525.Az

Gəncə qiyamı: Sarı Ələkbər və qisasçı bacıları - Zakir Murad yazır


 

"SİNFİ MÜBARİZƏ" ADIYLA İNSANLARI QARŞI-QARŞIYA QOYMAQ İSTƏYƏN BOLŞEVİZM ƏLEYHİNƏ ÜSYANIN 102-Cİ İLDÖNÜMÜNƏ İTHAF OLUNUR

Gəncə qiyamı: Sarı Ələkbər və qisasçı bacıları - <b style="color:red"> Zakir Murad yazır</b>

Ötən əsrin ilk onilliklərində dünyada baş verən mürəkkəb təlatümlər içində Azərbaycan Cümhuriyyətinin (1918 -1920) yaradılması prosesində müstəsna rol oynamaqla bərabər, Şərq aləmində ilk demokratik quruluşlu bu dövlətimizin bolşeviklər tərəfindən işğalından sonra onun xilası üçün son cəhdi göstərmək də Gəncənin - bu ənənəçi və mühafizəkar  şəhərin taleyinə düşdü. Gəncə üsyanı 12 min nəfərədək şəhidin istibdada qarşı qanla yazılmış etiraz imzası idi. Qanla yazılanlar isə heç vaxt unudulmaz.

İstiqlalı qaytarmaq üçün istibdadla döyüş

Azərbaycan Cümhuriyyətinin 1920-ci ilin aprelin 28-də bolşeviklər tərəfindən faktiki işğalı da təbii ki, mühafizəkar Gəncədə yalnız birmənalı qarşılana bilərdi. Həmin hadisədən bir ay keçməmiş, bolşeviklərə qarşı güclü müqavimətin - təşkilatlanmış, irimiqyaslı silahlı üsyanın baş verməsini də elə həmin milli ənənəçilik amillərilə bağlamaq lazımdır.

                                   Sarı Ələkbər

Yalan təbliğat və təxribatlar yolu ilə Azərbaycanı zəbt edə bilmiş bolşeviklər, milli xarakteri, ənənələri, dəyərləri nəzərə almadan hər şeyi, necə deyərlər, "sovetləşdirməyə" girişmişdilər.

Azərbaycana soxulduğu andan milli heysiyyatımızı, ədaləti, hətta sadə insani məntiqi hər an tapdalayan kobud bolşevizmə qarşı 1920-ci ilin mayın 24-də alovlanan və  iyunun 4-dək davam edən Gəncə üsyanının aparıcı simalarından biri, Azərbaycan Ordusunun Gəncədəki 1-ci Divizionunun 3-cü Gəncə piyada alayının komandiri, polkovnik Cahangir Kazımbəylinin (1888-1955)  xatirələrində də bu xalq etirazının  BAŞLICA SƏBƏBİ kimi, AZƏRBAYCAN XALQININ XARAKTERİNİ  göstərməsi də çox diqqətçəkəndir.

Bolşevikləri ən çox "kədərləndirən" o idi ki, onlar Azərbaycanda arzuladıqları "sinfi mübarizə"yə rast gəlməmişdilər. Bu hal bolşeviklərin maraqlarına cavab vermədiyindən, onlar ziddiyyətləri süni olaraq yaratmağa başladılar. Ziyalılara "bəy", "xan" deyərək, kənd yerlərində isə nüfuzlu şəxslərə rusca "kulak"ın burada daha zorba səslənən bir "tapıntısı" kimi "qolçomaq" adı qoyaraq, onları məhv etməyə girişdilər. Bolşeviklər, həmçinin,  Gəncədə əslində, əhali arasında dinçilik pərdəsi altında əsl təxribatla məşğul olan bir "Şəriət alayı" da yaratmışdılar.
Millətin salındığı bu dözülməz halın məntiqi nəticəsinin kəskin etirazlar olduğunu vurğulayan C.Kazımbəyli qeyd edir ki,  şəhərdə və onun ətrafındakı "hərbi-siyası vəziyyət bolşeviklərə qarşı çıxış üçün əlverişli idi". Və bu əlverişli an qaçırılmır! Mayın 24-dən 25-nə keçən gecə istər hərbi birləşmələrimizin, istər də yerli silahlı dəstələrin dörd bir yandan qəfil hücumu ilə qızıl ordu diviziyasınına, həmçinin, həmin "Şəriət alayına" ciddi itkilər verilir, sağ qalanları tərksilah edilib, şəhər həbsxanasına salınır. Şəhər bolşevik hakimiyyətindən azad olunur. Amma Gəncənin məsudluğu cəmi on gün cəkir. Bolşeviklər zirehli qatar da daxil əlavə qüvvələr cəlb edərək, şəhəri yenidən işğal edirlər. Cahangir bəy iyunun 4-dən 5-nə keçən gecə öz komandanlığında olan hərbi qüvvəri buraxır.

