətim yay tək bükülür,
Sinəmə çal-çarpaz dağlar çəkilür
Yadıma düşdükcə Çilgəz yaylağı.

Xubları huridir, mələkmənzərdir,
Sözləri şirindir, şəhdü şəkkərdir.
Cənnətül-məvadır, hövzi-Kövsərdir
Qaraqaş yaylağı, Həmzə bulağı.

Kuhi-sövda üzrə eylərəm fəryad,
İmdadıma gəlməz sakini-övtad.
Dəmbədəm bin tişə əgər bin Fərhad
Çalsalar, əksilməz sinəmin dağı.

Nəsli-İsmailsən, əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən.
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.

***                  

Gəraylılar

Aşiq oldum yenə tazə
Bir növcəvanə, cəvanə.
Qanı bir əhli-dil, yazə
Ərzim cananə, cananə.

Qəm əlindən gəldim dadə,
Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badə
Zülfün səlmanə, səlmanə.

Cüda düşdüm ellərindən,
Kəsmədim göz yollarından
Zülfi-Leyli əllərindən
Gəzdim divanə, divanə.

Bilməzəm kim ol kərəmkar
Əvf edərmi, günahım var.
Yalvarıram mar təki zar
Hər dəm yalmanə, yalmanə.

Qurdum ülfətin binasın,
Yıxdım dünyanın əsasın,
Nigari, eşqin səhrasın
Gəzdim mərdanə, mərdanə.

***

Tərcibənd

(ixtisarla)

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-müşk-ənbər imiş buyi-qubari-Qarabağ
Abi-heyvan imiş ənharü pünari-Qarabağ.
Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ
Aləmi-cənnət imiş dari-diyari-Qarabağ.
İmdi bildim nə imiş vəsfi-həzari-Qarabağ!
Yeridir kim çəkərəm ahü zari-Qarabağ.
Dağlayubdur bəni bir laləüzari-Qarabağ
Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.

Ah, aşüftəligim zülfi-səmənsayə deyin,
Vah, sərgəştəligim kakili-Leylayə deyin.
Bu güniqarəligim mehrsiz ol ayə deyin,
Kari-tərsalığım ol zülfi-çəlipayə deyin.
Dərdi-biçarəligim ləli-Məsihayə deyin,
Sirri-pünhanımı ol ağzı müəmmayə deyin.
Dərdimi-dilbəri-şirini-dilarayə deyin,
Ərz edin, möhnətimi cümlə şəhənşayə deyin,
Suzişi-könlümü ol qönçeyi-həmrayə deyin.
Necə ah eyləməyim bülbüli-şeydayə deyin,
Dağlayubdur bəni bir laləüzari-Qarabağ,
Yandırubdur bəni bir nari-nigari-Qarabağ. 

Gəlin, ey əhli-könül, artub azarım, eşidin,
Yox rəvacı, kəsilüb beyü bazarım, eşidin.
Pozulub rövnəqi-gülzari-baharım, eşidin,
Qalmayıbdır, tükənib leylü naharım, eşidin.
Cəm olun bir yerə, azari-həzarım, eşidin,
İrişüb vəqti, qazın dari-məzarım, eşidin.
Yaxılub səbr, yanub nayi-qərarım, eşidin,
Alışub suzişilə mayeyi-varım, eşidin.
Dağılın kim tutuşub nari-mənarım, eşidin,
Yedidir ərşə çıxarsa ahü zarım, eşidin,
Dağlayıbdur bəni bir laləüzari-Qarabağ,
Yandırubdur bəni bir nari-nigari-Qarabağ.

Düşmədi kuyinə bir kərrə güzarım gecələr,
Sormadı halımı bir mahüzarım gecələr.
Bir bana yanmadı kim, gəlmədi yarım gecələr
Ol səbəbdən alışur cani-fikarım gecələr.
Yaxılur atəşi-dil, artır azarım gecələr
Çəkilür nöh fələkə zarü həzarım gecələr.
Dağılur hər tərəfə atəşi-zarım gecələr
Yandı pərvanə kibi odllara varım gecələr.
Şəmtək narilə düşdu səri-karım gecələr
Bəs necə yanmaya bu könli-mənarım gecələr,
Dağlayıbdur bəni bir laləüzari-Qarabağ
Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.


Dari-mehr üzrə gərək qəsdi-şirin can edəyim,
Dili sərdarə çəküb şövqilə qurban edəyim.
Cigəri parələyüb bağrı qızıl qan edəyim
Dəmbədəm əşk töküb xuni-dil əfşan edəyim.
Canı atəşkədeyi-eşqdə suzan edəyim,
Yandırub xaneyi-variyyəti viran edəyim
Gecələr ta besəhər dəmbədəm əfğan edəyim
Güli-məqsud açıla, dərdimə dərman edəyim
Ey Nigari, nə qədər sirrimi pünhan edəyim?
Yandı canım, anı bu nəzmilə şayan edəyim:
Dağlayıbdur bəni bir laləüzari-Qarabağ
Yandırubdur bəni bir nari-nigari-Qarabağ.
 

 





31.05.2022    çap et  çap et