Gəncənin "addımlı" adamları

C.Kazımbəyli üsyanın birinci gününün xronikasını şərh edərkən, yazırdı ki, "...Mayın 24-də gündüz saat 4-də mən Bağman qəsəbəsində üsyana başçılıq edəcək şəxslərlə müşavirə keçirirəm. Onların arasında bolşeviklərə qarşı, onların gəldiyi andan barışmaz mövqe tutan və sonadək mübarizə aparan Sarı Ələkbər və Qəmbəri qeyd etməliyəm. Müşavirədə qərara alınır ki, onlar hər biri, öz dəstəsilə, Bağman tərəfdən hərəkətə başlayaraq, Gəncə çayını keçəcək və şəhərin erməni hissəsində yerləşmiş Qızıl ordu hissələrinə hücum edəcəklər..."

 

 

 

                                                                        Yas mərasimi

Beləliklə, işğalçı Qızıl ordu hissələrinə ilk zərbənin məhz nüfuzlu şəxslərin başçılığı altındakı silahlı xalq dəstələri tərəfindən vurulduğu bildirilir. Üsyanın qəhrəmanlar kimi, Gəncəbasar elinin tutarlı, "addımlı" adamlarından Sarı Ələkbər, Qaçaq Qəmbər, Qaçaq Məmmədqasım və digərlərinin adları da çəkilir. Bu, üsyanın geniş xəlqi mahiyyətindən xəbər verir. 

Gəncədə, indi çox nadir hallarda, yalnız lap köhnə adamların dilindən eşidilə bilən "addımlı" sözünü heç də nahaq işlətmədik. "Addımlı adam", bir növ, sanballı, güvənilən, hər sözü qəti olan şəxs üçün işlədilən bir kəlmədir. Sarı Ələkbər İmamqulu oğlu (1874-1938) da belələrindən olub. 
Var-dövlətli, mülk, dükan, mehmanxana və digər əmlak sahibi olmaqla yanaşı, güclü milli keyfiyyətlərə malik, zəhmli, amma səxavətli tacir Sarı Ələkbər 20-ci əsrin başlanğıcında Gəncənin ən "addımlı" adamlarından sayılırdı. Şəhərdə onun bir sözü iki ola bilməzdi.
Son dərəcə yüksək milli heysiyyatlı Sarı Ələkbər yeni əsrin gəlməsi ilə güclənən tarixi hadisələr burulğanından xalqın necə deyərlər, başısalamat çıxması və gələcəyə yönəlməsi naminə 1905-ci ildə yaradılan ilk milli siyasi təşkilatımız olan "Difai" firqəsinin, eləcə də Birinci Dünya müharibəsinin başlanması ilə qurulan Gəncə Milli Komitəsinin fəal simalarından biri olub. O, həmçinin, bu təşkilarların silahlı (!) dəstələrinə də rəhbərlik edib.

Əslində, elə çar hökuməti zamanı da Sarı Ələkbər həmişə silahla gəzər, həddini aşanlarla özü və "başının dəstəsi" ilə haqq-hesab çəkərmiş. Rus hakimiyyəti bütün bu işlərdən xəbərdar olsa da, Sarı Ələkbərin xalq arasındakı yüksək nüfuzunu, eləcə də onun bu "vuran-tutan" statusunun bir növ, Gəncə və onun ətraf bölgələrində son nəticədə sabitliyə, avtoritetli qruplar arasında nizam-intizama xidmət etdiyini nəzərə alaraq (bu "rus  üsulu"nun müasir təcəssümünə aid, bu yerdə bir R.Kadırovu yada salaq), onun xətrinə dəyməzmiş. Əksinə, Sarı Ələkbər bir neçə dövləti təltiflər, o cümlədən, "Niqalay padşahın göndərdiyi" daş-qaşlı əsa sahibi imiş. Arazın o tayının hökmranı olan Qacar xanədanı da Sarı Ələkbəri şirli-günəşli ordeni ilə təltif edibmiş. 

Azərbaycan Cümhuriyyətinin qurulması üzrə istər təşkilatlanma, istər də əməli fəaliyyət proseslərində də Sarı Ələkbərin xüsusi xidmətləri olub. O, Cümhuriyyətimizin xilası naminə Nuri paşanın komandanlığında Qafqaz İslam Ordusu adı altında Birləşmiş Türkiyə və Azərbaycan qüvvələrinin formalaşdırılması işində və onun apardığı hərbi əməliyyatlarda çox fəal iştirak edib. Böyük paytaxtımız Bakının müstəqilliyimizi istəməyən qüvvələrdən azad olunması uğrunda tarixi hücumda Sarı Ələkbər və onun dəstəsi igidlik nümunələri göstərib. Cümhuriyyət dövründə isə Sarı Ələkbərə Gəncə quberniyasının polis strukturlarında məsul vəzifələr daşıyıb.  

Təbii ki, bolşevik istilasının yuxarıda şərh etdiyimiz siyasi və ictimai fəsadları Sarı Ələkbər kimi milli maraqlar təəssübkeşini biganə qoya bilməzdi. Qızıl ordu ilə on günlük ölüm-dirim savaşında düşmən Gəncəni təkrar tutmağa müvəffəq olsa da, üsyançıların əzmi xalqımızın istibdada qarşı barışmaz olduğunu nümayiş etdirdi.
Son məqamda Sarı Ələkbər ailə üzvlərindən yalnız kiçik oğlu, 10 yaşlı İsmayılı götürməyə macal taparaq, ölkədən çıxmağa müvəffəq oldu.  

Sarı Ələkbərin ailəsi və bacıları ilə bağlı film kimi əhvalatlar

Yazımızın bu hissəsinə keçərkən, qeyd etməliyik ki, aşağıda şərh edəcəyimiz hadisələr, yəni Sarı Ələkbərin məcburi mühacirətindən sonra onun Gəncədə qalan yaxınlarının, xüsusən bacılarının, bir növ, Gəncə üsyançılarının qisasının alınması anlamına gələn şücaətləri haqda hələ 18 il əvvəl - "525-ci qəzet"in 19 iyun 2004-cü il tarixli sayında "Sarı Ələkbərin qız qardaşları" adlı yazıda söhbət açmışdıq. Aradan keçən zamanın böyüklüyünü, həmçinin, sözügedən hadisələrin yeni təfərrüatlarının üzə çıxmasını nəzərə alaraq, mövzuya yenidən qayıtmaq qərarına gəldik.
Yazıda təqdim etdiyimiz "Yas mərasimi" adlı fotoşəkilə diqqət yetirin. Bu foto öz kədər yükü ilə böyük dramaturqumuz Cəfər Cabbarlının insanı riqqətə gətirən "Solğun çiçəklər"indən səhnəni xatırladır. Amma 1935-ci ildə Gəncədə çəkilən bu fotonun kədəri daha gerçək və ağırdır. Heyrətedici bir cəsarətlə fotoya alınmış, əks olunması ümumiyyətlə, müsəlman aləmində qadağalı olan yas mərasimi anı, heç şübhəsiz, Tanrının istəyi ilə, o illərin ağırlığını dərk etməyimiz üçün bir vasitə kimi günümüzə çatıb.

                                                 Sarı Ələkbərin bacısı Nərgiz xanım

Şəkildəki qadınların sifətlərindəki kədərə diqqətlə baxın. Burada yalnız yaxın bir adamın itkisindən doğan üzüntülər deyil, 28 aprel 1920-ci il "qasırğası"ndan bu yana öz yaşam tərzini, əsrlərlə qoruduğu ənənələri, milli heysiyyətini dəyişdirməyə zorla vadar edilməyə çalışılan azərbaycanlıların, xüsusən "proletariatın haqq işini" heç cür qəbul etmək istəməyən "inadkar" gəncəlilərin faciəsi əks olunub. Bu qadınlar heç ağlamırlar da. Sadəcə onların sifətində son 15 ilin ağırlığı iz salıb və adama elə gəlir ki, elə yaxınlarının ölümünü də onlar o Böyük Faciənin uzun zəncirinin hansısa bir həlqəsi kimi qəbul edirlər. Bu qadınlar ömürləri boyu elə bu dərin hüznlü, lakin qürurlu görkəmlərini saxlayacaqlar. Doğma, Böyük Mühafizəkar Gəncənin bir heykəli kimi. Axı onlar adı Gəncənin qeyrət simvolu kimi çəkilən Sarı Ələkbərin bacılarıdırlar.
Həmin fotoda Sarı Ələkbərin 5 bacısından dördü: Nərgiz (ön cərgədən soldan birinci), Kübra (üçüncü), Gilə (dördüncü; vəfat edən də Gilənin 23 yaşlı qızıdır, iki ildən sonra isə onun oğlu da eyni xəstəlikdən, vərəmdən dünyasını dəyişib və Gilə övladsız qalıb) və Sarabəyim (axırıncı, profildən) var. Beşinci bacı, Orta Asiyada sürgündə olan Zinyət ömrünü orada da başa vurub.

Sarı Ələkbərin bacısı Gilə xanım

Sarı Ələkbərin mühacirətindən sonra onun həyat yoldaşı Cəvahir xanımı və digər övladlarını (oğlu Qulu və qızı Brilyantı) Qazaxıstana sürgün edirlər. Bacıları isə bolşevik repressiya maşınına düşmək təhlükəsilə üzləşdiklərindən, ailələri ilə birgə Gəncəbasarın, əsasən dağ kəndlərində etibarlı adamların evlərində uzun müddət (sığınacaq yerlərini tez-tez dəyişməklə) gizlənməli olurlar. Lakin bu, sözün əsl mənasında can qorumaq üçün gizlənmə idimi? Əsla yox! Sarı Ələkbərin özü Gəncədə olmasa da, burada ara-sıra sanki onun dəst-xətti sezilən hadisələr baş verirdi. Bu hadisələrin müəllifləri Sarı Ələkbərin kişi kimi igid bacıları idilər.

Hələ 1905-ci ildən Sarı Ələkbərdən yanıqlı qalan və indi "bolşevikləşmiş" erməni quldurları onun yeganə qardaşı Məhəmmədrzanı bir satqının köməyi ilə ələ keçirərək, bolşeviklərə təhvil verirlər, onlar da Məmmədrzanı vəhşicəsinə qətlə yetirirlər. Bacılar nəyin bahasına olursa-olsun, qardaşlarının meyitini saxlandığı yerdən, yəni bolşeviklərin məskunlaşdığı kazarmaların ərazisindən çıxarmağı qərara alırlar. Məhəmmədrzanın qayınatası Hacı Kərimin köməkliyi ilə Nərgiz və Gilə (bu iki bacı cəsarətlərilə xüsusilə fərqləniblər) gecə ikən "qızıl" əsgərlərə xeyli qızıl verərək, şəhid qardaşın nəşini kazarmalardan çıxarmış, arabada, ot-ələfin altında gizlətməklə Səbizkar qəbiristanlığına gətirmiş, orada dini ayinlərlə dəfn etdirmişdilər (amma hər ehtimala qarşı dərin, "ikiqat" qəbir qazdırılmış, yəni üst qatı iz azdırmaq üçün olmaqla, meyit aşağı qata qoyulmuşdu). Bacılar bununla kifayətlənməyərək, Məhəmmədrzanın gizləndiyi yeri bolşeviklərə nişan vermiş satqını da müəyyənləşdirməyə müvəffəq olurlar. Böyük miqdarda pul müqabilində bacılara təhvil verilən satqını (o, azərbaycanlı olub) Nərgiz Kür sahilində öz əlləri ilə güllələyir.

Bir neçə ildən sonra Sarı Ələkbərdən də soraq gəlir. Göycədən Məmmədəli bəy adlı bir tacir (o, Türkiyənin sərhəd ərazilərinin əhalisi ilə alış-veriş edirmiş) Gəncədə olarkən, Sarı Ələkbərin bacılarına onun Qars şəhərində məskunlaşdığı, öz ailəsinin də Türkiyəyə göndərilməsini arzulağıdı haqda xəbərlər gətirir. Odur ki, Sarı Ələkbərin həyat yoldaşı və iki övladını gizlincə Qazaxıstandan Gəncəyə gətirmək qərarlaşdırılır. Onları etibarlı adamların köməyi ilə bir neçə aya Vətənə çatdırırlar. Bu müddətdə Məmmədəli bəy də dəfələrlə sınağa çəkilir. Nəhayət o, son dəfə Türkiyədən dönərkən özü ilə tutarlı əşyayi-dəlil, Sarı Ələkbərin kəmərini gətirdikdən sonra şübhə yeri qalmır. O, Sarı Ələkbərin ailəsini özü ilə Ermənistan-Türkiyə sərhəd məntəqəsindən birinə götürür. Tezliklə Sarı Ələkbər bura göndərdiyi adamları vasitəsilə ailəsini Türkiyəyə keçirdir. Məmmədəli bəy Gəncəyə növbəti səfəri zamanı Sarı Ələkbərin ailəsinə qovuşması haqda müjdə ilə bacıları sevindirmiş olur. Beləcə, Sarı Ələkbərin Gəncədə qalan bacıları, bəlkə də Gəncə üsyanının "son mərhələsini" yerinə yetirmiş kimi, bu kiçik "zəfər"in onlara bəxş etdiyi həyat enerjisinin gücü ilə Sovet rejiminin sonrakı mənəvi sıxıntılarına da mərdliklə sinə gərərək yaşadılar.

Nərgizin qızı Rubənin övladı, təqaüdçü müəllimə Sədaqət xanım xatirələrində söyləyir: "Bu işlərin əsas təşkilatçıları Nərgiz və Gilə olublar. Nənəm Nərgiz, kişi xasiyyətli, kişi qeyrətli qadın idi. Cavanlıqda at çapmaq, tüfəng atmaq onun üçün adi bir şey olub. Hər cümə günü bir qayda olaraq, piyada İmamzadəni ziyarət edirdi. Çox vaxt məni də özü ilə aparırdı. Çox tələbkar, zəhmli adam idi. 

Lap yaxın, yəni özünə övlad sayılacaq qohumlardan başqa, heç kimin maşınına, taksiyə, avtobusa, tramvaya ömründə minməyib. Deyərdi ki, bu necə ola bilər, Sarı Ələkbərin bacısının nəfəsi yad kişi nəfəsinə dəysin? O, 1975-ci ildə rəhmətə gedib. Sovet dövrünün ab-havasını heç bir vaxt qəbul etməmişdi".

Sədaqət xanımın övladı Elçin Süleymanov da igid bacıların bütün fikri-zikrinin Sarı Ələkbərin ailəsinin xilası olduğuna diqqət çəkir: "Gəncədə qalan bacılar Qazaxıstanda sürgün düşərgələrində qorxunc isitmə (sinqa) xəstəliyi yayıldığı xəbəri alırlar. Əzizlərinin salamat qalması üçün tədbir fikirləşirlər. Böyük miqdarda göy soğanın yaşıl hissələrini qurudub, kisələrə yığıb, müəyyən adamlar vasitəsilə bərəylə Xəzərin o tayına, Qazaxıstanın Aral gölü ətrafı sürgün qəsəbəsinə göndərirlər. Beləliklə, Gəncədə oturaraq, uzaq diyarda sürgündəki doğmalarının immunitetini yüksəldərək, onları xilas etmiş olurlar".    

Gəncə üsyanının qəhrəmanlarının xatirəsi istər Türkiyə, istər digər ölkələrdəki Azərbaycan mühacirəti tərəfindən daim əziz tutulub. Sarı Ələkbərin böyük bacısı Kübranın nəvəsi, təqaüdçü Füzuli müəllim hələ 1991-ci ildə, Azərbaycan müstəqilliyini təzəcə bərpa etdiyi aylarda Türkiyədə olub: "Mən orada adı Gəncə üsyanı ilə bağlı olan xadimlərin bir mücahid səviyyəsində anıldığının şahidi oldum. Sarı Ələkbərin özü və ailəsi Türkiyədə böyük nüfuz sahibi olmuşlar. Gəncədən gedəndən sonra Sarı Ələkbər Qarsda gübrə zavodu sahibi olmuşdur. O, 1938-ci ildə vəfat edib. Sarı Ələkbərin övladları İsmayıl, Brilyant və Qulu da öz savad və bacarıqları ilə yüksək məqamlara çatmışlar. İsmayıl və Brilyant ixtisasca həkim olmuşlar. İsmayıl orduda, Brilyant xanım isə Türkiyə Səhiyyə Nazirliyində yüksək vəzifələr tutmuşlar. Mən Ankarada yaşayan Brilyant xanımla Gəncəmiz barədə saatlarla çəkən söhbətimi ömrüm boyu unutmaram. Sarı Ələkbər və onun nəsli Türkiyədə Sarıyal familiyasını götürüblər. Sarıyal Türkiyənin tanınan soyadlarından birinə çevrilib. Brilyant xanımın oğlu İlhan Türkiyə parlamentinin üzvü olub. Mən Türkiyədə yaşayan azərbaycanlıların hamısının Sarı Ələkbərə bir Gəncə simvolu kimi baxdıqlarını hiss etdim".

Sarı Ələkbərin öz xalqına, öz Gəncəsinə münasibəti barədə onun bacısı Gilədən eşitdiklərini isə onu qohumlarından biri, mərhum Şahin Məmmədov danışmışdı: "Gilənin övladları və həyat yoldaşı Rəhim bəy erkən vəfat ediblər. O, atam, kimyaçı alim və pedaqoq Ələsgər müəllimi övladlığa götürüb. Rəhim bəy atamın əmisi, eləcə də Sarı Ələkbərin zövcəsi Cəvahir xanım atamın bibisi idi. Gilə Anadan Sarı Ələkbər haqqında çox eşitmişəm. Amma hələ Gəncə üsyanınadək olan dövrə aid bir epizod danışmaq istəyirəm və fikrimcə, bu, Sarı Ələkbərin əsas xüsusiyyəti olan Gəncə təəssübkeşliyini daha qabarıq əks etdirir. Bu, çar dövründə olub. Bir neçə naməlum quldurlar indiki Cavad xan küçəsindəki şəhərin ən zəngin ailələrindən olan Axundovların evinə (indi bu binada bank yerləşir - Z.M.) basqın etmiş, ailə üzvlərini öldürmüşdülər. Yalnız beş yaşlı oğlan uşağı çarpayının altında gizləndiyindən sağ qalmışdı. Sarı Ələkbər uzun axtarışlardan sonra basqının Yevlaxdan gələn 8 nəfərlik quldur dəstəsi tərəfindən törədildiyini dəqiqləşdirir. Öz silahlıları ilə Yevlaxa gedərək həmin 8 nəfərin hamısını bir-bir qətlə yetirirlər. Sarı Ələkbər bununla ədaləti bərpa etməklə yanaşı, həm də kimsənin başqa yerdən gəlib Gəncədə at oynada bilməməsini təsdiq etmiş olub".

Sarı Ələkbər Azərbaycanın yaxın tarixində öz izi olan şəxsiyyətlərdəndir. Həmçinin, zəngin tacir Sarı Ələkbər gəncəlilərin xatirində xeyriyyəçi, ehtiyacı olanlara yardımını əsirgəməyən bir adam kimi də qalıb. Amma ən başlıcası, onu milli ruhun, mənəviyyatın, ənənəçiliyin mühafizəkarı, "keşikçisi" adlandırsaq, yanılmarıq. Onun bacılarının da yuxarıda təsvir etdiyimiz şücaəti ilk növbədə bu keyfiyyətlərin itməməsindən qayğılanmaq hissindən doğmuşdu.
 

 





01.06.2022    çap et  çap et